Prezident İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.
Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi-konfransın 26-cı ildönümünü nailiyyətlərlə qeyd etdiyini, Azərbaycana hər gəlişində burada müsbət dəyişikliklərlə qarşılaşdığını bildirərək, sərginin işinə uğurlar arzulayıb.
Sonra dövlət başçısı İlham Əliyev açılış mərasimində nitqində deyib ki, 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat, demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı…
...Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından, əlbəttə ki, bu daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük.
…Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən, xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır.
Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı.
...Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir.
ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Azərbaycanın qlobal enerji bazarına, Cənub Qaz Dəhlizi layihəsinin isə enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və digər tərəfdaşlara təşəkkür edib. Kent Loqsdon daha sonra ABŞ Prezidenti Donald Trampın məktubunu tədbir iştirakçılarına çatdırıb.
Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks videomüraciətində bildirib ki, Azərbaycan enerji müstəqilliyini təmin etmiş ölkədir. Azərbaycanla Böyük Britaniya arasında dərinləşən əməkdaşlıq ölkələrimizə daha çox iqtisadi faydalar verməkdədir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış olub.