Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın tezlikdə mühüm dəyişikliklərin olması gözlənir. Hər halda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Nezavisimaya qazeta”da dərc olunan məqaləsində səslənən fikirlərdən bu qənaətə gəlmək olur. Nazir məqaləsində vurğulayıb ki, Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə respublikanın suverenliyinin və sərhədlərinin beynəlxalq səviyyədə tanınmasından ibarətdir: “Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək və bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək”. Elmar Məmmədyarov əlavə edib ki, münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək. Bunun ardınca Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın verdiyi açıqlamalar xüsusi diqqət cəlb edir. Erməni nazir vurğulayır ki, Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərmək mümkün olacaq: “Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.
Beləliklə, nazirlərin açıqlamalarından aydın olur ki, yaxın tezlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində nəticəsi olan danışıqlara şahidlik etmək mümkün olacaq. Azərbaycanın da əvvəldən istədiyi məhz real danışıqlar prosesinin aparılması və konkret nəticələrin əldə olunmasıdır. Ekspertlər bildirir ki, artıq yaranan şərait münaqişənin çözümü üçün Ermənistana real addımlar atılmasından başqa çıxış yolu qoymur. Rusiya və ABŞ kimi regional oyunçuların gedişi də artıq Ermənistan üçün ciddi təzyiqə çevrilir. Eyni zamanda Ermənistan daxilindəki mövcud vəziyyət də proseslərin gedişinə artıq əhəmiyyətli dərəcədə təsir göstərir. Rusiyanın ”regnum.ru” portalı məsələnin bu tərəfinə nəzər salaraq qeyd edir ki, Ermənistanın hansısa uğura çatması məhz Qarabağ münaqişəsinin həllindən keçir. Əks təqdirdə “məxməri inqilab”ın süquta uğraması qaçılmazdır və bu, baş nazir Nikol Paşinyana da yaxşı məlumdur: “Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişinin ildönümü ilə bir vaxta düşən bu yaxınlardakı hadisələr sıradakı siyasi gerçəklikləri üzə çıxarıb. Paşinyan hələ mayın 20-də respublikanın hərbi, məhkəmə və siyasi rəhbərliyinin qatıldığı müşavirədə ölkədə məhkəmə islahatı keçirmək üçün “cərrahi müdaxilə”nin gərəkdiyini bildirib. O, “inqilabın ikinci mərhələsi”nin başlandığını deyərək elan edib: “Konstitusiya islahatları, ya da ümumxalq referendumu keçirmək gərəkdirsə, onda bu yolla da gediləcək ki, son nəticədə müstəqil və düzgün məhkəmə sistemi olsun”. Paşinyan daha öncə qanunverici və icra hakimiyyətini təzələyərək inandırıb ki, məhkəmə hakimiyyətinin işinə qarışmayacaq. Ancaq İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqda həbs qətimkan tədbirini dəyişəndən sonra – özü də mövcud prosedur normalarını pozmadan – baş nazir konstitusiyanın və qanunvericiliyin başqa normalarını açıqca pozaraq hücuma keçdi, öz tərəfdarlarına məhkəmələri çevrələmək çağırışı ilə çıxış etdi. Hadisələrin belə ssenari üzrə sonrakı inkişafı hakimiyyətin ən önəmli qanadı kimi məhkəmələrin işinin təcridinə, ölkədə pozğunluq salmağa aparıb. Ya da əksinə, hakimiyyətin Paşinyan tərəfindən inhisara alınmasına, “demokratik” deyilən diktaturanın qurulmasına. Eyni zamanda, ölkənin birpalatalı parlamentində böyük çoxluğa malik olan icra hakimiyyəti başçısının bu alətdən yararlanmaq əvəzinə fəaliyyətdəki Konstitusiyadan yan keçərək yenidən kütləvi etirazlara söykənməyə başladığı faktı göstərir ki, o, parlamentdə mütləq dəstək almağa ümid etmir. Ermənistan Politoloqlar Birliyinin prezidenti Amayak Ovannisyanın hesab etdiyi kimi, “demokratik “pərdə”nin varlığı ilə hakimiyyətin fəaliyyət modeli dəyişməyəndə, siyasi partiyalar haqda yeni qanun qəbul edilmədən köhnə seçki qanunu saxlanırsa, başqa cür ola da bilməz”.
Ermənistandakı hadisələr daha bir kombinasiyanı gün işığına çıxarıb. Ermənistanın KTMT, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşları rəsmi şərhlərdən vaz keçir. Halbuki, Qərbin reaksiyası dostcasınadır – ABŞ-ın Ermənistan səfirliyinin, AŞPA həmməruzəçilərinin bəyanatları bundan danışır. Məsələn, AB-nin Ermənistan səfiri Pyotr Svitalski bildirib ki, “geniş maliyyə dəstəyi ilə Ermənistanda texniki və konsultasiya yardımı vasitəsilə ədliyyənin dərin və hərtərəfli islahatında ona yardım etməyə hazırdırlar”. Burada ziddiyyət bundadır ki, Paşinyan öz respublikasının qanun pozucusu rolunda çıxış edərək Rusiyayönlü siyasətçi nüfuzuna malik Köçəryanı həbsə göndərməyi əmr edərkən hadisələr açıqca onun hesabladığı ssenari ilə inkişaf etmir. Nəticədə “Köçəryanın işi” deyilən məsələyə geopolitik gərginlik hopmağa başlayıb. Sosioloqların məlumatına görə, hələ bu yaxınlarda gözədəyən siyasi reytinqi olmayan Köçəryanın özünü müxalifətin lideri elan etməyi təsadüf deyil. Lakin Paşinyan Dağlıq Qarabağda sui-qəsddən danışmağa başlayanda daha bir gediş edib. “Bütün faktları araşdırıb bunun arxasında yeni savaş başlamaq və ola bilsin, məsuliyyəti ölkə hökumətinin üzərinə qoyaraq hətta bəzi əraziləri vermək məqsədilə sui-qəsd görürəm, – o bildirib. – Bu əməldə dövlətə xəyanət görürəm”. O beləcə, Köçəryanla Xankəndinin indiki rejimi arasında körpücük atmağa başlayaraq hər hansı sübutsuz, amma böyük eyhamla onlara ittiham elan edib: “Köçəryan, həm də Xankəndidəki rejim Rusiyayönlü köklənib, uyğun olaraq onların “bəzi əraziləri verməyə hazır olması” guya Rusiyanın layihəsidir.
Paşinyan 2016-cı il aprel savaşının bütün ayrıntılarını araşdırmaq üzrə parlament komissiyası yaratmağın gərəkliyini bu “işin” altına itələyir. İndi Paşinyanın İrəvanda Rusiya jurnalistlərilə bu yaxınlardakı görüşdə söylədiyi ifadəyə diqqət yetirək: “Mən inanmaq istəmirəm ki, Ermənistanın strateji müttəfiqi Rusiya bölgədə savaşın təzələnməyinə yol verməmək üçün öz vasitələrindən istifadə etmir. Mən inana bilmirəm ki, Rusiya savaşın başlanmağına imkan verər və Azərbaycanı çəkindirmək üçün öz vasitələrindən istifadə etmir”.
Paşinyana görə, buradan irəli gəlir ki, Rusiya 2016-nın aprelində “Azərbaycana savaşa başlamaq imkanı verib”. Yəni söhbət artıq Ermənistanın daxili işlərindən getmir və İrəvan Moskva ilə münasibətləri kəskinləşdirməyə oynayır.
Köçəryana havadarlığı davam etdirəcəyi halda bu yaxınlarda İrəvanda Azadlıq meydanında mitinqdə Bako Saakyanın ünvanına cəzasız qalan hədələr səslənərkən “Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı”, “Dağlıq Qarabağ prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi” Arşavir Qaramyan bu hədələrə hüquqi qiymət vermək tələbilə “Dağlıq Qarabağın Baş Prokurorluğuna” müraciət edəndə hakimiyyət partiyası bildirib ki, “buna heç bir dəxli yoxdur”. “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Vahan Kostanyan sıradakını deyib: “Bizdə hansısa aksiyanı yad qüvvələrlə keçirmək vərdişi yoxdur”. Bu belədirsə, onda Ermənistanda üçüncü güc deyilən amilin meydana çıxdığı haqda nəticəyə gəlmək olar. Və bu üçüncü qüvvə sanki Paşinyanın elan etdiyi mifik “sui-qəsd”in ifşası yönündə Dağlıq Qarabağa qarşı, yəni Paşinyanın maraqlarında iş görür. Bununla belə, bizim əlaqə saxladığımız Azərbaycan ekspertləri hesab edirlər ki, Bakı indiki mərhələdə, hər şeydən əvvəl, Dağlıq Qarabağda durumun kəskinləşməsinin Ermənistan cəmiyyətində birliyə və Rusiyanın bu bölgədə rolunun güclənməsinə səbəb olacağı üzündən Ermənistanın daxili-siyasi qarışıqlığından yararlanmaq niyyətində deyil. Onlar inanırlar ki, İrəvan və Moskva arasında münasibətlər dağılacağı halda Xankəndi “ikinci Donbas” ola bilər ki, bu da Azərbaycan diplomatiyasına yeni imkanlar açar.
Erməni ekspertlərinin hesab etdiyi kimi, eyni zamanda “əslində, problem xeyli qəlizdir və Paşinyanın Ermənistandakı “Qarabağ klanı” üzərində qələbəsində maraqlı olan hansısa ayrıca şəxsə və ya qruplara dirənmir”. Onların fikrincə, “oyunu Qarabağ probleminin daha sürətlə tənzimlənməsini, bunun sayəsində Türkiyə ilə sərhədləri açmağı və Ermənistanın İranla sərhədini möhkəm rəzəylə bağlamağı, daha doğrusu, onu İranla ümumi sərhəddən məhrum etməyi kəsdirən”, sonra isə Ermənistanı Türkiyə ilə barışığa aparmağı və Ermənistan güclərinin nəzarət etdiyi ərazilərin, heç olmasa bir hissəsinə İrəvandan güzəştə nail olmağı əlaqələndirən amerikalılar aparır”.
Biz onlarla bunda da razılaşırıq ki, “yalnız qarşılıqlı əlaqəli bölgəsəl problemlərin qəliz yumağını və Tramp administrasiyasının bunu ABŞ-ın geopolitik maraqlarına uyğun həllə hədəflədiyini nəzərə alaraq anlamaq olar ki, Paşinyan niyə məhkəmənin Köçəryan haqda həbs qətimkan tədbirinin ləğvi haqda qərarını pisləmək və bütün “məhkəmə zümrəsi”ni cəzalandırmağa çağırış kontekstində sanki birdən hansısa “xain sui-qəsdçilər”in Qarabağda Ermənistan güclərinin nəzarət etdiyi əraziləri verə biləcəyi mövzusunu araya soxub”. Öz qanadlarını doğramaq və özünü küncə qovmaqda bundan yaxşı üsul təsəvvür etmək çətindir”. Bütün bunlar bir daha təsdiq edir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın tezlikdə mühüm dəyişikliklərin olmasını gözləmək olar. Hər halda, Bakının əsas istəyi budur və əks təqdirdə Azərbaycanın savaşla istəyinə nail olacağı bütün dünya ictimaiyyətinə, o cümlədən Ermənistanın özünə də yaxşı məlumdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.