İngiltərənin "Arsenal" klubu erməni futbolçu Henrix Mxitaryanla yollarını ayırmaq niyyətindədir.
Klub rəhbərliyi Mxitaryanın Premyer Liqadakı çıxışından narazıdır. O, artıq özünü doğrultmur, ona görə də çox vaxt ehtiyatda saxlanılır. Bu səbəbdən onun başqa bir komandaya satılması planlaşdırılır.
Qeyd edək ki, Mxitaryan, təhlükəsizliyini əsas gətirərək UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final görüşündə iştirak etməkdən imtina edib. Halbuki Azərbaycan onun təhlükəsizliyinə tam təminat verirdi.
Bunu elə Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan da təsdiqləyir. Hakobyan özünün “Facebook” səhifəsində yazır: “Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib. Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib”.
Azərbaycanda indiyə qədər keçirilən idman və digər mühüm tədbirlərdə ermənilərin də iştirak etdiyi məlumdur. Ancaq onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşandığına dair bir dənə də olsun fakt yoxdur. Yəni Azərbaycan buraya gələn digərləri ilə yanaşı ermənilərin də təhlükəsizliyini tam təmin edib.
Ümumiyyətlə mühüm tədbirlər ərəfəsində Azərbaycana qarşı bu cür təxribatçı şouların dəfələrlə şahidi olmuşuq. Elə bu dəfə də Mxitaryan təhlükəsizliyi məsələsilə Azərbaycanı istəməyən xarici qüvvələrin ölkəmizə qarşı çirkin kampaniya təşkil etmək məqsədi daşıdığı ortadadır.
Təbii ki, Mxitaryan özü də bu qalmaqalda maraqlı olub. Zəif nəticə göstərdiyi üçün satılacağına şübhəsi olmayan oyunçu özünü reklam edib, qiymətini artırmaq üçün bu qalmaqalın yaranmasında birbaşa maraqlı olub. Çünki özünü doğrultmayan futbolçu təxribatçı şoula bütün dünya mediasının gündəminə gəlib, potensialından artıq dərəcədə reklam edilib.
Elə Mxitaryanın milli kimliyilə şou düzəldən “Arsenal” da, bunda maraqlı ola bilərdi. Məqsəd isə onu reklam edib daha baha qiymətə satmaqdı. Digər tərəfdən “Arsenal”ın erməni futbolçu təxribatına qoşulması, istisna deyil ki, gələcək məğlubiyyətdən sığortalanmaq məqsədi daşıyıb.
Baki-xeber.com