Ermənistan hakimiyyəti ilə qondarma “DQR” arasındakı ziddiyyət günü-gündən daha da dərinləşir. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın açıq-aşkar Robert Köçəryanı müdafiə etməsi və nəticədə sabiq prezidenti həbsdən çıxarmasından sonra münasibətlər daha da gərgin mərhələyə keçib. Hətta belə məlumatlar da yayıldı ki, Xankəndidəki güc rəhbərliyi erməni oliqarxları ilə birgə artıq Paşinyana qarşı qəsd hazırlayır.
Paşinyanın özü isə vəd edib ki, “Qarabağı əksinqilab ocağından inqilab ocağına çevirəcək”. Bu da o anlama gəlir ki, Paşinyan Saakyanı hakimiyyətdən necə uzaqlaşdırmanın yollarını axtarır. Artıq belə bir prosesə start verildiyinə dair məlumatlar var. İşğal altında olan ərazimizdə “Miatsum” siyasi biliyi” özünün varlığını bildirib və bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Biz, “Artsax” ermənilərinin nümayəndələri milli və dövlət məsuliyyətini rəhbər tutaraq, bir daha birləşmiş erməni suveren dövlətinin və “Artsax”da legitim dövlət hakimiyyətinin qurulmasının tamhüquqlu, ayrılmaz və bölünməz hissəsi olmaqla bağlı siyasi qətiyyətimizi təsdiq edirik. Birlik “Artsax”da, bütün Ermənistanda mili və dövlət quruculuğuna, təhlükəsizliyə zəmanət verən ümummilli hədəf və gündəmdir”.
Bəyanata imza atanlar arasında “Sasna Tser”in və “Ramkavar Azatakan”ın yerli bölmələri də, “əfqanlar”ın yerli şöbələri və hətta “Qarabağ özünümüdafiə qüvvələri”nin ilk komandanı Arkadi Karapetyan da olub.
Yeni yaradılan “Miatsum” alyansının əsas hədəfi Saakyanı devirmək ola bilərmi?
Hatəm Cabbarlı: “Proses birbaşa Nikol Paşinyan tərəfindən dəstəklənir”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qondarma qurumda yaradılan bu siyasi alyans Ermənistan - “DQR” münasibətlərindəki gərginliyin yeni səhifəsi kimi dəyərləndirilə bilər: “Bu günə qədər Nikol Paşinyan Dağlıq Qarabağ siyasətinə fərqli aspektlərlə yanaşırdı. Ancaq qondarma rejimin sabiq və indiki “prezidentləri” Qukasyan və Saakyanın Köçəryanın həbsdən çıxarılması ilə bağlı göstərdikləri çabalardan sonra vəziyyət çox dəyişdi. Əvvəl onlar bununla bağlı yazılı müraciət etdilər, sonra isə birbaşa İrəvana gəlib, Köçəryanı həbsdən azad etdirdilər. N.Paşinyan Dağlıq Qarabağda cərəyan edən bu hadisələri yaxşı görür və hansı nəticələrə apara biləcəyini təxmin edir. Buna görə də təzyiq variantı kimi “Miatsum”un qurulmasına təkan verdi. Qondarma rejimdə ilk dəfədir müxalifət partiyaları və narazı olan bütün qüvvələr, hətta QHT-lər bir araya gələrək açıq şəkildə Saakyanı və onun idarəetməsini korrupsiyada, özbaşınalıqda ittiham edirlər. Böyük ehtimalla bu proses birbaşa Paşinyan tərəfindən dəstəklənir. Əsas hədəf də qondarma rejimin indiki və keçmiş rəhbərliyinin mövqeyinin zəiflədilməsinə yönəlib. Təxmin olunur ki, önümüzdəki günlərdə qondarma qurumun rəsmiləri bu məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər. Hətta bildirməsələr belə, mütləq mənada, yeni siyasi alyansa qarşı addımlar atacaqlar. Həmin fəaliyyət isə münasibətləri daha da gərginləşdirəcək. Mənzərəyə ümumi baxdıqda məlum olur ki, N.Paşinyan Köçəryanın azad edilməsindən sonra ona qarşı artan təzyiqləri müxtəlif vasitələrlə neytrallaşdırmağa çalışır. Önümüzdəki aylarda bu mübarizə açıq müstəviyə transformasiya olunacaq. Qondarma Dağlıq Qarabağ rejiminin öz daxilində gərginliyi artırmaqla Paşinyan diqqəti Ermənistandan bir qədər uzağa fokslamaq istəyir”.
Məhəmmədəli QƏRİBLİ