Belarusun nümayəndəsi Stanislav Zasın KTMT baş katibi vəzifəsinə namizədliyinin təsdiqlənməsi, demək olar ki, həllini tapıb. Artıq KTMT-yə üzv olan ölkələrin hamısı tərəfindən namizədliyi dəstəklənən Belarus nümayəndəsini Ermənistanın xarici işlər naziri də qəbul edib.
Görüşün nəticələri ilə bağlı erməni KİV-inin verdiyi məlumatdan belə nəticəyə gəlinir ki, Ermənistanın KTMT-nin baş katibi postu uğrunda apardığı mübarizə nəticə vermədi. Çünki Ermənistan geri çağırdığı Xaçaturovun yerinə öz nümayəndəsini təyin etmək istəsə də, üzv ölkələr buna icazə vermədilər. Bu namizəd təsdiq edildiyi təqdirdə, 2020-ci il yanvarın 1-dən KTMT baş katibinin vəzifələrini Stanislav Zas icra edəcək.
Ermənistanın öz nümayəndəsi Yuri Xaçaturovu geri çağırması ilə açıq qalan KTMT baş katibliyi məsələsi bununla da öz həllini tapacaq. Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan üçün KTMT baş katibliyi vəzifəsi deyil, formal hərbi-siyasi blokda hansı münasibətlərin hökm sürəcəyi maraqlıdır. Əslində, blok üzvlərinin Ermənistana münasibəti nöqteyi-nəzərdən bu ölkədə narahatlıq da inkar edilə bilməz. Baş verən prosesi birmənalı olaraq Ermənistanın KTMT-nin baş katibliyi uğrunda bir il müddətində apardığı mübarizədə tam məğlubiyyətə uğradığı kimi qəbul edə bilərikmi?
Daşdəmir Əliyev: “Görünən budur ki, Paşinyanın ölkənin daxili ilə yanaşı, xaricdəki işləri də tam fiaskoya uğrayıb”
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təyin edilməsi məsələsi çoxdandır müzakirə olunur: “Lakin burada ziddiyyət doğuran məsələ özü sayəsində yaranan boş vəzifəyə Ermənistanın iddia etməsi ilə bağlı idi. Xaçaturovun Ermənistanın öz istəyi ilə geri çağırılmasından sonra ittifaq üzvləri rotasiya prinsipi ilə təşkilatın tam hüquqlu rəhbərinin seçilməsinə qərar veriblər. Həmin qərara görə, Ermənistandan sonra əlifba sırasına görə Belarus nümayəndəsi baş katib təyin edilməli idi.
Baş katib vəzifəsinə ən çox ehtimal edilən namizəd Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasdır. 2015-ci ildən etibarən 54 yaşlı general-mayor Zas Belarus Təhlükəsizlik Şurasına rəhbərlik edir və KTMT-nin işini yaxşı bilir. O, rəsmi olaraq KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsində təmsil olunur.
Ermənistan Yuri Xaçaturovu geri çağırdıqdan sonra KTMT baş katibinin vəzifəsi boş qalıb və planlaşdırılan 3 il əvəzinə, yalnız bir il yarım vəzifəsini icra edib.
Yuri Xaçaturov Ermənistanda 1 mart 2008-ci il konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilmişdi. Geri çağırma prosesi ötən ilin noyabrın 2-də tamamlanıb. Həmin gündən etibarən baş katibin müavini olan Valeri Semerkov onun vəzifəsini icra etməyə başlayıb. Bununla bir daha sübut olundu ki, Ermənistan beynəlxalq qurumlarda təmsil olunmaq kimi etikanı hələ yaxşı mənimsəməyib. Xatırladım ki, Ermənistan Astanada keçirilən sammitdə Qazaxıstan və Belarusun Zası baş katib seçmək təklifinə qarşı çıxmışdı. Görünən budur ki, Paşinyanın ölkənin daxili ilə yanaşı, xaricdəki işləri də tam fiaskoya uğrayıb”.
Məhəmmədəli QƏRİBLİ