Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Nursultanda Avrasiya İqtisadi Birliyi sazişinin 5-ci ildönümünə həsr olunmuş Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasında iştirak edib. Rotasiya qaydasına uyğun olaraq, iclasa Paşinyan sədrlik edib.
Toplantıda müzakirə olunan məsələlərdən də görünür ki, Paşinyanın sədrliyi ilə keçən iclas qeyri-ciddi mahiyyət daşıyıb. Ora toplaşan dövlət başçıları real işlərdən yox, bir-birilə zarafat edərək, keçmiş xatirələrindən danışıblar. Arada bir də Paşinyana atmacalar atıblar.
Hətta qeyri-ciddi məsələlər ətrafında keçən müzakirədə belə, Paşinyan Avrasiya İttifaqının indiki dönəmə qədər olan fəaliyyətini tənqid edib, qurumu, faktiki olaraq, fəaliyyətsizlikdə ittiham edib. Baş nazir Paşinyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyinin rəqəmsal gündəminin yaradılması və həyata keçirilmə prosesini dəstəkləyir. O, ümumi enerji bazarımın yaradılmasının əhəmiyyətini vuğulayıb. Bunun üzv ölkələrə elektrik istehsalçıları və istehlakçılarının iqtisadi maraqlarına əsasən, bərabərlik, qarşılıqlı fayda, ədalətli rəqabət prinsipləri əsasında əməkdaşlığı inkişaf etdirməyə kömək edəcəyini deyib.
Çox maraqlıdır ki, bir vaxtlar Ermənistanın Rusiyanın himayəsi altında qurulan birlik və ittifaqlardan çıxması barədə təşəbbüs və qanun layihələrinin müəllifi olan N.Paşinyan indi tamam fərqli bir ampluadan çıxış edir. Vaxtilə o, bu qurumların Ermənistana yaxşı heç nə vəd etmədiyini, yalnız iqtisadi və siyasi problemlərə səbəb olacağını iddia edirdi. "Məxməri inqilab”dan sonra isə tamamilə fərqli bəyanat və açıqlamalar verməyə məcbur edilib. Söhbət Avrasiya İqtisadi İttifaqından gedir. İndi isə Baş nazir erməni xislətinə uyğun olaraq, tamam başqa bir mövqedən çıxış edir. İsrarla bildirir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından mənfəətlər əldə edə, tərəfdaşlıq münasibətlərini genişləndirə bilər. Ola bilərmi ki, Paşinyanın qeyri-səmimi xarakterli bu səyləri KTMT kimi Avrasiya İttifaqını da gözdən salmağa hesablanıb?
Yeganə Hacıyeva: “Paşinyan buna zərrə qədər də nail ola bilməyəcək”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qazaxıstan paytaxtında Aİİ-nin yubiley tədbirinə qatılan Paşinyan yenə də Ermənistan və Aİİ arasında əməkdaşlığın perspektivindən bəhs edib: “Lakin məsələ ondadır ki, quruma daxil olan ölkələr də onun səmimiyyətinə inanmırlar. Görünür, elə bu səbəbdən də Aİİ ideyasının müəllifi Nursultan Nazarbayev N.Paşinyanı yubiley medalı ilə təltif etmək istəməyib. N.Nazarbayev Qazaxıstan paytaxtına gəlmiş qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər verib. Qeyd olunur ki, N.Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Bütün bunlar Paşinyana etibarın və güvənin olmadığını göstərir. Bunu açıq hiss edən Paşinyan təbii ki, bütün gücü ilə çalışır ki, Aİİ-ni də KTMT kimi nüfuzdan salmaq istiqamətində işlər görsün. Yadınızdadırsa, onun hakimiyyətə gələn kimi ilk addımı məhz KTMT ilə bağlı oldu. Oranın Ermənistandan olan baş katibini zindana saldı. Həmin vaxt qurumda təmsil olunan ölkələrin başçıları demişdilər ki, Paşinyan bu addımı onlarla məsləhətləşmədən atıb. Paşinyanın sədrlik etdiyi toplantı doğrudan da qeyri-ciddi xarakterli idi. Sanki onu ələ salırdılar. Putin bir dəfə onun atasının adını səhv tələffüz etdi. Sonra ondan əvvəlki dövlət başçısı Sarkisyanın fəaliyyətindən Paşinyanın fəaliyyəti kimi danışdı. Bunları görən Paşinyan yerində olmayan dövlət başçısı kompleksini yaşayır. Buna görə də Paşinyan sanki bu qurumları saya salmır kimi bir yanaşma ortaya qoymağa çalışır. Guya onların fəaliyyətində nöqsanın olduğunu qabardır. Əsas məqsədi isə Avrasiya İttifaqına da KTMT-yə bəslədiyi münasibəti ortaya qoymaqdır. Ancaq hesab edirəm ki, Paşinyan buna zərrə qədər də nail ola bilməyəcək. Çünki belə şəxsi keyfiyyətlərlə o, KTMT-də üzləşdiyi məğlubiyyətlə Aİİ-də də üzləşmək kimi taleyə sahib olacaq”.
Məhəmmədəli QƏRİBLİ