“Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir”. Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.
Ölkə başçısının sözlərinə görə, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi: “Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır”.
Ölkə başçısının fikrincə, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb: “Ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risqlərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”.
Görünən odur ki, Azərbaycan regionda və dünyada yaranan bu təhlükələrdən özünü qoruya bilir. Maraqlı olan məqam odur ki, Azərbaycan regional və qlobal təhlükələrdən özünü necə sığortalayır? Buna necə nail ola bilir?
Fikrət Sadıqov: “Ölkə Prezidenti düşünülmüş daxili və xarici siyasət kursu həyata keçirir”
Sözügedən məsələyə aydınlıq gətirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Reallıq ondan ibarətdir ki, dünyada hazırda Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma var. Biz bilirik ki, Azərbaycana yaxın regionda çox təhlükəli hadisələr baş verir. O cümlədən, Yaxın Şərq, Suriya və İranla bağlı vəziyyət xeyli gərginləşib. Bir sıra terrorçu qruplaşmalar nüvə silahı əldə etməyə çalışırlar. Dünyada terror hadisələri və separatçılıq baş alıb gedir. Azərbaycan isə belə mürəkkəb proseslərin getdiyi dünyada öz maraqlarına cavab verən xarici siyasət yürüdür. Nəticədə regionda və dünyada yaranan təhlükəli proseslərdən özünü qoruya bilir. Ölkə Prezidenti düşünülmüş daxili və xarici siyasət kursu həyata keçirir. Beynəlxalq münasibətlər sistemində bizim bu siyasətimiz yüksək qiymətləndirilir. Baxın, ABŞ Prezidenti Donald Tramp iki dəfə Prezident İlham Əliyevə məktub ünvanlayıb. Bunlardan biri Respublika Günü, digəri isə Azərbaycanda keçirilən beynəlxalq neft-qaz sərgisi ilə bağlı olub. Məktubda qeyd olunur ki, enerji məsələlərində Azərbaycan üstün rol oynayır. Bir sıra dövlətlərin enerji təminatında böyük rol oynayan dövlətə çevrilir. Əlbəttə, bütün risq və təhlükələrdən tam sığortalanmaq çətindir. Ancaq Azərbaycan bunu edir və etməyə çalışır. Hesab edirəm bundan sonra da əlimizdən gələni etməliyik ki, yaranan risq və təhlükələrdən özümüzü qoruyaq”.
Vidadi ORDAHALLI