Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq etirazlar artmaqdadır. Azərbaycanın daxilində bu məsələ geniş müzakirə edilir. Müxtəlif siyasi partiyalar, jurnalistlər, millət vəkilləri bu həbsi və jurnalistin işgəncəyə məruz qalmasını pisləyiblər.
Tanınmış jurnalist F.Abbasovun həbsinə münasibət bildirənlərdən biri də Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov olub. O öz sosial şəbəkə hesabında fikirlərini bölüşüb və qeyd edib ki, F.Abbasov Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edib: “F.Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir”.
MŞ sədri jurnalistin vəkili Elman Paşayevlə əlaqə saxladığını qeyd edib: “Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür ki, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq”.
Çox maraqlıdır ki, F.Abbasov kimi tanınmış jurnalistin həbsinə dünyanın nüfuzlu jurnalist təşkilatları və insan haqları müdafiəsi qurumlarının heç bir reaksiyası yoxdur. Biz görmüşük ki, Azərbaycanla bağlı hadisələrdə sözügedən təsisatlar çox fəallıq göstərirlər. Ölkədə hansısa icazəsiz aksiyada polis jurnalistə “bir az o tərəfə çəkil” deyəndə belə bunu mediaya basqı kimi dəyərləndirən beynəlxalq qurumlar susurlar. Biz hər zaman qeyd etmişik ki, Azərbaycana qarşı qərəzli olan həmin qurumlarda erməni təsiri güclüdür. Əksəriyyətinin rəhbərliyində ermənilər təmsil olunurlar. Məlumdur ki, F.Abbasovun həbs edilib, işgəncəyə məruz qalmasında Rusiyadakı erməni diasporunun rolu olub. Onlar bir müddət əvvəl Fuadla bağlı Rusiya hüquq-mühafizə orqanlarına şikayət etmişdilər ki, soydaşımız olan jurnalist guya orada milli zəmində ədavəti qızışdırır. Belə olan halda, beynəlxalq qurumların Fuadın həbsindəki susqunluğunu erməni təsiri ilə izah etmək olarmı?
Yadigar Məmmədli: “Belə bir situasiya ilə hər hansı bir avropalı jurnalist, hətta bloger rastlaşsaydı, biz tam fərqli mənzərənin şahidi olardıq”
Media məsələləri üzrə ekspert Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu amil doğrudan da açıq nəzərə çarpır və çoxlu sual yaratmış olur: “F.Abbasov kifayət qədər tanınmış jurnalistdir. Onun həbsi ciddi rezonansa səbəb olub. Yəni elə bir hadisə deyil ki, kimsə “xəbərimiz olmayıb” deyib yaxasını kənara çəkə bilsin. Beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatlarının susqunluğunu bir neçə amillə izah etmək olar. Erməni barmağı burda birincidir. Çünki dünyanın nüfuzlu media qurumları və dediyiniz profilli təşkilatlarda çoxlu sayda erməni əsilli jurnalist çalışır. Onlar da hər vəchlə, imkan düşdükcə, Azərbaycana aid olan məsələlərdə işi öz istədikləri səmtə yönəldə bilirlər. Burada başqa bir cəhət də var. Lap erməni məsələsini qoyaq bir qırağa. Artıq bir həftədir bir jurnalistin peşə fəaliyyətinə mane olunub, ona qarşı qeyri-insani rəftar var ortada, amma həmin təsisatlar tam susqundurlar. Həmin təşkilatlar bu qınağın altından necə çıxa biləcəklər? Fuada qarşı hərəkətlər beynəlxalq qanunların kobud şəkildə pozulması ilə həyata keçirilib. Onun azadlığı tələb edilməsə də, ən azından, faktın pislənməsi ilə bağlı mövqe ortaya qoyulmalı idi. Bəli, biz Azərbaycanda baş verən xırda hadisəyə belə onların toplum şəklində sərt bəyanatlar verməsini görmüşük. Bu hadisə bir daha bizim həmin təşkilatların fəaliyyətində ikili standartların olduğu ilə bağlı dediklərimizi təsdiq etmiş olur. Əminəm ki, belə bir situasiya ilə hər hansı bir avropalı jurnalist, hətta bloger rastlaşsaydı, biz tam fərqli mənzərənin şahidi olardıq. Çox uzağa getməyək, Lapşinlə bağlı məsələ arasında bir paralel aparsanız, hər şey aydın olar. Çox təəssüf ki, özünü ədalət carçısı kimi təqdim edən qurumlar F.Abbasovla bağlı məsələdə həm erməni əlinə oynayır, həm də öz üzərlərinə düşən missiyanı zərrə qədər də olsun yerinə yetirmirlər”.
Məhəmmədəli QƏRİBLİ