Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində aparılan danışıqların yaxın tezlikdə müsbət nəticələr verəcəyinə dair məlum açıqlamalarından sonra əsas diqqət tərəflərin növbəti görüşünə yönəlib. Xatırladaq ki, nazirlərin növbəti görüşü yaxın tezlikdə ABŞ-da baş tutmalıdır. Verilən açıqlamalardan isə belə bəlli olur ki, məhz bu görüşdən sonra konfliktin dinc müstəvidə çözümü istiqamətində, nəhayət, əməli addımlar atıla bilər.
Bununla belə, Ermənistanın bundan əvvəl də fərqli davranışlar nümayiş etdirməsi fonunda Azərbaycan ehtiyat tədbirlərini də əldən vermir. Yəni danışıqlar yolu ilə istənilən nəticə əldə edilməyəcəyi təqdirdə, Azərbaycan ərazi bütövlüyünün güc yolu ilə bərpasına da hazırdır və bu xüsusda Ermənistana kifayət qədər aydın mesajlar verilib. Əslində, Ermənistanda da yaxşı dərk edirlər ki, Bakı artıq Qarabağ məsələsinin uzanmasına dözmək niyyətində deyil, ya sülh, ya da hərb yolu ilə istəyinə nail olacaq. Erməni ekspert Karen Vrtanesyan bu xüsusda bildirir: “Hərbi sahədə heç bir şey dəyişməyib, döyüş hazırlığı olduğu kimi qalmaqda davam edir”. Onun sözlərinə görə, bir balaca hərbi ritorikada səngimə vardısa, artıq bu, fevral ayından yenidən davam edir: “Qarabağda hərbi əməliyyatlar, müxtəlif səviyyələrdə çox ciddi ssenarilər oynanılır. Hərbi baxımdan Azərbaycan Qarabağı geri qaytarmaqla Ermənistana qarşı müharibəyə hazırlaşır və hazırlaşmaqda davam edir. Təbii ki, danışıqlarda nəticə olmasa, savaş qaçılmazdır”.
İşğal altında olan Qarabağdakı qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan da vəziyyətin ölkəsinin lehinə olmadığını vurğulayır. Onun sözlərinə görə, Azərbaycan cəbhə xəttində hərbi texnika baxımından kifayət qədər təchizatlıdır: “Cəbhə boyu yerləşən hərbi bazalar komplektləşdirilir”. Bütün bunlar bir daha təsdiqləyir ki, erməni tərəfi Azərbaycanın, ehtiyac yarancağı halda, hərbi güc vasitəsilə ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu yaxşı dərk edir. Məsələyə münasibət bildirən rus politoloq Stanislav Tarasov da vurğulayır ki, Bakı istəyinə güc yolu ilə çatmaq üçün bütün imkanlara malikdir. Amma onun sözlərinə görə, indilikdə danışıqlar yolu ilə məsələnin həlli Azərbaycanın marağındadır və Ermənistan da buna hazır olmalıdır. Ekspert qeyd edir ki, əslində, Nikol Paşinyan hakimiyyətini itirmək təhlükəsi hiss etməsə, işğal altındakı ərazilərin müəyyən bir qismini Azərbaycanın nəzarətinə qaytarmağa hazırdır. Tarasov qeyd edir ki, bu durumda Paşinyanın məhkəmə hüquq sistemində islahatlar aparılması və işğal altında olan Qarabağda xəyanətkarların olduğunu görməsi barədə çıxışı da təsadüf sayıla bilməz. Onun sözlərinə görə, Paşinyan işğal altında olan Qarabağda müharibəyə təşviq etmək və ərazilər qaytarmaq məqsədi olan xəyanətkarlar haqqında danışmaqla, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və Xankəndidə olan qondarma “rəhbərlik” arasında körpü yaratmağa çalışıb: “Bununla da, Paşinyanın fikrincə, onlar guya bəzi ərazilərin qaytarılmasına hazırdır və bu, rus layihəsidir”. Tarasov son zamanlar rus jurnalistlərlə görüşlərində Paşinyanın dediklərinə diqqət ayırmaqla, xüsusən qeyd edir: “Mən Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın regionda müharibənin qarşısını almaq üçün öz imkanlarından istifadə etməyəcəyinə inanmaq istəmirəm. Amma Paşinyanın sözlərindən belə çıxır ki, Azərbaycanın döyüşlərə başlamasına Rusiya icazə verib. Yəni söhbət daxili erməni məsələlərindən yox, İrəvanın Moskva ilə münasibətlərinin gərginləşdirilməsi istiqamətində oyun oynamasından gedir. Əslində, münasibətləri İrəvan özü gərginləşdirib və yaranmış durum Qarabağ münaqişəsinə də təsir göstərir. İndi Azərbaycanın daha əlverişli mövqedə olması özünü aydın göstərir, həm diplomatik, həm də hərbi sahədə. Bu vəziyyətdə İrəvanın Bakı ilə razılaşmaqdan başqa seçimi də yoxdur və əslində, Moskvanın real vəziyyətdə istəyi də budur”.
Eyni zamanda diqqət ona yönəldilir ki, Moskva həm də indiki Ermənistan hakimiyyətini cəzalandırmaq üçün belə bir mövqe sərgiləyir. Ermənistan hakimiyyətinin nümayəndə heyəti ilə birgə Nur-Sultan şəhərinə yola düşən erməni jurnalistlər də məhz bu fonda maraqlı açıqlamalar veriblər. Erməni jurnalistlərin sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyət orqanları Ermənistanın yeni hakimiyyətini gözardına vurmaqda davam edir: “Rusiya Federasiyasının hakimiyyət orqanları Ermənistanın yeni hakimiyyətini gözardına vurmaqda davam edirlər. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ali iqtisadi şurasının iclası başa çatıb. Nikol Paşinyan – Vladimir Putin ehtimal olunan ikitərəfli görüşü baş tutmayıb”. Putin-Paşinyan ehtimal olunan görüşünün iflasa uğraması erməni-rus münasibətlərində yüksək dozalı etimadsızlığın qalmaqda davam etdiyindən xəbər verir. Paşinyan rus tərəfinin xoşuna gəlmək üçün əlindən gələn hər şeyi etsə də, bütün səyləri nəticəsiz olub. Buna misal olaraq, Paşinyan öz prinsiplərinə zidd gedərək, KTMT-nin Baş katibi vəzifəsinə Belarus namizədi Stanislav Zası qəbul etdi və onun 2020-ci ildən təyinatını razılaşdırdı. Bir neçə ay öncə Paşinyan Ermənistan qanunlarını kobud pozaraq, Suriyaya hərbi birləşmə göndərdi. Suriyaya erməni hərbi birləşməsi hər hansı beynəlxalq müqavilə olmadan yalnız Rusiya tərəfi ilə şifahi əldə edilmiş razılaşma əsasında göndərilib. Erməni jurnalistlər bildirir ki, Paşinyanın hakimiyyəti dövründə erməni-rus münasibətləri “cavabsız sevgi”yə bənzəyir. Məhz bu vəziyyətdə Rusiyanın Qarabağ məsəəlsində də Ermənistanı yalnız buraxması təbii sayılır.
Vaşinqtonun Karnegi beynəlxalq sülh fondunun aparıcı elmi əməkdaşı Pol Stornski isə qeyd edir ki, Qarabağ məsələsində Vaşinqton da İrəvandan vaz keçib. O qeyd edir ki, münaqişənin həlli istiqamətində indi maraqlı tərəflərdən biri həm də ABŞ-dır. Yəni artıq bu məsələdə Rusiya və ABŞ-ın yanaşması üst-üstə düşür. Onun sözlərinə görə, son vaxtlar Ermənistan və ABŞ ekspert dairələrində İrəvanda siyasi vəziyyətin dəyişməsi, nəticədə qeydə alınan böhranlı vəziyyətdən sonra Paşinyanın verdiyi açıqlamalarla bağlı müzakirələr fəallaşıb. O qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistanın öz xarici siyasət mövqeyinin Rusiyadan Qərbə doğru dəyişəcəyini gözləmir və bu halda Bakı Vaşinqtonu özünə daha çox cəlb edir. Bu məsələyə toxunan erməni politoloq Suren Sarkisyan isə qeyd edib ki, Rusiya və ABŞ-ın Azərbaycanın yanında yer alması Ermənistanı çətin vəziyyətdə qoyur: “Münasibətlərin tipi və məzmununa gəldikdə, Birləşmiş Ştatlar Gürcüstan və Azərbaycanı strateji tərəfdaş ölkə hesab etdiyi halda, Ermənistanı strateji həmsöhbət hesab edir. Ermənistanın xarici siyasətindəki mövqeyi, KTMT və AİƏT kimi təşkilatlara üzvlüyü Rusiya ilə strateji münasibətləri elə bir nöqtəyə çatıb ki, rəsmi İrəvan Rusiya ilə aralarında olan strateji münasibət kimi bir səviyyəni Birləşmiş Ştatlarla yarada bilməz. Münasibətlər haqqında danışarkən özümüz-özümüzə sual verməliyik, doğrudanmı Ermənistanın Birləşmiş Ştatların strateji tərəfdaşı olmağa imkanı var? Yox. Amma baxın, Azərbaycan bu xüsusda Ermənistanı xeyli geridə qoya bilib. Ona görə də ABŞ-dan verilən açıqlamalarda Azərbaycan daha çox ön plana çıxır və bura Qarabağ münaqişəsi də aiddir”.
Məsələnin bu tərəfinə nəzər salan Stanislav Tarasov da vurğulayır ki, ABŞ tərəfi tanınmış elmi siyasi qurumların təkliflərini əsas götürərək, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Qarabağa isə ən yüksək muxtariyyət statusunun verilməsini nəzərdə tutan variant təklif edir: “Eyni zamanda bu həll variantı xarici donorların cəlb edilməsi ilə bölgənin iqtisadi və kommunikasiya sahəsində ən geniş inteqrasiyasını nəzərdə tutur. Bunun sayəsində növbəti ziddiyyətlərin sıfır dərəcəsində olacağı ehtimal edilir. Bu, Azərbaycan üçün qəbulolunandır”. Məhz bütün bunlar əsasında ekspertlər hesab edir ki, Ermənistan artıq danışıqlar masasında Azərbaycanın Qarabağ şərtləri ilə razılaşmağa məcburdur. Çünki Rusiya və ABŞ da qeyd olunan istiqamətdə İrəvana təzyiqlər göstərir. Üstəgəl, Azərbaycan ordusunu da hazır vəziyyətdə saxlayır və danışıqlarda istənilən nəticə əldə olunmayağı halda güc variantından istifadəyə tam hazırdır. Güc variantının nə ilə nəticələnəcəyi, əslində ermənilərin özünə də yaxşı məlumdur. Məhz bu səbəbdən erməni cəmiyyətində getdikcə belə bir fikir hakim olur ki, məsələnin sülh yolu ilə həlli Ermənistan üçün daha məqbuldur. Bunu erməni əsilli ukraynalı tədqiqatçı Filip Ekozyantsın özünün “Youtube“ kanalında keçirdiyi sorğu və onun nəticələri də təsdiq edir. Sorğuda tədqiqatçı izləyicilərindən 3 suala cavab istəyib:
1. Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidirmi? Söhbət Dağlıq Qarabağ və Kosovodan gedir. 2. Bu ərazilər üzərində nəzarəti qaytardıqdan sonra Dağlıq Qarabağ və Kosovoya muxtariyyət verilməlidir? 3. Ərazilərin qaytarılmasından sonra Azərbaycan və Serbiya əhaliyə (ermənilər və kosovolular) öz ana dilindən ikinci dövlət dili kimi istifadə etmək imkanı verməlidir?
Ekozyantsın sözlərinə görə, insanların əksəriyyəti bu suallara müsbət cavab verib: Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməli, Qarabağ və Kosovoya muxtariyyət verilməli, erməni və alban dillərindən istifadəyə icazə verilməlidir: “Çoxları Azərbaycanla bağlı suala cavab verərkən bildirib ki, SSRİ vaxtında hər şey məhz bu cür olub – ermənilər öz dillərində təhsil alıb. Heç kim onlara bunu qadağan etməyib”. Ekozyants izləyicilərinə ünvanlandığı sualları özü də cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidir. Çünki hər iki dövlətin buna hüququ çatır: “Bundan sonra Azərbaycan və Serbiya Qarabağa və Kosovoya muxtariyyət verməlidir. Bu düzgün olardı. Cəmiyyətlərin, məsələn, ermənilərin getdikcə daha çoxu məsələnin bu qaydada həllinə tərəfdardır”. Beləliklə, bütün bunlar maraqlı nəticələri üzə çıxarır. Söhbət ondan gedir ki, dünya gücləri artıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atılmasını istəyir. Azərbaycan isə bu fonda bəyan edir ki, real nəticələr olmasa, güc variantının tətbiqi qaçılmaz olacaq. Erməni cəmiyyətində də belə bir fikir hakimdir ki, Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək vacibdir. Düzdür, müəyyən qüvvələr siyasi məqsədləri üçün buna qarşı çıxsalar da, sadə ermənilərin böyük əksəriyyəti indi tamam fərqli mövqedədir. Məhz bütün bu faktorların cəmi yaxın tezlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən yeniliklərin olacağını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.