Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Kazan psinsipləri əsasında aparılır. Məlum olduğu kimi, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, Ermənistan yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı 7 rayonu da nəzarətə götürüb: “Bu rayonlarda etnik təmizləmə həyata keçirilib, əhali oradan köçürülüb. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb, danışıqların aparılması üçün müəyyən addımlar atılıb, Rusiyanın təşəbbüsü ilə Kazan prinsipləri qəbul edilib. Özündə kompromis prinsipləri nəzərdə tutan Kazan prinsipinə görə, Ermənistan Azərbaycana işğal olunmuş 7 ətraf rayonunu geri qaytarır. Azərbaycan Ermənistan və Dağlıq Qarabağ ətrafından iqtisadi blokadanı aradan qaldırır, daha sonra Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verir, oradan hərbçilər çıxarılır. Hazırda Kazan psinsipləri ətrafında danışıqlar aparılır”.
Faktiki olaraq, Markov bununla təsdiq etdi ki, danışıqlar Kazan prinsipləri əsasında aparılır.
Ancaq Ermənistan tərəfi pozuculuq əməllərini davam etdirir. Çünki Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun "Ermənistanın yeni rəhbərliyinə məsələnin öyrənilməsi üçün vaxt verilmişdi və hazırda o vaxt bitib" fikirlərinə münasibət bildirən Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan qeyd edib ki, bu cür ritorika "danışıq ritorikası" deyil və danışıq aparan tərəfə yaraşmır.
Qeyd edək ki, mayın 27-i nazir E.Məmmədyarov yazılı formada Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanda Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncəli olacağına dair müəyyən ümidlər bəslənir: “Öz tərəfimizdən Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olması üçün müəyyən müvəqqəti fasilə verdik. Bu keçid dövrü artıq bitib, danışıqlar həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində bərpa olunub. Belə ki, bu il ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq öz erməni həmkarımla iki dəfə - yanvarda Parisdə, apreldə isə Moskvada görüşdüm. Son görüş üçtərəfli formatda – Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutdu. Dialoq mövcud gündəlik üzrə mövcud formatda aparılır ki, bu da müəyyən optimizm yaradır”.
Bütün bunlar onu göstərir ki, danışıqlar Kazan prinsiplərinə əsasən aparılır. Ermənistana danışıqların məğzi ilə tanış olmaqla bağlı verilən vaxt bitib. Ermənistan isə prosesləri uzatmaq istəyir. Hər halda, görünən odur ki, Rusiya danışıqların Kazan prinsipləri əsasında aparıldığını təsdiqlədi. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Aydın Mirzəzadə: “Ermənistan vaxtaşırı danışıqlarla bağlı qeyri-konstruktivliyini ortaya qoyur”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan vaxtaşırı olaraq danışıqları pozmaq yolunu tutur: “Hansı prinsiplərin olmağından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü məsələsi prinsipial məsələ kimi ortada var. Yəni Azərbaycan heç bir halda ərazi bütövlüyü məsələsini güzəştə getməyəcək. Danışıqların Kazan, yoxsa digər prinsiplər üzrə getməsi Azərbaycan üçün əhəmiyyətli deyil. Azərbaycan üçün əsas məsələ Ermənistanın öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmasıdır. Ermənistan vaxtaşırı danışıqlarla bağlı qeyri-konstruktivliyini ortaya qoyur. Görürsən ki, əvvəlki danışıqlarda kiçik də olsa əldə olunan nəticələrdən imtina edirlər. Yaxud da görürsən ki, danışıqları yenidən başlamağa çalışırlar. Ermənistan əsasən belə pozucu fəaliyyətlə məşğul olub. Ancaq ortada olan reallıq ondan ibarətdir ki, Azərbaycan istənilən halda problemin mütləq həll edilməsini tələb edir. Vaxt keçdikcə, proseslər Ermənistanın əleyhinə işləyir. Bütün bunların nəticəsidir ki, Serj Sarkisyan hakimiyyətdən getdi, ötən bir il ərzində Paşinyanın reytinqi 20 faiz aşağı düşüb. Bir sözlə, Ermənistanın bir dövlət kimi mövcudluğu bu gün onun Dağlıq Qarabağ məsələsinə münasibətindən asılıdır”.
Vidadi ORDAHALLI