Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri ilə görüşüb. Görüş zamanı Paşinyan ötən il Ermənistan iqtisadiyyatının nailiyyətləri barədə xarici səfirlərə məlumat verib. O iddia edib ki, guya ötən il bir sıra iqtisadi uğurlar əldə olunub.
İqtisadi problemlər, həll yolları və nəticələr barədə danışan Paşinyan makroiqtisadi sabitliyin qorunmasının başlıca vəzifəsi olduğunu deyib. İddia edib ki, guya bu ilin birinci rübündə ölkədə ÜDM 7,1 faiz artıb. Paşinyan xarici diplomatları inandırmağa çalışıb ki, ölkədə kölgə iqtisadiyyatı azalıb.
Paşinyan deyib ki, onların ən böyük problemi xarici investisiya ilə bağlıdır. Belə məlum olub ki, xarici sərmayədarlar ölkəyə investisiya qoymaqda maraqlı deyillər: “Biz ölkəmizdə xarici investisiyalar üçün ən cəlbedici şərait yaratmaq üçün əlimizdən gələni edirik”.
Eyni zamanda, o qeyd edib ki, müstəqil fəaliyyət göstərən məhkəmə sistemi olmadan, bu məsələ tam həll olunmayacaq. Çünki hər hansı bir investor onun investisiyalarının, əmlakının təminatına zəmanət istəyir: “Lakin belə bir zəmanət yalnız müstəqil məhkəmə sistemi tərəfindən verilə bilər”.
Görünən odur ki, xarici sərmayədarlar Ermənistana investisiya qoymaq istəmirlər. Maraqlıdır, bunun səbəbi nə ilə bağlıdır?
Rəsul Cahangirli: “Bu ölkədə risq dərəcəsi böyükdür”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bir neçə səbəb üzündən xarici sərmayədarlar Ermənistana investisiya qoymaq istəmirlər: “Başlıca səbəb onunla bağlıdır ki, Ermənistan xarici sərmayədarlar üçün cəlbedici deyil. Nə iqtisadi resurslarına görə, nə də nəqliyyat əlaqələrinə görə bu ölkə əlverişli vəziyyətdə deyil. Fikirləşirlər ki, sərmayə qoysalar batacaq. Başqa bir tərəfdən ölkədə sabitlik yoxdur. Xarici investorlar bu amilə xüsusi önəm verirlər. Məsələ ondadır ki, “məxməri inqilab”dan ötən 1 ildə Paşinyan özünə çevik və peşəkar komanda qura, məhkəmə-hüquq sistemində zəruri islahatlar aparıb hakimiyyətini möhkəmlədə bilməyib. Bu, Ermənistanda mövcud olan reallıqdır. Hələ inqilab öz hədəflərinə çatmayıb və sistemli islahatlar ləngiyir. Paşinyanın “iqtisadi inqilab” haqda bəyanatı da elə bəyanat olaraq qalır. Praktiki olaraq bununla bağlı hansısa ciddi işlər görülməyib. İqtisadiyyatda davam edən staqnasiya, səngiməyən kütləvi köç, vəd edilən böyük sərmayələrin ölkəyə gəlib çıxmaması, yoxsulluğun azalmaması xarici borcların artmasına səbəb olub. Eyni zamanda, idarəçiliklə bağlı problemlər xarici investorları çəkindirir. Görünən odur ki, risq etmək istəmirlər. Çünki bu ölkədə risq dərəcəsi böyükdür. Bu səbəbdən Ermənistana sərmayə qoymaq istəmirlər”.
Vidadi ORDAHALLI