20/06/2019 05:47
728 x 90

Paşinyan Qarabağ müharibəsində qaçılmaz məğlubiyyətin məsuliyyətini qondarma rejimin üstünə qoymaq üçün əsaslar hazırlayır

img

Bu gün Cənubi Qafqazda ciddi təhdid mənbəyi kimi çıxış edən Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi artıq dünya miqyasında da açıq etiraf olunmaqdadır. Çünki münaqişənin hər an qaynar mərhələyə keçmək ehtimalı getdikcə artır və belə hal regionda həyati maraqları olan böyük güclər, o cümlədən Rusiya, ABŞ, Avropa İttifaqı üçün də sərfəli sayılmır.

Digər tərəfdən, məhz həmin böyük güclər artıq dünyanın bir çox bölgəsində qarşı-qarşıya gəldiklərindən, eyni halın Qafqazda da təkrarlanmasını istəmirlər. Həm də burada o da nəzərə alınır ki, Qafqazda ziddiyyətlər dərhal bütün MDB məkanını, o cümlədən də Mərkəzi Asiyanı əhatə edəcək. Bu isə onsuz da qarşıdurmalarda bir-birinə qarşı yetərincə güc sərf edən dövlətlər və təşkilatlar üçün indiki halda qətiyyən sərfəli sayılmır.

Bütün bu qeyd edilənlər fonunda artıq bəllidir ki, dünya nizamının müəyyən edilməsində rol oynayan ölkələr Qarabağ konfliktinin dinc müstəvidə çözümünü istəyir. Onlar eyni zamanda bunun da fərqindədirlər ki, məsələnin sülh yolu ilə həlli üçün artıq əməli addımların atılmasının vaxtıdır. Əks təqdirdə savaş qaçılmaz olacaq və ərazi bütövlüyünün bərpası prosesinin uzanmasını istəməyən Azərbaycan buna tam hazırdır. Məhz belə vəziyyətdə münaqişənin dinc müstəvidə həlli üçün Qafqazda böyük təsir imkanlarını hələ də saxlamağı bacaran Rusiyanın əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Eyni sözləri ABŞ barədə də demək olar. Ermənistanda isə hesab edirlər ki, hadisələrin məhz bu səpkidə inkişafı Qarabağ üzərində İrəvanın nəzarəti itirməsilə yekunlaşacaq. Erməni politoloq Qarik Keryan bildirir ki, indilikdə qeydə alınan vəziyyət Azərbaycanın Qarabağ məsələsində məqsədinə daha sürətlə yaxnlaşdığını göstərir. Onun sözlərinə görə, Rusiya və ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və elə bu da onların Qarabağ münaqişəsinin həllini hansı formada görmək niyyətlərini açıq şəkildə meydana qoyur: “O da mühüm faktordur ki, ABŞ və Rusiyanın Qarabağ münaqişəsinin həllinə yanaşması, demək olar, üst-üstə düşür. Rusiyanın ardınca, artıq Tramp administrasiyası hazırda bölgədə böyük əhəmiyyətə malik olan Qarabağ münaqişəsinin həllinə diqqət ayırır. ATƏT-in Minsk Qrupu isə Rusiya ilə ABŞ-ın əməkdaşlıq etdiyi nadir formatlardan biridir. Bu mənada, ABŞ-ın Qarabağ məsələsində artan fəallığı Moskvanı narahat etmir”. O qeyd edib ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan artıq yaxın vaxtlarda Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tuta biləcəyinə işarə edib. Erməni politoloqun fikrincə, görüşlərlərin detalları gizli saxlandığına görə, görüşlər barədə yalnız ümumi məlumat əldə edə bilirlər: “Buna görə də, görüşlərin məzmun hissəsini müzakirə etmə imkanım yoxdur. Lakin 2018-ci ildə baş tutan görüşlərlə müqayisədə, görüşlərin hazırda daha intensiv keçirilməsini nəzərə alarsaq, müəyyən etimadın formalaşdığı hiss edilir. Hər iki tərəf müzakirə aparır və məsələni irəli çəkmək üçün səylər göstərir. Görüşlərin intensivliyində müsbət irəliləyiş var”.  
Keryan onu da vurğulayıb ki, ABŞ-ın münaqişə üzrə maraqları olmasaydı, Minsk Qrupunun həmsədr ölkələrindən biri olmazdı: “Digər həmsədr ölkələr kimi, Birləşmiş Ştatlar da vaxtaşırı bu məsələdə öz töhfəsini verir. İndiki məqamda yüksək səviyyəli görüşün ABŞ-da keçirilməsi çox əhəmiyyətlidir. Bu, ölkə rəhbərləri və xarici işlər nazirləri səviyyəsində uzun müddətdir ABŞ-da görüş keçirilmədiyi baxımından da əhəmiyyətlidir. Tramp administrasiyası hazırda bölgədə böyük əhəmiyyətə malik olan Qarabağ münaqişəsinin həllinə diqqət ayırır. Nəhayət sırf nizamlanma prosesi baxımından yanaşsaq, prosesin hər hansı həmsədr tərəfindən manipulyasiya edilməməsi vacibdir. İstənilən manipulyasiya müxtəlif xarakterli risqlərə gətirib çıxara bilər. Belə olan halda tarazlaşdırılımış siyasət və bütün həmsədr ölkələrin cəlb edilməsi kifayət qədər vacibdir”. 
Qeyd edək ki, hələ bu ilin aprel ayında Moskvada Rusiya xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşayiəti ilə keçirilən görüşündən bir neçə gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton tərəfindən növbəti görüşün ABŞ-da təşkil edilməsinin təklif edildiyini açıqlayıb. Artıq İrəvan da faktı təsdiq edib. Bu fonda ABŞ  rəsmi Vaşinqtonun sülh yolu ilə nizamlanma üzrə məsuliyyətini davam etdirəcəyini vurğulayıb. Erməni ekspert Kiro Manoyan isə bu durumda iddia edir ki, Vaşinqton tezliklə Qarabağ məsələsində güzəştə getmək üçün Ermənistana təzyiq etməyə başlayacaq. O hesab edir ki, tezliklə ABŞ tərəfindən İrəvandan Dağlıq Qarabağ məsələsində güzəşt edilməsi tələb olunacaq: “Bu, Ermənistanın həmin təzyiqlərə yer verəcəyi anlamına gəlmir, amma təzyiqlər olacaq”. Hesab edilir ki, ABŞ və Rusiya Ermənistana Qarabağ məsələsində real təzyiqlər göstərsə, işğalçı ölkə münaqişənin dinc müstəvidə çözümü üçün artıq real addımlar atar. Əks təqdirdə, yuxarıda qeyd olunduğu kimi, məsələnin güc yolu lə həlli qaçılmaz olacaq və bunu işğalçı Ermənistanda da istisna etmirlər. Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan bununla bağlı bildirir ki, Nikol Paşinyan Qarabağ məsələsində ciddi təzyiq altındadır: “Böyük dövlətlərin təzyiqləri artır. Paşinyan ya sülh, ya da hərb yolu ilə münaqişəyə dair tezliklə müəyyən addımlar atmalı olacaq. Onun Azərbaycanın istəyi ilə razılaşması elə də asan deyil. Belə olan halda savaş ehtimalı artır və burada Ermənistanın qalib olacağını demək mümkün deyil. Bu səbəbdən Paşinyan mümkün döyüşlərin günahlarını əvvəlcədən Qarabağdakı rejimin  üzərinə atmağa çalışır”. O qeyd edib ki, bir vaxtlar da Saakaşvili müharibənin günahını Rusiyanın üzərinə atıb: “Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili 2008-ci ildə müharibənin günahını Rusiya üzərinə ataraq, Abxaziya və Cənubi Osetiyanı itirib. 2019-cu ildə isə Nikol Paşinyan mümkün döyüşlərin günahlarını əvvəlcədən Qarabağdakı rejimin üzərinə atır”.

Məhz belə bir vaxtda Azərbaycan ordusunun mart ayından etibarən 3-cü dəfə hərbi təlimlər keçirməsi düşmən ölkədə birmənalı qarşılanmayaraq rezonans doğurub. Ordumuzun təlimlərinə xüsusi diqqət yetirən erməni mətbuatı bunu böyük dövlətlərin İrəvana artan Qarabağ təzyiqləri, eyni zamanda Ermənistandakı ictimai narahatlıqla üst-üstə düşdüyünü yazır. Bu fonda Azərbaycan ordusunun mayın 20-dən 24-dək keçirilən təlimlərinə toxunan erməni mətbuatı ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirdiyi bu təlimlərin növbəti Aprel savaşına hazırlıq olub-olmaması və Ermənistanın bu vəziyyətdə nə etməli olduğu sualına cavab tapmağa çalışıb. Hərbi ekspert Taron Ovannisyan 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopterimizin təlimə cəlb olunduğunu sadalayaraq, son iki ayda Azərbaycan ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib. Ekspert bildirib ki, rəsmi Bakı təlimlərin “əks-hücum” xarakterli olduğunu bəyan etməklə əslində əsl mövqeyini gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir. Bununla da Ovannisyan, əslində, Azərbaycan ordusunun hərbi təlimlərinin miqyas və xarakterinin Ermənistan üçün nə dərəcədə vahiməli olduğunu etiraf edib: “İstənilən halda, Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını əsas tərkib hissəsi hesab edir. Buna görə də, Azərbaycanda keçirilən təlimləri Ermənistan tərəfi ayrıntılı şəkildə izləməklə təhlil etməlidir”.  Erməni ekspert qeyd edib ki, ilk təlim martda, digəri isə mayda Türkiyə ilə birlikdə keçirilib və hazırda mayın 20-24-ü aralığında Azərbaycanın növbəti təlimləri davam edir: “Bildirilir ki, təlimlərin əsas məqsədi düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunların hücuma keçməsindən ibarətdir. Ssenariyə gəldikdə isə, bu mövzu əvvəlki təlimlərdən bir o qədər də fərqlənmir. Əks hücum ssenariləri son illər ərzində dəfələrlə keçirilib. İstənilən halda, Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını təlimlərin əsas tərkib hissəsi hesab edir. Buna görə də, Azərbaycanda keçirilən təlimləri Ermənistan tərəfi ayrıntılı şəkildə izləməklə təhlil etməlidir. Bu təhlil Azərbaycan tərəfinin hansı taktikanı tətbiq etdiyini, hansı ssenariləri nəzərdən keçirdiyini, qoşunların irəliləməsi üçün hansı alqoritmlərdən istifadə etdiyini anlamağa imkan verir. Bütün bunlar gələcəkdə konkret fəaliyyətlərin planlaşdırılması zamanı kömək edə biləcək çox vacib incəliklərdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, təlimlər Ermənistanın Qarabağ məsələsində ciddi beynəlxalq təzyiqlərlə üzləşdiyi bir vaxtda baş verir. Bütün bunların üst-üstə düşməsi isə bizim üçün müsbət heç nə vəd etmir”. 

Ümumiyyətlə, Ermənistanda hesab edirlər ki, Azərbaycan ordusunun intensiv şəkildə keçirilən irimiqyaslı hərbi təlimləri erməni tərəfinə təzyiq göstərməyə hesablanıb.  Digər tərəfdən düşmən tərəf ona xüsusi diqqət yetirir ki, təlimlərdə qoşunların əsas etibarı ilə hücum əməliyyatına hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi kimi hədəflərin qarşıya qoyulması Azərbaycanın savaşa hazırlığının göstəricisidir. Eyni zamanda təlimlərdə və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi də birmənalı qarşılanmır. Hesab olunur ki, bununla Azərbaycan məsələni güc yolu ilə həll etməyə tam hazır olduğunu və müasir silahlarla silahlanmış ordusunun qələbə çalacağına dair Ermənistana dəqiq mesajlar verir. Belə durumda beynəlxalq şəraitin də Azərbaycanın lehinə olması Ermənistanın artıq çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər