“Ermənistanda aprel döyüşlərinin detallarının araşdırılması üçün parlament komissiyasının yaradılması dövrüdür”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, aprel hadisələrinin səbəblərini araşdırmaq və ictimaiyyəti maraqlandıran bir sıra məsələlərə cavab tapmaq üçün komissiya yaradılmalıdır.
O bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə erməni parlamentinin istintaq komissiyasının yaradılması və hamını narahat edən bir sıra məsələlərə aydınlıq gətirilməsinin zamanı çatıb. Paşinyan bu məsələyə yekun olaraq qeyd edib ki, Ermənistanla Qarabağ separatçıları arasında düşmənçilik toxumu səpən bütün qüvvələri rədd etməyə çağırır.
Məlumat üçün qeyd edək ki, 2016-cı il aprelin əvvəllərində baş verən döyüşlərdən sonra Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Erməni silahlı qüvvələri bu döyüşlərdə 320-dən artıq hərbçisini itirib və 500-dən artıq hərbi qulluqçusu isə yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb.
Bütövlükdə, Ermənistan rəhbərliyinin sözügedən məsələ ilə bağlı komissiya yaratmaqda məqsədi nədir? Bununla nəyə nail ola biləcək?
Üzeyir Cəfərov: “Çoxsaylı general var idi ki, hər şeyin yaxşı olduğunu deyirdilər, amma tam əksinə oldu və onlar çox pis durumdadır”
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bunda Paşinyanın müəyyən məqsədləri var: “Ermənistanda siyasi vəziyyət günü-gündən ağırlaşır. Çünki Paşinyan çıxılmaz durumdadır. Əvvəl fikirləşirdi ki, hakimiyyətdə olduğu dövrdə çox rahatlıqla istədiyinə nail olacaq. Ancaq bu günlərdə bütün dünyaya sübut etdi ki, hakimiyyəti idarə etmək qüdrətində deyil. Təkcə Moskvadan gələn göstərişlə, onun iradəsinin əksinə olaraq, Köçəryanın həbsdən azad olunması onun olmayan ağlını da əlindən aldı. Dərhal göstəriş verdi ki, məhkəmələrin fəaliyyətini tormozlayın. Bunun özü bir daha bütün dünyaya bir mesaj idi ki, Ermənistanda heç bir qayda-qanun işləmir. Bunlar sivil yaşam gücündə deyillər. Ermənistanın aprel döyüşləri ilə bağlı parlament komissiyası yaratması nəyisə dəyişməyəcək. Sadəcə, Paşinyan bununla rəqiblərini təzyiq altında saxlamaq istəyir. Ermənistanda 2016-cı ilin aprelində prezident olan Sarkisyan artıq hakimiyyətdə deyil. Müdafiə naziri olan Ohanyan da həmçinin. Çoxsaylı general var idi ki, hər şeyin yaxşı olduğunu deyirdilər, amma tam əksinə oldu və onlar çox pis durumdadır. Hər halda, Paşinyan nə qədər çox səhv buraxsa, bu bizim xeyrimizədir. Görünən odur ki, bu insan hələ də küçə psixologiyasından çıxa bilmir. Bunun da Ermənistan üçün çox ciddi fəsadları olacaq”.
Vidadi ORDAHALLI