Bu günə kimi bir sıra nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlər keçirən Azərbaycan UEFA Avropa Liqasının final qarşılaşmasına da uğurla evsahibliyi eməklə tarixə yeni bir imza atmağa nail oldu. Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununda qalib “Çelsi” komandası oldu.
Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışının uğurla başa çatması olduqca müsbət bir haldır və bu təbii qəbul edilməlidir. Final oyununu izləmək üçün müxtəlif xarici ölkələrdən paytaxtımıza saysız azarkeş gəldi.
UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil edilməsinə, qonaqların xüsusi qonaqpərvərliklə qarşılanmasına, yerləşdirilməsinə, başlıcası isə oyunun təhlükəsizlik şəraitində keçirilməsinə Azərbaycan nəyin hesabına nail ola bildi?
Ekspertlər bildirirlər ki, UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Mütəxəssislər bildirirlər ki, Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, “Formula-1” yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə evsahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ekspertlərin sözlərinə görə, bu gün ən mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq yarışlara evsahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi təsadüfi deyil.
Azər Həsrət: “... biz bu cür tədbirlərin təşkil edilməsinin öhdəsindən yüksək səviyyədə gələ bilirik”
Əməkdar jurnalist, tanınmış ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmiz bütün bu məsələlərə uzun illərdən bəri qazandığı təcrübə sayəsində nail ola bildi. “UEFA Avropa Liqasının final matçının Azərbaycan tərəfindən belə yüksək səviyyədə təşkil edilməsi həqiqətən də ölkəmizin Avropaya, dünyaya çox ciddi şəkildə inteqarsiya etdiyini göstərdi. Biz istər oyun ərəfəsində, istərsə də final qarşıdurmanın baş verdiyi gün hər tərəfdə müşahidə etdik ki, doğrudan da qonaqlara qayğı, diqqət göstərildi, ümumiyyətlə, onların ortaya çıxacaq problemlərinin əvvəlcədən həll edilməsi istiqamətində böyük addımlar atıldı. Yəni final matçını izləməyə gələnlərin heç biri əsaslı şikayət ortaya qoya bilmədi. Halbuki, biz prosesi izləyərkən müşahidə edirdik ki, bir sıra Qərb mediasının təmsilçiləri, eləcə də blogerlər, ayrı-ayrı sosial media fəalları məqsədli şəkildə “Azərbaycan dəhşətli bir yerdir, orada təhlükəsizlik problemi var” - deyə ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırdılar. Ancaq sonra şəxsən mən özüm sosial media üzərindən izlədiyim hesablarda gördüm ki, adamlar bura gəldikdən, buradakı vəziyyəti yaxından müşahidə etdikdən sonra öz fikirlərini müsbət mənada dəyişdilər. Bu onunla bağlı idi ki, onlar Azərbaycana heç bir vaxt gəlməmişdilər, onlar, sadəcə, təbliğat qurbanı idilər, bu insanlar ölkəmizə gəldikdən sonra isə buradakı mənzərəni görüb fikirlərini dəyişdilər. Əlbəttə, bu ondan xəbər verir ki, Azərbaycan doğrudan da bu cür tədbirlərin keçirilməsində çox irəliyə gedib. Təcrübə də az deyil. Yəni “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsi, eyni zamanda, I Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” yarışlarının çox yüksək səviyyədə təşkil edilməsi və s. Azərbaycana əlavə təcrübə qazandırıb. Sözsüz ki, bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün dövlətin, Prezidentin ortaya qoyduğu iradə var. Təhlükəsizliyə gəlincə, bu, Azərbaycan ictimai rəyi üçün heç müzakirə mövzusu da deyil. Çünki bilirsiniz ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında öndə gedir. Yəni istənilən qonağımız ölkəmizə gələnə qədər başqa fikirdə olur, gəlib buranı gördükdən sonra isə ölkəmizə münasibəti kökündən dəyişir ki, Azərbaycan həqiqətən də çox təhlükəsiz, güvənli bir ölkədir”.
A.Həsrət qeyd etdi ki, matçı izləməyə gələn heç bir qonağımız bizdən narazı qalmayıb. Komandaların xaricdən gələn azarkeşlərinin heç biri ilə bağlı hər hansı bir problemin ortaya çıxmadığını deyən A.Həsrətin sözlərinə görə, bəzi şəxslər məqsədli şəkildə müəyyən təxribatlar törətməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. “Bəziləri Azərbaycanla bağlı mənfi rəy yaratmağa cəhd etdilər. O adamları da biz deşifrə etdik. Hətta biri guya internet üzərindən oteldə otaq sifariş verib, sonra bura gələrək başqa mənzərə ilə qarşılaşdığı iddiası ilə şəkil paylaşmışdı. Şəxsən mən həmin adamla “Tvitter” üzərindən əlaqə yaratdım və ondan xahiş etdim ki, həmin otelin adını və ünvanını yazsın, amma o yazmadı. O mənim davamlı israrımdan sonra bizi acıqlandırmaq məqsədilə səhifəsinə Ermənistan bayrağının rəsmini qoydu və biz bildik ki, o, hansı “bulaqdan su içir”. Yəni belələri oldu. Ancaq ümumi rəy, fikir olduqca yüksək səviyyədə oldu. Xüsusən də final qarşıdurmasının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı UEFA rəsmilərinin fikirləri birmənalı olaraq müsbətdir. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin oyuna qədər də, oyundan sonra da qarşılanma ilə, təhlükəsizliklə bağlı açıqlaması oldu. Yəni heç kəs heç nədən narazı qalmadı. Azərbaycan həqiqətən də bu gün dünyaya standart ixrac etməkdədir və model ölkə olaraq biz bu cür tədbirlərin təşkil edilməsinin öhdəsindən yüksək səviyyədə gələ bilirik. Əlbəttə, bu durum da bizim bədxahlarımızı çox ciddi narahat edir. Bizim uğurlarımız xüsusən ermənilərin və ermənilərə könlünü satmış “sapı özümüzdən olan baltaların” rahatlığını pozur. O adamlar ki, Azərbaycanın bu qədər uğurlarını görür, amma həzm edə bilmirlər, anti-Azərbaycan təbliğatı aparırlar” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA