20/06/2019 05:44
728 x 90

Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini də saxtakarlıqla erməniləşdirdilər

“Bu gün ermənilərin şuşalılar tərəfindən “rus kilsəsi” kimi tanınan rus-pravoslav kilsəsini erməniləşdirməsi böyük saxtakarlıqdır”

img

Ermənilərin uzun illərdir işğal altında saxladıqları Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi, dini abidələri saxtalaşdırması, onları qəsdən erməniləşdirməsi faktları mövcuddur. Onların bu istiqamətdə fəaliyyətləri günü-gündən daha da genişlənir. Ermənilər orada yalnız alban dövrü Azərbaycan abidələrini, eləcə də məscidləri deyil, həm də rus-pravoslav kilsəsini erməniləşdirməkdən çəkinmirlər.

İki əsrdir rusların himayəçiliyi ilə Qafqazda kök salan, Azərbaycan torpaqları üzərində özlərinə dövlət quran, torpaqlarımızı işğal edən ermənilər Şuşadakı rus pravoslav kilsəsinin də quruluşunu dəyişərək onu erməni kilsəsinə çeviriblər.

Ermənilərin Şuşadakı rus-pravoslav kilsəsinə qarşı həyata keçirdikləri saxtakarlıq məsələsi “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşündə də müzakirə edilib. Sözügedən görüşdə çıxış edən Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, ermənilər Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onları məlumatlandırmayıblar: "Qarabağ Azərbaycan torpağıdır. Qarabağ, İrəvan xanlıqları olub. Dağlıq Qarabağdakı rus-pravoslav kilsələri də Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir".

Qeyd edək ki, məlumatlara görə, ermənilər yalnız Şuşadakı rus-pravoslav kilsəsini erməniləşdirməyiblər, Ermənistan ərazisində olan bu cür kilsələrə də əl uzadıblar.

  • Faiq İsmayılov: “Rus-pravoslav kilsəsi kimi fəaliyyət göstərən bu kilsə Qarabağ xanının divanxanası idi”

Erməni saxtakarlığının xərcəng sürəti ilə bütün Qafqaza, ərtaf ölkələrə, dünyaya yayıldığını deyən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə rus-pravoslav kilsəsinin erməniləşdirilməsinin növbəti erməni saxtakarlığının göstəricisi olduğunu bildirdi: “Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında abidələrimizə qarşı həyata keçirdikləri saxtalaşdırma və terror əməlləri bir faktdır.

Ermənilərin Şuşadakı rus-pravoslav kilsəsinə qarşı həyata keçirdikləri bu saxtakarlığın kökündə, mahiyyətində onların çirkin əməlləri dayanır. Faktiki olaraq Şuşada üç kilsə fəaliyyət göstərir. Bədnam “Türkmənçay” müqaviləsindən sonra Rusiya qoşunları, Şuşa da daxil olmaqla, Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmişdi. Orada rus ordusunun bir qarnizonu vardı. Şuşada heç bir Qafqaz dövrü kilsə abidəsi də yoxdur ki, o vaxt onlar bu tikilidən kilsə kimi istifadə etsinlər. Şuşada Qarabağ xanlığının divanxanası var və həmin dövrdə divanxana binası boş idi, istifadə olunmurdu. O vaxt ruslar gətirib həmin divanxananın üzərinə bir zəng asdılar və məqsədləri o idi ki, zəng vurulanda rus əsgərləri qaldıqları yerdə ibadətlə məşğul olsunlar. Sonra zaman keçdi, bu zəngin qülləsini yenidən inşa etdilər qaldırdılar. Şuşalılar da həmişə bu tikiliyə rus kilsəsi deyirdi.   Yəni rus-pravoslav kilsəsi kimi fəaliyyət göstərən bu kilsə Qarabağ xanının divanxanası idi, sonra bu şəkildə kilsəyə çevrildi. 1918-ci ildə Şuşada erməni dövləti yaratmağa cəhdlər olub və həmin dövrdə Xosrov bəy Sultanov onları oradan dağıdıb. Erməni yazıçısı Şahnazaryan öz kitabında yazır ki, biz rus zabitləri ilə gedib Şuşadakı rus kilsəsində görüşdük. Yəni burada “erməni kilsəsi” adlı bir tikili olmayıb, əgər olsaydı, bunu mütləq erməni yazıçısı yazardı. O kilsəyə keçən əsrin 70-ci illərinə qədər rus kilsəsi deyiblər, yəni o kilsənin ermənilərlə heç bir əlaqəsi yoxdur. Sonra ermənilər həmin dövrdə bizim maliyyəmiz hesabına orada kilsə tikdilər. Orada bir Qazançı kilsəsi də var, o həmin kilsədən fərqlidir. Həmin kilsə Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilib və çox kiçik bir kilsə idi. İndi onu da böyüdüblər. Ermənilər XX əsrin əvvəllərindən Şuşada kilsə tikiblər, ondan əvvəl isə burada, dediyim kimi, erməni kilsəsi olmayıb. XVIII-XIX əsrlərdə Şuşada erməni kilsəsi yox idi. Heç rus kilsəsi də olmayıb, sadəcə, qeyd etdiyim kimi, burada “rus kilsəsi”ni ifadə edən bir zəng qülləsi olub. Bunun da məqsədi rus hərbçilərini ibadətə çağırmaq idi. Çünki elə bir tikili yox idi ki, onlar ora toplaşıb kütləvi ibadətlə məşğul olsunlar. Bu gün ermənilərin şuşalılar tərəfindən “rus kilsəsi” kimi tanınan rus-pravoslav kilsəsini erməniləşdirməsi böyük saxtakarlıqdır”.

İradə SARIYEVA

Son xəbərlər