Ermənistanın eks-prezidenti Robert Köçəryanın azadlığa çıxmasından sonra bu ölkədə siyasi gərginlik artmaqda, daxili ziddiyyətlər getdikcə daha da kəskinləşməkdədir. Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, bu dəfə məsələnin narahatlıq doğuran tərəfi cəmiyyətdə kəskin qarşıdurma əhval-ruhiyyəsinin yaranması və bunun istənilən vaxt daxildə silahlı qarşıdurmaya çevrilə bilməsidir. Bütün bunlar ötən şənbə İrəvanda keçirilən mitinqdə özünü qabarıq şəkildə büruzə verdi.
Qeyd edək ki, həmin aksiya zamanı Robert Köçəryanın tərəfdarları, o cümlədən “Dağlıq Qarabağın prezidenti” hədələnib. Azadlıq meydanında toplanan Nikol Paşinyanın tərəfdarları hakimyyətin məhkəmə sistemində islahatlara dair təşəbbüsünə dəstək veriblər. Aksiyanın təşkilatçılarından olan Civan Abramyan deyib ki, məhkəmə sistemində islahatlar korrupsioner məmurları yerində oturdacaq. Onun sözlərinə görə, hazırkı məhkəmə sistemi keçmiş rejimdən asılıdır və siyasi sifarişləri yerinə yetirir. Civan Abramyan çıxışında Robert Köçəryana dəstək verdiyi üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyanın və digərlərinin “başını daşla əzməyin” vacib olduğunu bildirib. O deyib ki, insanları Robert Köçəryanın tərəfdarlarının, Bako Saakyan da daxil olmaqla, başını daşla əzməyə çağıra bilərlər. Saakyanın “xüsusi işlər üzrə köməkçisi“ Arşavir Qaramyan Civan Abramyanın çıxışının videosunu sosial şəbəkədə paylaşaraq buna “hüquqi qiymət verilməsinə” çağırıb. Baş verənlərdən sonra Ermənistan polisi Civan Abramyan barədə təhqiqat başladıb. Amma erməni mediası yazır ki, Paşinyanın tərəfdarı həbsə atılmayacaq, əvəzində, baş verənlər erməni cəmiyyətində daxili ziddiyyətlərin artıq təhlükəli qarşıdurma həddinə çatdığını üzə çıxarır.
Bununla yanaşı diqqət ona yönəldilir ki, Paşinyan tərəfdarlarının mitinqi həm də “Daşnaksütyun” Partiyasının son aksiyasına cavab olaraq keçirilib. “Daşnaksütyun” Partiyasını isə məhz Robert Köçəryanın hərəkətə gətirdiyi qeyd olunur. Beləliklə, artıq meydanlarda erməni cəmiyyətində yaranan qütbləşmə özünü qabarıq surətdə büruzə verir. Bu qütbəlşmənin daha da dərinləşməsi, erməni cəmiyyətində kəskin parçalanmaya yol açması artıq qaçılmaz sayılır. Baş verənlərlə bağlı “1in.am” saytı isə yazır: “Paşinyanın tərəfdarları Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” Partiyasının aksiyasına cavab olaraq mitinq keçirdilər, keçmiş hakimyyətin ünvanına sərt ittihamlar səsləndirdilər. “Daşnaksütyun” Partiyası son 20 ildə, demək olar ilk dəfə idi ki, Azadlıq meydanında mitinq keçirərək, müstəqil şəkildə gündəliyi formalaşdırmağa cəhd edib. Müxtəlif hesablamalara görə, bu mitinqdə təxminən 2 min vətəndaş iştirak edib. Nikol Paşinyanın reytinqinin hələ yüksək olması və müxalifətçilik fəaliyyəti üçün çətinliklər yaratması kimi obyektiv şərait nəzərə alınarsa, sırf iştirak baxımından mitinqi baş tutmuş saymaq olar.
Digər tərəfdən, mitinq planında onun iştirakçılarının sayı və ya çıxışların məzmunu daha az əhəmiyyət kəsb edirdi. Çünki “Daşnaksütyun” Partiyası son günlər bu ənənəvi partiyanın cari mövqeləri haqqında ümumi təsəvvür yaradan bir neçə bəyanatla çıxış edib. Əlbəttə, Ermənistanın ən yeni tarixində “ciddi olun” çağırışları olub. Məsələn, 1997-ci ilin sonunda Levon Ter-Petrosyan Qarabağ məsələsilə bağlı olaraq bənzər çağırışla siyasi qüvvələrə müraciət edib. Lakin görünür, hesab edib ki, çıxışının perspektivi yoxdur və hakimiyyətdən gedib. “Daşnaksütyun” partiyası yeni statusda geri dönməsi haqqında mesaj vermək üçün hakimiyyəti daha ciddi olmağa çağırıb. Lakin ortaya cavabı vacib olan belə bir sual çıxır: hansı “Daşnaksütyun” partiyası hakimiyyəti ciddi olmağa çağırır, 20 il ərzində kriminal-oliqarxiya sisteminin siyasi məzarlarından biri olan partiyamı, yoxsa rebrendinqə (brendin dəyişdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan aktiv marketinq) məruz qalan, keyfiyyətcə yeni müxalifət olmaq niyyətində olduğunu bəyan edən “Daşnaksütyun” partiyası? Partiyanın mitinqi ikinci prezident haqqında qətimkan tədbirinin dəyişdirilməsi və ardınca baş verən gurultulu hadisələrdən sonra elan etməsi nəzərə alınarsa, digər vacib intriqa Robert Köçəryanın bu mitinqlə əlaqəsinin olub-olmaması idi.
Aydındır ki, sözün birbaşa və ya məcazi mənasında Köçəryan mitinqdə iştirak etməyib. Başqa sözlə, “Daşnaksütyun” partiyası özünü köhnə və ya onlarla assosiasiya olunan qüvvə və xadimlərdən mümkün qədər kənarda göstərməyə çalışıb. Əlbəttə, bu özü-özlüyündə sübut deyil ki, “Daşnaksütyun” partiyasının mitinqi yalnız öz gündəliyinin təzahürüdür və köhnə sistemin bərpa edilməsinin ümumi kontekstinə uyğun deyil.
“Daşnaksütyun” partiyasının təmsilçiləri bir neçə dəfə təsdiq ediblər ki, keçmişə qayıdış olmayacaq və onlar ortaya həlledici müxalifət olma iddiası qoyur. Nəzəri olaraq verilən açıq bəyanatların partiyanın real davranışına uyğun olduğunu qəbul etsək, onda, ən azı, “Daşnaksütyun” partiyasının alternativ baxışı nədən ibarətdir, bu unudulmuş köhnədir, yoxsa yeni Ermənistanda inqilabın gündəliyilə bağlı mübahisə açmama qərarlılığı olan yeni müxalifət hərəkatıdır” sualı yerində olacaq. “Daşnaksütyun” partiyası öz çıxışlarında son 20 ildəki fəaliyyətinə qiymət versəydi, bu sual aktual olmazdı. Bu halda, insanların “Daşnaksütyun” partiyasını qeyri-səmimi hesab etmək haqqı var.
Digər tərəfdən, bizim “Daşnaksütyun” Partiyasının fəaliyyəti, siyasi motivasiyaları haqqında tam təsəvvür əldə etməyimiz üçün bir mitinqin keçirilməsi, hətta bir neçə bəyanatın verilməsi yetərli deyil. Mitinq tribunasından edilən çıxışlar, verilən qiymətləndirmələr kifayət qədər adekvat idi. Lakin cavabını gözləyən aktual suallar var: “Daşnaksütyun” Partiyası keçmişin kədərli xəyalətindən, Köçəryanın və əvvəlki sistemin bugünkü təqiblərindən azad ola və institusional müxalifət ola bilərmi? Hətta “Daşnaksütyun” partiyası Nikol Paşinyanın komandasına, cibində “qırmızı kart” olduğu halda “sarı kart” göstərsə də, bu gün bu suallara cavablar açıq qalır. Azadlıq meydanı bundan da alovlu və səs-küylü çıxışlar eşidib, lakin bu heç də real alternativin formalaşmasına gətirib çıxarmayıb.
“Daşnaksütyun” Partiyasının xadimləri mitinq tribunasından “Biz təkrar gələrək deyirik ki, yalnız bir fikrin olmasına imkan verməyəcəyik, çünki tək bir fikrin olması diktaturadır. Bu bizim ölkəmizdə istisna olunur” deyiblər. Bu, tamamilə adekvat və rasional mövqedir. Lakin inqilab komandası ilə bağlı tədricən məyus olan, şübhəsiz, alternativə ehtiyacı olan bizim cəmiyyətimiz “Daşnaksütyun” partiyasının mitinqdə verdiyi bəyanatlara inanmaq üçün əmin olmalıdır ki, partiya kriminal-oliqarxiya sisteminin acgözlüyü və özbaşınalığı ilə eyniləşdirilən keçmişlə körpüləri həqiqətən yandırıb. Amma reallıq bunun əksini göstərir və getdikcə bu qənaət hasil olur ki, “Daşnaksütyun” partiyasını Köçəryan hərəkətə gətirir. Bu hərəkətlilik isə Ermənistanda daxili qarşıdurmanı daha da dərinləşdirir və belə vəziyyət hətta silahlı qarşıdurmaya kimi irəli gedə bilər”.
Nahid SALAYEV