Məlum olduğu kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşması keçirilib. Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu. “Çelsi” və “Arsenal” arasında keçirilən qarşılaşmanı 51 min 370 tamaşaçı canlı olaraq izləyib.
Qeyd edək ki, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar 2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Bu qərar ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumlarının verdiyi yüksək qiymətin göstəricisidir.
Düzdür, bu, Bakıda keçirilən ilk belə möhtəşəm yarış deyil. Artıq Azərbaycanın yeritdiyi uğurlu idman siyasətinin nəticəsidir ki, idmançılarımız beynəlxalq turnir və yarışlarda uğur qazanmaqla yanaşı, ölkəmiz möhtəşəm idman yarışlarına da evsahibliyi edir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, UEFA U–17 Avropa Çempionatı – 2016 və digər bu kimi oyunlar son illərdə Bakının uğurla evsahibliyi etdiyi və azarkeşlərin hələ də xoş təəssüratlarla xatırladığı yarışlardır.
O da məlumdur ki, Bakıda keçirilən Avroliqa ilə bağlı xaricdəki bəzi mətbuat orqanları, müəyyən təşkilatlar Azərbaycanın ünvanına olmazın böhtanlar səsləndirdilər. Hər vasitə ilə final oyununa kölgə salmağa, xaricdən gələn azarkeşləri yarışa gəlməkdən daşındırmağa çalışdılar. Guya oların təhlükəsizliyi ilə bağlı risqlər olacaq və s. Ancaq, göründüyü kimi, bunların heç biri özünü doğrultmadı. Oyun bütün tələblərə uyğun olaraq yüksək səviyyədə keçirildi. Oyun barədə səslənən qərəzli xarakterli proqnozların heç biri reallaşmadı. Bakıda keçirilən final sübut etdi ki, oyunla bağlı Azərbaycanla bağlı qarayaxmaların, bəzi xəbərdarlıqların əsası yox imiş. O baxımdan başda Böyük Britaniya Xarici İşlər Nazirliyi olmaqla, Azərbaycanı qaralayanlar buna görə üzr istəməlidirlər.
Maraqlıdır, ekspertlər buna necə yanaşırlar?
Vüqar Rəhimzadə: “Yanlış yolda olduqlarını açıq şəkildə ifadə etməlidirlər”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, oyunlardan qabaq ölkəmizi qaralayanlar bütün bunlara görə mənəvi baxımdan Azərbaycandan üzr istəməyə borcludurlar: “Çünki onların səsləndirdiyi qarayaxmaların heç biri özünü doğrultmadı. Bədxah qüvvələr onsuz da öz bəd əməllərini görürlər. Reallıq ondan ibarətdir ki, Azərbaycan çox sanballı bir oyuna evsahibliyi etdi. Ən böyük qazanan tərəf Azərbaycan oldu. Nə mənada? O mənada ki, oyunu canlı izləmək üçün minlərlə turist ölkəyə gəldi. Onlar gəlib gördülər ki, Azərbaycan necə sürətlə inkişaf edir. Hesab edirəm bu bizim üçün çox böyük uğurdur. Başqa bir tərəfdən, sözügedən final oyunu dünyada çoxsaylı telekanal tərəfindən yayımlandı. Təxminən 200-ə yaxın ölkədə bunun yayımlanması Azərbaycan haqqında təsəvvürün yaranmasında kifayət qədər mühüm rol oynadı. Final oyunundan əvvəl səslənən əsassız tənqidlərin, qarayaxmaların heç biri özünü doğrultmadı. Xüsusən də Böyük Britaniya XİN-in oyundan əvvəl verdiyi açıqlama təəssüf və təəccüb doğuran hadisə idi. Bu bir daha onların nə qədər yanlış rəy verdiklərini sübut etdi. Keçirilən yüksək səviyyəli oyun onların bütün fikirlərini puç etdi. Bir sözlə, oyunlara qara prizmadan yanaşanlar yanıldıqlarını etiraf etməli və buna görə üzr istəməlidirlər. Yanlış yolda olduqlarını açıq şəkildə ifadə etməlidirlər”.
Vidadi ORDAHALLI