27/06/2019 11:13
728 x 90

Ermənistan ermənipərəstlikdə ad çıxarmış məşhur “Regnum” agentliyinə və onun sahibi Kolerova niyə düşmən oldu...

“O sırf Qarabağ separatçılarının mövqeyindən çıxış etdiyinə görə Ermənistan mətbuatında ona qarşı hücumlar artır”

img

Son vaxtlar Ermənistanda Modest Kolerova qarşı ciddi kampaniya başlayıb. Məlumat üçün qeyd edək ki, 1963-cü ildə Rusiyada anadan olan M.Kolerov 1989-cu ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. İxtisasca tarixçi olsa da, Kolerov əsasən mətbuatla bağlı sahələrdə çalışıb. Müxtəlif saytlara rəhbərlik edib. 1999-2001-ci illərdə Sankt-Peterburq qubernatorunun məsləhətçisi olub. Daha sonra Rusiya Prezident Administrasiyasının regional və mədəni əlaqələr idarəsinin rəisi olub.

Ancaq M.Kolerovun əsas fəaliyyəti "Regnum" informasiya agentliyi ilə bağlı olub. Belə ki, Kolerov 2002-ci ildə adıçəkilən agentliyi təsis edib və həm də onuun baş redaktorudur. Çoxlarına da sirr deyil ki, “Regnum” agentliyi yarandığı gündən ermənipərəst mövqeyi ilə seçilib. Hər zaman ermənilərin mənafeyinə xidmət edən birtərəfli və qərəzli informasiya siyasəti həyata keçirib.

Maraqlı olan məqam odur ki, son vaxtlar Ermənistan mətbuatında Kolerova yönəlik güclü kampaniya başlayıb. Ona qarşı müxtəlif çağırışlar səslənir. Onu qondarma “DQR”də dağıdıcı iş aparmaqda ittiham edirlər. Ermənilərin məşhur “miatsum” (birləşmək) ideyasına zərər vurmaqda günahlandırırlar. Hətta o, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmaqda da ittiham edilir. Vəziyyət o yerə gəlib çatıb ki, Kolerovun ölkəyə girişinə qadağa qoyulması ilə bağlı fikirlər səsləndirilir.

Maraqlıdır, ermənipərəstliyi ilə seçilən M.Kolerova münasibət birdən-birə niyə dəyişib? Baş verənlərin kökündə nə dayanır?

  • Mübariz Əhmədoğlu: “Son vaxtlar Paşinyan hakimiyyətinin fəaliyyətini tənqid edir”

Sözügedən məsələyə aydınlıq gətirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bunu bir sıra amillərlə əlaqələndirdi: “Ermənistanda M.Kolerova qarşı kampaniyanın aparılmasının kökündə hazırki hakimiyyət dayanır. Çünki son vaxtlar o, Paşinyan hakimiyyətinin fəaliyyətini tənqid edir. Kolerov "Regnum" informasiya agentliyinin həm təsisçisidir, həm də direktorudur. O bir müddət Rusiya Prezident Administrasiyasının regional və mədəni əlaqələr idarəsinin rəisi işləyib. Onun keçmiş həyat yoldaşlarından biri erməni olub. Bir məqamı da qeyd edim ki, Kolerovun əsas niyyəti Dağlıq Qarabağdakı separatçıların “müstəqilliyinə” nail olmaqdır. Ermənistanda ötən il baş verən məlum hakimiyyət dəyişikliyindən sonra Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında ziddiyyətlər dərinləşib. Kolerov da açıq şəkildə Qarabağdakı ermənilərin mövqeyindən çıxış edir. Bu da Paşinyan hakimiyyətinin xoşuna gəlmir. Kolerov ermənipərəst olaraq qalır, sadəcə olaraq, Paşinyan və onun komandasını tənqid edir. Bu səbəbdən də Ermənistan mətbuatında ona qarşı hücumlar başlayıb. Bu həmin M.Kolerovdur ki, separatçıların lideri Bako Saakyanı 2 dəfə Moskvaya aparıb. Moskvada Saakyan üçün görüşlər təşkil edib. Saakyan hətta gedib Moskvada Kolerovun evində yaşayıb. Kolerov bu dərəcədə ermənipərəst və pula bağlı adamdır. Bir məqamı da qeyd edim ki, Kolerov bir neçə dəfə işçisi Stanislav Tarasovla Dağlıq Qarabağdan İrana gedib. Orada İran rəsmiləri ilə görüşüb və sonra eyni marşrut üzrə geri qayıdıb. Bir daha qeyd edim ki, o sırf Qarabağ separatçılarının mövqeyindən çıxış etdiyinə görə Ermənistan mətbuatında ona qarşı hücumlar artır”.
Vidadi ORDAHALLI

Son xəbərlər