21/11/2019 11:50
728 x 90

Qarabağ danışıqları prosesində Rusiyanın bəzi köhnə layihələri yenidən aktuallaşır...

“ATƏT-in Minsk Qrupu Rusiyanın bu məsələdə təsir imkanlarının daha çox olduğunu müəyyən mənada nəzərə alır”

img

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcəklər. Məlum olduğu kimi, bunu nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi” və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub: “Bu məqsədlə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və İrəvan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlə məşvərətlər davam edir”.

Rusiya XİN-dən onu da bildiriblər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçirilmiş görüş zamanı tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər.

Görünən odur ki, ATƏT-in Minsk Qrupu sözügedn məsələ ilə bağlı Rusiyanın təkliflərinə önəm verir. Özü də illər öncə irəli sürülən təkliflərə.

Bütün bunlar nədən irəli gəlir və ekspertlər bunu necə dəyərləndirirlər?

  • Elçin Mirzəbəyli: “Ancaq təəssüflər olsun ki, nə Sarkisyanın zamanında, nə də indiki Paşinyanın hakimiyyəti dövründə girovların...”

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu Rusiyanın bu məsələdə təsir imkanlarının daha çox olduğunu müəyyən mənada nəzərə alır: “Bu səbəbdən sözügedən məsələyə etiraz etmirlər. Şübhəsiz ki, Rusiya böyük dövlətdir və Azərbaycanın qonşusudur. İki ölkə arasında sıx münasibətlər var. Bu aspektdən də Rusiyanın mövqeyinin hansısa formada nəzərə alınması, bu ölkənin təkliflərinə müəyyən qədər diqqətlə yanaşılması anlaşılandır. Ancaq girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə gəldikdə isə düşünürəm ki, Rusiyanın Həştərxan razılaşmasının həyata keçirilməsi ilə bağlı son 9 ildə kifayət qədər imkanları olub. Ancaq təəssüflər olsun ki, nə Sarkisyanın zamanında, nə də indiki Paşinyanın hakimiyyəti dövründə girovların dəyişdirilməsi ilə bağlı Rusiyanın israrlı mövqeyinin şahidi olmamışıq. Bu elə bir məsələdir ki, yalnız eqzentrik xarakter daşımır. Bu məsələ həm də humanizm xarakterli bir məsələdir. Hətta qanlı müharibələrin getdiyi bir zamanlarda, beynəlxalq hüquq anlayışı olmayanda belə, dövlətlər müvafiq addımlar atırdılar. Ancaq Ermənistan hələ də feodal təfəkkürdən əl çəkmədiyinə görə nə beynəlxalq hüququn prinsiplərini anlayır, nə də humanizm prinsiplərini başa düşür. Ona görə də həmsədrlər bu məsələ ilə bağlı konkret mövqe sərgiləməlidirlər. Ancaq hələ ki, biz bunu görmürük”.

Vidadi ORDAHALLI

Son xəbərlər