Məlumata görə, erməni separatçıları növbəti təxribata hazırlaşırlar. Belə ki, 3-15 iyunda Dağlıq Qarabağda tanınmayan “respublikaların” “futbol çempionatı”nı keçirməyi planlaşdırırlar. Qeyd edək ki, separatçı qurum ötən ildən buna hazırlaşır. İşğal altında olan Xankəndi, Ağdərə, Xocavənd və Əsgərandakı stadionlardan bu məqsədlə istifadə edəcəkləri gözlənir.
O da məlum olub ki, iştirakçılar arasında bu “respublikalar”ın komandaları var: Abxaziya, Cənubi Osetiya, Padaniya, Sardiniya, Laplandiya, Luqansk və Donetsk. Sözügedən separatçı qurumların 4-ü Rusiyanın nəzarəti altındadır. Başqa bir tərəfdən, separatçı qurum özü kimi qondarma qurumları “çempionata” dəvət edib.
Qeyd edək ki, sözügedən “çempionatı” keçirən “ConIFA” (Confederation of Independent Football Associations) təşkilatıdır. Bu təşkilat FİFA-ya daxil deyil. Separatçı bölgələri ətrafında birləşdirən təşkilatın mənzil-qərargahının İsveçdə yerləşdiyi deyilir.
Görünən odur ki, erməni tərəfi qondarma “DQR”in təbliğ edilməsi üçün bütün qanunsuz vasitələrdən istifadə edir. Gah turizm adından istifadə edib işğal altında olan ərazilərə qanunsuz səfərlər təşkil edirlər, gah da digər vasitələrə əl atırlar. İndi də “futbol çempionatı” adı altında növbəti təxribata hazırlaşırlar. Bunun qarşısını almaq üçün hansısa addımlar atmaq mümkündürmü? Ekspertlər bunu necə dəyərləndirirlər?
Fikrət Sadıqov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri məlumatlandırılmalıdır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, erməni separatçıları bundan təbliğat məqsədi üçün istifadə etmək istəyirlər: “Əvvəl də buna bənzər hallar olub. Bu da o baxımdan növbəti bir təxribatdır. Yəni separatçı qurumları dəvət edib “çempionat” keçirmək istəyirlər. Tanınmayan separatçı qurumların ora gəlməsi heç də o demək deyil ki, bunu beynəlxalq idman qurumları qəbul edəcək. “ConIFA” separatçıları təmsil edən qondarma bir qurumdur. Separatçı bölgələr öz aralarında idman tədbiri keçirmək istəyirlər. Sadəcə, qondarma “DQR” istəyir bundan təbliğat məqsədi üçün istifadə etsin. Azərbaycan bunun qarşısını almaq üçün nə mümkündürsə, onu etməlidir və müəyyən qabaqlayıcı addımlar atmalıdır. Hesab edirəm ki, bununla bağlı, ilk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədrləri məlumatlandırılmalıdır. Onlardan bununla bağlı müəyyən tədbirlərin görülməsini tələb etməliyik. Digər beynəlxalq qurumlara da müraciət etmək olar. Ora tanınmış bir ölkədən, beynəlxalq idman təşkilatından hansısa nümayəndə gələrsə, o zaman Azərbaycan həmin şəxsin adını “qara siyahı”ya salmalıdır. Həmin şəxs ölkəyə buraxılmamalıdır. Fikrimcə, bu istiqamətdə bizim müəyyən addımlarımız ola bilər. Düşünürəm ki, bu yöndə Azərbaycan bəzi addımlar atacaq. Bizdən nə asılıdırsa, onu etməliyik. Zatən bunu edirik. Elə məsələlər var ki, bizdən asılı deyil”.
Vidadi ORDAHALLI