Məlum olduğu kimi, bu günlərdə İrəvan məhkəməsi eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağdakı separatçı rejimin “prezidentinin” müraciəti əsasında zaminə buraxıb. Bundan qəzəblənən baş nazir Nikol Paşinyan Ermənistanda inqilabın “ikinci mərhələsinin” başladığını elan edib və məhkəmələrə əl gəzdiriləcəyini bildirib. Bu fonda “1-in.am” saytı Ermənistanda hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyinə dair maraqlı yazı dərc edib.
Qeyd olunur ki, Ermənistanda hadisələrin inkişaf axarı burada ziddiyyət və qarşıdurmaların hələ yaxın perspektivdə sona çatmayacağını göstərir: “Baş nazir Nikol Paşinyan məhkəmənin Robert Köçəryan haqda qərarına sərt reaksiya verməklə Ermənistan inqilabının ikinci, ən önəmli mərhələsinə start verildiyini bildirib. Görünür, baş nazir unudub ki, inqilabın ikinci mərhələsinin başlanmasına başqa xüsusda artıq start verib, hər halda bizə dövlət statistika göstəricilərinə görə gerçəkliyə çevrilməkdən uzaq olan iqtisadi inqilab vəd edilib. Hər necə olsa da, mövzunun özünə dönək və qeyd edək ki, kənar adam Paşinyanın bəyanatları ilə tanış olarsa, təəssürat doğa bilər ki, bunun müəllifi ölkənin baş naziri deyil, inqilaba hazırlaşan müxalifət lideridir.
Prinsipcə, cəmiyyət məhkəmə-hüquq sistemini islah edə biləcək istənilən təşəbbüs uğrunda çıxış edir. Hətta bu xeyli əvvəllər, inqilabın qələbəsindən bir an sonra edilməliydi, o biri yandan, istənilən təşəbbüsün leqal – qanun çərçivəsində olması çox önəmlidir. Paşinyanın qalmaqallı mövqeyi bu planda nikbinlik üçün heç bir özəl əsas yaratmır, çünki icra hakimiyyətinin başçısı açıqca hakimiyyətin başqa qanadını bloklamağa gedir.
İndiki anda məlumatımız son dərəcə məhduddur. Bəllidir ki, Paşinyan səhər məhkəmə qurumlarının başçıları ilə görüşüb, Konstitusiya Məhkəməsinin sədri Hagik Arutyunyan isə keçmiş DİİHB-də (ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu) toplantı keçirib. Paşinyanın qalmaqallı bəyanatından sonra məhkəmə sistemində müəyyən xof var. Bu fakt Hagik Arutyunyanın və AMŞ-nin (Ali Məhkəmə Şurası) başqa üzvlərinin məzmununa müəlliflərin aşkar xofundan kölgə düşən qısa müsahibəsindən bəlli idi.
Bununla belə, DİİHB yığcam rəsmi bəyanat yayıb. Məlumatda qeyd olunur ki, Şura qeydə alıb – mayın 20-də Ermənistan baş nazirinin yanında məhkəmə-hüquq islahatları probleminə həsr edilən müşavirə təyin olunub. Şura göstərilən müşavirəni keçirmək və Ali Məhkəmə Şurası sədrinin də ona qatılacağının təsdiqlənməsi nəzərə alınmaqla nəticəyə gəlib ki, yaranmış durumla bağlı mövqeyi toplantıdan sonra çağırılan müşavirədə tam ifadə etmək gərəkdir. Eyni zamanda, DİİHB məhkəmələrin normal işinin pozulduğunu qəbuledilməz sayaraq məhkəmə hakimiyyətinin bütün hakim və işçilərini son dərəcə təmkinli olmağa, yalnız hüquq meydanında qalmağa çağırıb. Qeyd etmək gərəkdir ki, ombudsman, parlament və parlamentdən kənar müxalifət əsasən baş nazir Nikol Paşinyanın qalmaqallı yazısı barədə bəyanatlarla çıxış edib.
Ermənistan prezidenti Armen Sarkisyan çağırışla çıxış edərək Ermənistan baş nazirinin məhkəmələrə giriş-çıxışı bağlamaq çağırışına bu şəkildə toxunub. Armen Sarkisyanın bəyanatı siyasi qiymət planında tərəfsizdir və daha çox ayıqlıq və dözümlülük göstərmək ismarıcını ehtiva edir. Deməli, heç kim bununla mübahisə etmir ki, Ermənistanda korrupsiyalaşmış, mahiyyətcə keçmiş cinayətkar-oliqarxik sistemin əlavəsi olan və bu gün inqilabi dəyərlərin kapitallaşması yolunda durmuş məhkəmə hakimiyyəti ilə işimiz var. Məhkəmə sisteminin islahatına istənilən təşəbbüs alqışlanır, ancaq birmənalıdır ki, bu, leqal yolla, Konstitusiyanın ruhu və nöqtəsinə, Ermənistanın götürdüyü beynəlxalq öhdəliklərə uyğun olmalıdır. Özəlliklə də Nikol Paşinyanın bloku parlament seçkilərində konstitusion çoxluğu əldə etdikdən sonra ötən il boyunca belə bir imkanı olduğuna görə.
Çaşqınlıq doğurur ki, Paşinyan öz komandasının qeyri-məhdud hakimiyyətindən yararlanmır və gərəksiz duyğusallığa qaçır, nəticədə parlament seçkilərinin nəticələrinə görə formalaşmış çoxluq və Ermənistanda qərarlaşmış qanuni hakimiyyət bütünlüklə legitimsizləşə bilər. Belə təhlükə var və bu bildirilməlidir, çünki görünüşdə təəssürat yaranır ki, hakimiyyət bölgüsü prinsipi pozulur və icra hakimiyyəti küçə vasitəsilə ədalət məhkəməsinə basqı göstərməyə çalışır.
Habelə aydındır ki, Robert Köçəryanın cinayət məsuliyyətinə çəkilməsində ümummilli konsensus var, amma bu məsələ yenə də leqal yolla tənzimlənməlidir, yəni hakimiyyət şərait yaratmalıdır ki, 1 mart işi üzrə normal məhkəmə istintaqı baş tutsun, Köçəryan da, başqaları da qanunun ruhuna və qəbul edilmiş prosedurlara uyğun layiqli cəza alsınlar. Əks halda 1 mart işi legitimsizləşə bilər, nəticədə Paşinyan istər-istəməz Köçəryanı siyasi dustağa və müxalifətin liderinə çevirər. Bu, Robert Köçəryan üçün çox dəyərli hədiyyə olar.
Ümumiyyətlə, təəssürat belədir ki, Nikol Paşinyan qeyri-məhdud hakimiyyəti necə gerçəkləşdirməyi bilmir, o biri yandan Köçəryanın azad edilməsilə onun üçün əlverişsiz konteksti, təəssüf ki, avantüraya bənzəyən və həm 1 mart işinin qanuniliyinə, həm də ölkənin nüfuzuna dönməz zərbə vura bilən təşəbbüslərlə aradan qaldırmağa çalışır. Ən nəhayətdə, cəmiyyətin qeydsiz-şərtsiz etimad mandatını əldə etmək və yardım haqda elə hey cəmiyyətə üz tutmaq olmaz. Bu, yumşaq deyilsə, yüngüllükdür. Belə yanaşma – daim xalqı gərginləşdirmək və bir-birinə qarşı qoymaq, nifrət mühitini qızışdırmaq qaçılmaz toqquşmalara gətirər. Cəmiyyəti keçmiş hakimiyyətə nifrət zəminində daim birləşdirmək, gərəkli islahatların – yeri gəlmişkən, hakimiyyət buna çağırılır – həyata keçirilməsini daim təxirə salmaq olmaz”.
Bununla yanaşı, erməni mediası yazır ki, yaşananlar arasında ən təhlükəli məqam Qarabağ separatçıları ilə Ermənistan arasında münasibətlərin gərginləşməsidir. Bu durumda Paşinyan məqsədinə çatmaq üçün Qarabağda özünə ciddi dayaqlar yaratmağı düşünür. Məhz belə bir vaxtda Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan separatçı rejimin rəhbərliyinə namizədliyini irəli sürüb. Araik Arutyunyan separatçılar arasında nüfuzlu şəxslərdən biri sayılır. O, bundan əvvəl qondarma rejimin “baş naziri” vəzifəsini tutub. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Arutyunyan səssiz mövqe tutub və Paşinyan hökumətinə qarşı heç bir sərt ittiham səsləndirməyib. Məhz bu amilə görə sonradan hökumətə yaxın mətbuat Arutyunyanın qondarma rejimə Saakyanın yerinə rəhbər gətiriləcəyi haqqında məlumat yayıb. Hazırkı separatçı rejim daxilində hakimiyyət uğrunda mübarizə Köçəryan və Paşinyanın dəstəklədiyi simalar arasında aparılır. Belə ki, bu mübarizədə Köçəryanın klanı Vitali Balasanyanı, Paşinyanın isə Arutyunyanı dəstəklədiyi iddia edilir. Məhz bu vəziyyətdə də separatçılarla Ermənistan hakimiyyəti arasında vəziyyət daha da gərginləşir.
Tahir TAĞIYEV