Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb. “Trend”in məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Səfir bildirib: “Əvvəllər də “Arsenal” və “Çelsi” klublarının azarkeşləri “Qarabağ” klubu ilə oyun zamanı Bakıda olublar. Onlar Azərbaycanla tanışdır və Bakının fantastik stadionunda artıq olublar”.
Azərbaycan və Böyük Britaniya arasında münasibətlərdən danışan diplomat Tofiq Bəhramovdan özəl olaraq bəhs edib: “1966-cı ildə İngiltərədə keçirilən dunya çempionatında hakim olmuş və mükafat almış Azərbaycandan olan Tofiq Bəhramov bu gün də milli qəhrəman olaraq qəbul edilir. Onun adına Bakıda möhtəşəm stadion var”.
Kerol Krofts daha sonra qeyd edib ki, bu həftə Böyük Britaniya səfirliyi, ölkə futbolu, xüsusən hər iki klubun azarkeşləri üçün həyəcanlıdır. O əlavə edib: “Rəsmi şəxslər, futbol assosiasiyaları və klubları ilə əməkdaşlıq şəraitində bu oyun üçün yüksək hazırlıq işləri görülüb”.
Səfir, həmçinin, Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik edib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə suala da cavab verib. O bildirib ki, bu iki klubun finala çıxması böyük nailiyyətdir: “Arsenal” və “Çelsi”də çox güclü oyunçular var və bütün söhbətlər onlar barədə olmalıdır”.
K.Krofts qeyd edib ki, özünü Azərbaycanda hər zaman evindəki kimi hiss edib: “Mənim ailəm, dostlarım buraya gəliblər. Biz hər zaman insanların səmimi münasibətini görmüşük. İctimai nəqliyyatda gedərkən durub yer verirlər”.
Daha sonra səfir bildirib ki, Azərbaycanın bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi var. O əlavə edib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq: “Biz “Arsenal” və “Çelsi” klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir”.
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.