Ermənistanla qondarma “DQR”in münasibətlərinin gərgin olduğu barədə məlumat vermişdik. Tərəflər arasındakı ziddiyyətlərin Paşinyan hakimiyyətə gələndən sonra baş qaldırdığı məlum idi. Çünki Paşinyan etdiyi inqilabla əslən Qarabağdan olan bir klanın uzun sürən hakimiyyətinə son qoymağı bacardı.
Sonra onun təkidli tələbləri ilə “Qarabağ klanı”nın liderlərindən olan eks-prezident Köçəryan həbs edildi. Ancaq Baş nazir onu uzun müddət həbsdə saxlamağa müvəffəq ola bilmədi. Maraqlıdır ki, Köçəryanı İrəvanda həbsdən buraxdıran qondarma “DQR”in indiki və sabiq rəhbərləri oldu. Bundan sonra tərəflər arasındakı ziddiyyət daha açıq müstəviyə keçdi. Hətta vəziyyət o həddə çatdı ki, Paşinyan bir vaxtlar fəxrlə Qarabağa hərbi xidmətə əsgər göndərdiyi oğlu Aşotu öz gözünün qabağına aparmalı oldu. Qondarma qurumla Ermənistan arasındakı ziddiyyəti açıq sübut edən daha bir fakta diqqət edək. Bir vaxtlar Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın qeyd etdiyi son “Respublika günü” ilə bağlı tədbirlərə separatçı erməni rejiminin nümayəndələri qatılmayıblar.
Bu haqda erməni KİV-i məlumat yayıb. Məlumatda son 27 ildə belə halın birinci dəfə baş verdiyi qeyd edilib. Ermənistan müxbirinin bu haqda sualına cavab olaraq separatçı rejim “başçısının” “mətbuat katibi” sayılan David Babayan Bako Saakyanın İrəvana yollanmamasını Minsk Qrupu həmsədrlərinin mayın 28-də Xankəndinə gəlişi ilə izah edib. Qondarma rejimin digər məmurlarının “Respublika günü”nə qatılmaması haqda isə mətbuat katibi danışmayıb.
Bu arada artıq yeni partiya yaratdığını bəyan etmiş eks-prezident Robert Köçəryanın İrəvandakı otellərdən birində öz tərəfdarlarıyla bir araya gəlməsi də bildirilib.
Separatçı rejim rəhbərliyinin Ermənistanda qatıldığı ənənəvi bayram tədbirində iştirakdan məsafə saxlamasını necə şərh etmək olar?
Qabil Hüseynli: “Ermənistandakı hazırkı şərait ordumuzun Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad etməsi üçün əlverişli fürsət yaradıb”
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Ermənistandakı daxili vəziyyət çox gərgindir: “Həmin ölkənin rəhbərliyi bunu son dərəcə gizlətməyə çalışsa da, mümkün olmur. Artıq ziddiyyətlər pərdəarxası deyil, açıq kartlarla aparılan oyunlarda özünü göstərir. Köçəryanın həbsdən azad edilməsi və Paşinyanın onu geri qaytarmağa gücünün yetməməsi göstərir ki, köhnə klan hardansa güc alır və hətta Baş naziri devirməyi belə düşünür. Belə bir planın olduğunu Ermənistan KİV-i yazdı və rəsmi şəxslər də buna reaksiya verərək, məlumatın doğruluğunu təsdiqlədilər. Bildirildi ki, əslən Qarabağdan olan erməni general və iş adamları hətta belə bir sədaqət andı da içiblər. Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olmasına güvənməməsi artıq münasibətlərin düşmənçilik səviyyəsində olduğunu göstərir. Ermənistanın yeni hakimiyyəti əksinqilabı beşiyində boğmaq istiqamətində hərəkətə keçib. Dağlıq Qarabağdakı qondarma rejimə müxalif olan qüvvələrə açıq dəstək verir, onları bir yerə toplayın siyasi alyans yaradıb. Dediyiniz məsələ isə qarşıdurmanın pik həddə çatdığını şərtləndirir. Bəli, Ermənistan mətbuatı açıq yazır ki, belə bir hal müstəqillik elan olunandan sonra ilk dəfədir baş verir. B.Saakyan iştirak edə bilmirdisə, qondarma qurumun “rəhbərlərindən” birini göndərə bilərdi. Bunu da etməyibsə, ya dəvət gəlməyib, ya da Moskva, birmənalı olaraq, orada iştiraka icazə verməyib. Bu nəticəyə gəlinir ki, Rusiya bu cür vasitələrlə oradakı vəziyyətı qarışdırıb, Paşinyanı tez yola salmaqda maraqlıdır”.
Politoloqun sözlərinə görə, Ermənistandakı hazırkı şərait ordumuzun Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad etməsi üçün əlverişli fürsət yaradıb: “2016-cı ilin aprel döyüşlərindən sonra bu fürsət azı 3-cü dəfə yaranıb. Birinci dəfə Ermənistanda ara qarışanda, Paşinyan küçə yürüşlərinə başlayanda, ikincisi, Ermənistanda seçkilər başlayanda, üçüncüsü də indi. Sadaladığım dövrlərdə öz torpaqlarımızda antiterror əməliyyatları aparıb ərazi bütövlüyümüzü bərpa etmək üçün münasib şərait yaranmışdı. Bu, BMT-nin nizamnaməsi ilə bizə verilən təbii haqqımızdır. Ermənilər də vaxtilə Azərbaycandakı qarışıqlıqdan, başıpozuqluqdan istifadə edərək Dağlıq Qarabağ və onun hüdudlarından kənardakı 7 rayonu rusların köməyilə ələ keçirmişdilər. İndi biz də yaranmış fürsətdən istifadə edərək öz torpağımızı geri qaytara bilərik.
Hələ ki, məsələlər bəlli bir səviyyədə cərəyan edir. Amma ortada formalaşmış bir düşmənçilik, qarşıdurma ideologiyası var. Belə ideologiyalardan, bir qayda olaraq, toqquşma, qarşıdurma törəyir.
Paşinyanın hakimiyyətdən getməsi hələlik yetişmiş proses deyil, amma dediyimiz hadisələr gərginləşərsə, ox yaydan çıxarsa, hər şey ola bilər. Paşinyanın reytinqinin azaldığını, onun əvvəlki Paşinyan olmadığını əminliklə söyləmək mümkündür”.
Məhəmmədəli QƏRİBLİ