Moskva Əfqanıstanın şimalındakı Xorosanda yerləşən İŞİD terrorçularından narahatdır. Sözügedən terrorçular bu bölgəyə Suriyadan gəlib.
Baki-xeber.com xəbər verir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov Əfqanıstanın MDB ölkələri ilə sərhəd bölgələrinə 5 minə yaxın terrorçunun toplaşdığını bəyan edib.
FTX rəhbəri bildirib ki, terrorçular Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır.
"İraq və Şam İslam Dövlət (İŞİD) terror təşkilatının filialı olan "Vilayət Xorasan" hazırda təxminən 5 minə qədər yaraqlısını MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarına cəmləşdirib" – Bortnikov deyib.
FTX rəhbərinin sözlərinə görə, Suriyada məğlubiyyətə uğradılan İŞİD terrorçuları bu ölkədən ayrılaraq, Xorosanda yerləşiblər. Bortnikov xüsusilə terrorçu qrupların Əfqanıstanın şimal bölgəsində yenidən cəmləşməsinin narahatlıq doğurduğunu deyib.
Moskva, həmçinin, keçmiş Sovet ölkələri kəşfiyyat şeflərinə də bununla bağlı xəbərdarlıq edib və sərhəd nəzarətini gücləndirməyə çağırıb.
Qeyd edək ki, ABŞ ordusu hazırda Əfqanıstanda 2 minədək İŞİD döyüşçüsünün olduğunu bildirir.