“Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur”. Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.
Ölkə başçısının sözlərinə görə, bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir: “Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür”.
Prezident onu da qeyd edib ki, biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhtanları darmadağın edirik və etməliyik: “Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik”.
Göründüyü kimi, Azərbaycana qarşı informasiya müharibəsində erməni lobbisi ilə yanaşı, özünü müxalifət adlandıran bəzi qruplaşmalar da fəallıq göstərirlər. Onlar, faktiki olaraq, birlikdə Azərbaycana qarşı fəaliyyət göstərirlər.
Maraqlıdır, bu iki qüvvənin Azərbaycana qarşı informasiya siyasətində onların hansı maraqları üst-üstə düşür?
Azər Həsrət: “O üzdən, onların maraqları üst-üstə düşür”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycan əsasən erməni lobbisinə və ermənilərə işləyən mərkəzlərin informasiya hücumlarına məruz qalır. Ermənilərin bizə qarşı hücumları gözləniləndir. Çünki onlar Azərbaycanın düşmənidir və ölkənin daha da irəli getməsini istəmirlər. O üzdən, ölkəmizi, xalqımızı gözdən salmaq üçün əllərindən gələni edirlər. Ancaq təəssüflər olsun ki, özünü azərbaycanlı sayan bəzi şəxslər də bu çirkin kampaniyada yer alırlar. Ermənilərin həmin anti-Azərbaycan təbliğatında rol almaqdadırlar. O adamlar əllərindən gələni edirlər ki, Azərbaycanı gözdən salsınlar, ölkəyə qarşı neqativ informasiyalar daha geniş tirajlansın. Təbii ki, bir insan öz ölkəsinə, dövlətinə qarşı bu qədər amansız mübarizə aparırsa, onun satılmış olduğunu deməyə bilmərik. Belələri özlərini ermənilərə və erməni kimi adamlara satmış şəxslərdir. O üzdən, onların maraqları üst-üstə düşür. Onlar azərbaycanlı adı daşısalar da, azərbaycanlı deyillər. Onların yəqin ki, qanları yoxlanarsa, qanlarının ermənilərlə qarışdığı aşkar olar. Yəni bunun başqa səbəbini tapa bilmirik. Şəxsən mən anlamaqda çətinlik çəkirəm. Məsələn, Avroliqa oyunları ilə əlaqədar Qərb mediasında ermənilərin dəstəyi və iştirakı ilə anti-Azərbaycan kampaniyası aparılır. Kampaniyanın məqsədi bəllidir. Bununla azərbaycanlıları vəhşi bir millət kimi dünyaya tanıtmaq istəyirlər. Azərbaycanın bu cür yarışlar üçün uyğun bir yer olmadığını sübut etməyə çalışırlar. Bunun başında ermənilər dursa da, məlum olur ki, bəzi azərbaycanlılar da ermənilərlə birlikdə fəaliyyət göstərirlər. Sözügedən məsələlərlə bağlı “Nida” təşkilatının bir nümayəndəsi bir erməni ilə birləşib mənə qarşı çıxış edir. Deməyim odur ki, bu adamlar həqiqətən də satılmış antimilli ünsürlərdir. Prezident sözügedən adamlarla bağlı fikirlərində heç vaxt yanılmır. Ölkə başçısı onların kimliyini dəqiq ifadə edir. Cəmiyyətimiz bütün bunların fərqində olmalıdır. Bir adam özünə azərbaycanlı deyərək, bir erməni ilə birləşib Azərbaycana qarşı hücum edirsə, deməli, bunun arxasında çirkin məqsədlər var”.
Vidadi ORDAHALLI