Qafqaz bölgəsi tarixən bütün dünya üçün maraq kəsb edib. Xüsusən də Azərbaycan, burada mövcud olan multikultural, tolerant mühit xaricilərin diqqətindən yayınmayıb. Qafqazın, onun aborigen sakinlərinin tarixini öyrənmək, buradakı siyasi şəraiti analiz edib qiymətləndirmək xarici qafqazşünaslar üçün hər zaman cəlbedici olub.
Azərbaycanda Qafqazşünasların Beynəlxalq Forumunun keçirilməsi artıq ənənəyə çevrilməkdədir. Məlum olduğu kimi, 23-24 may tarixlərində Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən forumda dünyanın bir sıra ölkələrindən nüfuzlu qafqazşünaslar iştirak ediblər. Öz işini 12 bölmə iclasında quran forumda “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılıb.
Azərbaycanda keçirilən Qafqazşünasların II Beynəlxalq Forumunda Ermənistan alimləri təmsil olunubmu?
“Forumda çıxış edən xarici alimlər çox açıq şəkildə Ermənistanın haqsız mövqeyini ciddi tənqid etdilər”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, keçən forumda olduğu kimi, bu dəfə də ermənilər tədbirə qatılmayıblar. Q.Hacıyevin sözlərinə görə, Ermənistan Qafqaza bir yamaqdır və onlar bu bölgənin aborigen sakinləri deyillər. Erməni alimlərinin uydurduqları yalanların, yaratdıqları saxta tarixin bütün dünya qafqazşünasları tərəfindən anormal qəbul edildiyini deyən Q.Hacıyev hesab edir ki, erməni alimlərinin foruma qatılmamasının səbəbi onların ifşa edilmək əndişəsi, qorxusu ilə bağlıdır. “Bilirsiniz ki, bu forum artıq ikinci dəfədir keçirilir. Forum beynəlxalq əhəmiyyətli tədbir olduğu üçün, bura dünyanın müxtəlif ölkələrindən görkəmli tarixçilər, elm adamları, qafqazşünaslar qatılırlar. Qafqazşünasların I Beynəlxalq Forumu da maraqlı keçmişdi, ancaq ikinci forum ondan da maraqlı və möhtəşəm keçdi. Erməni alimləri bu dəfə də Qaqazşünasların Beynəlxalq Forumunda iştirak etmədilər. Bunun da səbəbi odur ki, onlar uydurduqları yalanların ifşa edilməsindən qorxurlar. Tədbirdə müzakirə edilən məsələlərdən biri Qafqazda münaqişələr və terror mövzusu idi. Bütün dünya bilir ki, Qafqazda sülhün pozulması, müxtəlif terror hadisələrinin törədilməsi birbaşa Ermənistanla bağlıdır. Regionda dincliyi, sülhü, əminamanlığı ermənilər pozurlar. Bu, faktdır və dünya alimləri də bunu çox yaxşı bilirlər. Ermənilərin foruma dəvət edilməsi məsələsinə gəlincə, biz heç bir ölkəni ayrı-ayrılıqda dəvət etməmişik. Biz Qafqazşünasların II Beynəlxalq Forumunun keçirilməsi ilə bağlı elan vermişik və bütün alimlər də bu elanlar haqda məlumat alaraq tədbirə qatılıblar. Görünür, erməni alimləri qeyd etdiyim səbəblərə görə foruma qatılmayıblar. Əlbəttə, qatılmaq istəsəydilər, digər ölkələrin alimləri kimi onlara da şərait yaradılardı”.
Q.Hacıyev qeyd etdi ki, forumda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, ABŞ, Belarus, Şimali Makedoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 220-dən çox alim və tədqiqatçı iştirak edib.
“Amerikadan tutmuş, Özbəkistana qədər bir çox ölkədən çox nüfuzlu alimlər forumda iştirak edirdilər. Bu forumda bir sıra vacib məsələlər müzakirə olundu. Qafqazın ümumi siyasi vəziyyəti geniş təhlil edildi. Burada Qafqazla bağlı tarixi, iqtisadi, siyasi, strateji, sosial məsələlərə daha çox yer ayrıldı, inkişaf istiqamətləri müəyyənləşdirildi. Yəni forumda siyasi analitik səpkili çıxışlar oldu. Hər bir xarici ölkədən gələn nümayəndə heyətinin üzvlərindən biri, o cümlədən də bizim alimlər 10 dəqiqəlik məzmunlu çıxış etdilər. İnstitutumuzun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı ətraflı danışdı.
Forumda çıxış edən xarici alimlər Qarabağ problemindən də danışdılar. Xarici alimlər Qarabağ problemindən danışarkən Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq, işğalçılıq siyasətini pislədilər, Azərbaycanın haqq işini müdafiə etdiklərini dedilər. Gürcüstandan gələn professor Quram Markulya, Rusiyadan gələn professor Oleq Kuznetsov, Belarus alimi Vyaçeslav Linkovski, Ukrayna alimi Oleq Kubçin Qafqazın mövcud vəziyyəti, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını haqsız olaraq işğal altında saxladığına dair çox diqqətçəkən fikirlər söylədilər. Forumda çıxış edən xarici alimlər çox açıq şəkildə Ermənistanın haqsız mövqeyini ciddi tənqid etdilər. Bu onu göstərir ki, artıq dünya qafqazşünasları ermənilərin saxtakarlığına qarşı barışmaz mövqedə dayanırlar. Bu forumun əhəmiyyəti çox böyükdür və bu bizə imkan verir ki, öz həqiqətimizi dünyaya daha yüksək səviyyədə çatdıraq” - deyə bildirən Q.Hacıyev, həmçinin, vurğuladı ki, forumda məruzə edən xarici alimlərin məruzələri də Qafqazşünaslıq İnstitutu tərəfindən nəşr ediləcək.
İradə SARIYEVA