İranla yaxın strateji tərəfdaş olduğunu xüsusi bəlağətlə vurğulayan Ermənistan indi də rəsmi Tehrana üz çevirərək, açıq şəkildə ABŞ-ın həmin ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara dəstək ifadə edib. Bu barədə məlumatı erməni KİV-i yayıb.
Bildirilir ki, Ermənistandakı bəzi banklar öz müştərilərinə İranla bağlı olan yükdaşımalara pul keçirməyi dayandırmağı tövsiyə ediblər. Banklar bunu onunla izah ediblər ki, həmin əməliyyatlar hər an dondurulma təhlükəsi altındadır. Erməni ekspertlər bildirirlər ki, onlar vaxtilə belə təhlükənin real olduğu ilə bağlı proqnozlar versələr də, hakimiyyət bundan yayınırdı. Ermənistandakı iqtisadçılar bu fikirdədirlər ki, Ermənistanın bank sistemi ABŞ-la sıx bağlıdır. Buna görə də hər an təhlükənin ola biləcəyi realdır. Bununla yanaşı, hesab edilir ki, İranla əlaqələri tam kəsmək də blokadada olan ölkənin durumuna mənfi təsir göstərə bilər. Belə bir təklif də səslənir ki, çıxış yolu kimi Ermənistanla İran arasında azad-iqtisadi zona olan Mehridə İran-Ermənistan adlı müştərək bank açılsın və iki ölkənin ticari əməliyyatları həmin bank vasitəsilə həyata keçirilsin. Müstəqil ekspertlər isə açıq şəkildə bəyan edirlər ki, İrəvan artıq anti-İran bank sanksiyalarına qoşulmuş olub. Belə vəziyyət iki ölkənin gələcək münasibətləri üçün nə vəd edir?
Mübariz Əhmədoğlu: “Onlar İrana qarşı ABŞ-ın tələblərini, ideyalarını yayırlar”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, Ermənistanın İrana qarşı etdiyi pisliyi hansısa başqa dövlət etməyib: “Onların bank sektoru uzun müddətdir ABŞ-ın diqtəsi ilə işləyir. Sadəcə, indiki məqamda tam olaraq bunun möhürünü vurmuş oldular. Əhmədinecatın dövründə Mehridə su elektrik stansiyası tikildi. Təxminən 300 milyonluq layihə idi. İran həmin pulu Ermənistana verdi, amma Ermənistan bankları həmin pulu qəbul etməkdən imtina etdilər. Onda da sanksiya məsələsi gündəmə gətirildi. Sadəcə, Ermənistanın daxilində olan bir qrup hakimiyyət nümayəndəsi bunlara baxmayaraq, İranla münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Bəli, artıq banklar yalnız özləri ilə bağlı məsələyə münasibət bildirməyiblər. Eyni zamanda əhaliyə çağırış ediblər ki, İran üzərindən heç bir əməliyyat aparmasınlar. Bu, faktiki olaraq, ABŞ-ın bölgədə casusu rolunda çıxış etmək anlamına gəlir. Onlar İrana qarşı ABŞ-ın tələblərini, ideyalarını yayırlar. Ermənistan İrana qarşı etdiklərinin 50 faizini Rusiyaya qarşı etsəydi, onu darmadağın edərdilər. Amma görürsünüz ki, İran onlarla çox mülayim davranır.
ABŞ-Ermənistan münasibətləri hazırda ən minimum həddədir. Çünki Paşinyanı Amerika hakimiyyətə gətirsə də, o, Rusiyanın maraqlarına işləyir. Amma N.Paşinyan, görünür, ABŞ-ın maraqlarına gizli işləməyə etibarlı təminatlar verdiyi üçün, artıq ABŞ N.Paşinyana inanır və ona görə də maliyyə vəsaiti ayırmağa başladı.
ABŞ üçün Ermənistanın yerləşdiyi coğrafiyada ən aktual mövzu İran məsələsidir. C.Bolton gəldi, müəyyən söhbətləri apardı. Ermənistan tərəfi təkzib etsə də, sonradan bəlli olur ki, ABŞ-ın əlində Ermənistanın anti-İran olmasına əsaslar var və ona görə ABŞ bundan istifadə edir.
N.Paşinyanın İrandan qayıdan kimi İsrailə 2 nümayəndə heyəti göndərməsi göstərir ki, Ermənistan özü İranın daxilində ABŞ-ın maraqlarına cavab verən iş aparmaqda həvəslə maraqlıdır. İsrail ABŞ-dan aldığı məlumatlar əsasında Ermənistanı İrana qarşı layihələrə cəlb edəcəyinə çox inanır. Yeri gəlmişkən, Aİ-nin son tədbirində də Ermənistana verilən dəstəyin arxasında ola bilər ABŞ-dan gələn siqnal dayansın. ABŞ Aİ-yə Ermənistanın anti-İran layihələrdə iştirak etməsi ilə təsir edə bilər.
ABŞ-ın Ermənistanda qurduğu casus şəbəkə və Ermənistan vasitəsilə ABŞ-la əlaqə qurmaq yolunda olmuş rəsmilərin fəaliyyəti İran üçün ciddi nəticələr yarada bilər”.
Məhəmmədəli QƏRİBLİ