Ötən il ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağını və bunun iki ölkə əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacağını qeyd etmişdi:
“Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığımızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.
Birləşmiş Ştatların bu gün dünyada bütün parametrlərə görə super güc olması danılmaz reallıqdır. Dünyadakı geosiyasi proseslərə ABŞ-ın təsir imkanları daha böyükdür. Bütün bunları nəzərə alsaq, Trampın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi pozitiv yönümlü mesajlardan bir il vaxt keçsə də, münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur. Baxmayaraq ki, Trampın sözügedən fikirləri Qarabağ münaqişəsinin həllinə böyük ümidlər yaratmışdı.
Maraqlıdır, ötən bir ildə deyilənlərin özünü doğrultmaması ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində passiv mövqe tutması ilə bağlıdır, yoxsa Ermənistan hakimiyyətinin danışıqlarda sərgilədiyi qeyri-konstruktivliklə əlaqədardır?
Əli Orucov: “ABŞ-ın Qarabağ münaqişəsinin həllində mövqeyi çox passivdır”
Məsələyə münsibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, hər iki amilin münaqişənin həll olunmamasında rolu var: “Ancaq Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması daha çox Ermənistanın danışıqlarda uzun illərdir sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlıdır. Çünki reallıq ondan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmaq istəmir. Ölkədə hakimiyyətə kim gəlsə də, bu yöndə proseslərə müsbət impuls vermir. Baxın, Paşinyan ötən bir ildə Dağlıq Qarabağ məsələsində daha radikal mövqe sərgiləyir. Separatçıların danışıqlarda iştirak etməsi təşəbbüsü ilə çıxış edir. Onun bu istəyinin Azərbaycan və həmsədrlər tərəfindən qəbul edilməməsinə baxmayaraq, Paşinyan bu mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu isə danışıqların müsbət nəticə verməyəcəyindən xəbər verir. Ancaq o da var ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi çox passivdır. Bu bir reallıqdır və bunu danmaq olmaz. ABŞ 2001-ci ilin yazında Corc Buşun prezidentliyi dövründə münaqişənin həlli ilə bağlı səy göstərdi. Bununla bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Ki-Uestdə danışıqlar keçirildi. Ancaq nəticə əldə olunmadı. Ondan sonra ABŞ münaqişənin həlli ilə bağlı xüsusi səy göstərmədi, təşəbbüslə çıxış etmədi. Fikirləşdilər ki, onsuz da, pis-yaxşı, atəşkəs var, enerji və nəqliyyat layihələri reallaşır. Bununla yanaşı, Rusiyanın bu məsələdə əsas oyunçu olduğunu nəzərə alıb hansısa səy göstərmədilər. Həmçinin, Tramp ötən il münaqişənin həlli ilə bağlı müsbət mesajlar versə də, bunu reallaşdırmaqla bağlı səylərini artırmadı. Düzdür, Boltonun bölgəyə səfərləri oldu, amma daha sonra bu yöndə hansısa aktivlik müşahidə olunmadı. Bütün bu səbəblər üzündən münaqişənin həlli yubanır. Halbuki, rəsmi Vaşinqton, praktiki olaraq, bu istiqamətdə resurslarını işə salsa, müsbət nəticə əldə etmək olar”.
Vidadi ORDAHALLI