Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər. Yürüşdən əvvəl onlarla polis arasında müəyyən gərginlik də yaşanıb. Maraqlıdır ki, digər bir radikal müxalif təchizatı olan Milli Şuranın da yürüşü zamanı polislə aksiyaçılar arasında qarşıdurma baş verib, bir neçə nəfər polisə aparılıb.
Ən maraqlısı isə budur ki, ölkənin ən iddialı müxalif qurumları olan bu iki təşkilat birlikdə deyil, ayrı-ayrı vaxtlarda M.Ə.Rəsulzadənin abidəsini ziyarət ediblər. Verilən rəsmi məlumata görə, 28 may aksiyasına hər iki qurumudan cəmi 400 nəfər tərəfdar qatılıb. Keçirilən aksiya bir çox sualları ortya çıxarır. Niyə bu cür əlamətdar gündə müxalif qurumları izdihamlı olmayan aksiyalarını belə təklikdə keçirməkdə maraqlıdırlar? Bu cür gedişlər edən və ətrafında çox az sayda adam olan qurumların siyasi perspektivinə nə dərəcədə ümidli yanaşmaq olar?
Rəfael Becanov: “Ümummilli mahiyyət daşıyan tədbirlərdə süni konfrantasiyalara getmək, səs-küy yaratmaq da qəbul edilmir”
AXCP adına iddialı olan qanadlardan birinin funksioneri Rəfael Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim bu cür məsələlərlə bağlı hər zaman bir mövqeyimiz olub: “Müxalifət ümummilli mahiyyət daşıyan müəyyən tədbirlərlə bağlı tamamilə fərqli mövqe tutmalıdır. Heç bir vəchlə həmin tədbirlər vasitəsilə öz siyasi ambisiyalarını ifadə etməməlidir. Ən əsası da bu cür tədbirlərdə bütün müxalif qüvvələr birgə olmalıdır. Təəssüf ki, bəzi qurumların ambisiyası səbəbindən biz buna nail ola bilmirik. Bu sırdan olan təbirlər kimi 28 may - Respublika Gününü, Xocalı faciəsi və 20 Yanvar faciəsinin ildönümlərini aid edə bilərik. Sanki bu tədbirlərə tək qatılmaqla hər kəs “müxalifət mənəm” kimi mesaj vermək istəyir. Azərbaycan müxalifətinin ən böyük problemlərindən biri məhz birləşə bilməməkdir. Dediyiniz tədbirə də yaxşı olardı ki, yalnız Müsavat və Milli Şura yox, bütün müxalif qurumlar birgə qatılardı. Yaxşı bir bayram törəni keçirərdik. Görürsünüz ki, bu alınmayanda da tədbirdə kütləviliyi təmin etmək olmur. Onlar bundan artıq sosial baza toplamağa qadir deyillər. Çünki bu cür ayrıseçkiliklərlə müxalifəti pərən-pərən salıblar. Nəticə göz qabağındadır. Hesab edirik ki, bu, bütövlükdə, müxalifət adına xələl gətirən məsələdir. Ümummilli mahiyyət daşıyan tədbirlərdə süni konfrantasiyalara getmək, səs-küy yaratmaq da qəbul edilmir. Hər kəsin siyasi xətti özünə aid olmalıdır. Bunun deyilən mahiyyətli tədbirlərə heç bir aidiyyəti olmamalıdır. Biz sözügedən tədbirləri xalqın tədbiri kimi qeyd etməliyik. Bunu kimsə inhisara ala bilməz. Biz bayramı bayram törəni kimi, hüznü də hüznə uyğun şəkildə qeyd etməliyik. Ancaq görürük ki, bəzi siyasi təşkilatlar öz maraqlarını önə çəkmək üçün hətta ən müqəddəs adlardan belə istifadə edirlər. Bunlar yolverilməzdir”.
Məhəmmədəli QƏRİBLİ