25/08/2019 23:01
728 x 90

Azərbaycanın bütün Ermənistan ərazisini tam nəzarət və müşahidə altında saxlamasının hərbi mexanizmi...

“Söhbət ondan gedir ki, Ermənistanda və işğal olunmuş ərazilərdə vacib hədəfləri görürük”

img

Məlum olduğu kimi, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirib. Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülüncdür və onun hərb işində diletant olduğunu göstərir: “Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan jurnalistlərə açıqlamasında guya Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib.

Ermənistanın Azərbaycanla müqayisədə məhdud resurslara malik olduğu reallıqdır. Ən azından ona görə ki, Ermənistanın iqtisadi vəziyyəti ən müasir texniki vasitələri əldə etməyə imkan vermir. Azərbaycan isə ən müasir texniki vasitələrə malikdir.

Bu baxımdan, Azərbaycanın işğal olunmuş əraziləri ilə yanaşı, hətta Ermənistanın bütün ərazisinin tamamilə ordumuzun bölmələrinin nəzarəti və müşahidəsi altında olmasının mexanizmi nədən ibarətdir?

  • Şair Ramaldanov: “Onlara zərbə vurmaq lazım gələndə, vacib məlumatları atəş açan vasitələrə ötürə bilirik”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın malik olduğu müasir texniki vasitələrin imkanları ilə Ermənistanı müşahidə altında saxlamaq çətin deyil. Bununla bağlı müəyyən proqlamlar var və onlar peykə bağlıdır. Yəni peykdən nəzarət etməklə bu işi həyata keçirmək mümkündür. Bir məqamı qeyd etmək lazımdır ki, Azərbaycanın özünün də peyki var. Özü də ən yüksək kosmik vasitələrlə təmin edilib. Bunun özü çox önəmli məqamdır. Digər texniki vasitələrimiz də var. Məsələn, Azərbaycanın hava hücumundan müdafiə sistemləri var. Hansı ki, həmin vasitələr Ermənistan ərazisini nəzarətdə saxlamağa imkan verir. Başqa bir tərəfdən, müəyyən silahlı qüvvələr növünə aid digər texniki vasitələr də var. Həmin texniki vasitələr hesabına Ermənistanın dərinliklərini, işğal olunmuş əraziləri nəzarət və müşahidə altında saxlamaq mümkündür. Bunun əsasında Ali Baş Komandan çıxışlarının birində demişdi ki, biz Ermənistanın bütün hədəflərini atəş altında saxlamaq qüdrətinə malikik.

Bizim bir üstünlüyümüz də ondan ibarətdir ki, Naxçıvan coğrafi baxımdan İrəvana yaxın olduğu üçün nəzarət baxımından əlverişli imkanlar yaradır. Bunun mexanizmi deyəndə söhbət ondan gedir ki, Ermənistanda və işğal olunmuş ərazilərdə vacib hədəfləri görürük. Eyni zamanda, oradakı hərəkətləri nəzarət və müşahidə altında saxlayırıq. Həmin obyektlərdə hər hansı hərəkətlilik müşahidə edilir. Onlara zərbə vurmaq lazım gələndə, vacib məlumatları atəş açan vasitələrə ötürə bilirik. Nəzarət və müşahidə deyəndə söhbət bunlardan gedir”.

Vidadi ORDAHALLI

Son xəbərlər