Ermənistanda sabiq prezident Robert Köçəryanın məhkəmə qərarı ilə həbsdən buraxılması ölkəni qarışdırıb. Baş nazir Nikol Paşinyan məhkəmənin Köçəryanla bağlı qərarına etiraz edərək insanları küçələrə səsləyib. Paşinyan inqilabın "ikinci mərhələsinin” başladığını elan edərək, tərəfdarlarını məhkəmələri blok etməyə çağırıb. Ancaq maraqlıdır ki, Paşinyanın bu çağırışına əhali ciddi reaksiya verməyib. Məhkəmələrin önünə çox az sayda adam toplaşıb.
Baş nazir Ermənistanın həbs edilmiş ikinci prezidenti R.Köçəryanın azad edilməsinə görə məhkəmələri ittiham edib və həmin hakimləri rədd edəcəyinə söz verib: "Ermənistanda formalaşan hökumətə və parlamentə xalqın etibarı tamdır. Son hadisələr Ermənistanda xalqın etibar etdiyi məhkəmə hakimiyyətinin olmadığını göstərir. Vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalı və ya istefaya getməlidir”.
Paşinyan hazırkı məhkəmələrin əvvəlki korrupsiyalaşmış sistemin qalığı olduğunu deyib. Baş nazir məhkəmələrə bundan öncə öz dəyərlərinə qayıtmaq üçün bir il vaxt verildiyini, amma indi məhkəmələrə cərrahi müdaxilənin vaxtının gəlib çatdığını bildirib. Bu hadisə göstərdi ki, Paşinyan hələ də Ermənistanda hakimiyyətin bütün qollarına nəzarəti təmin edə bilməyib. Məsələn, Ermənistanın Prezidenti Baş nazirin çağırışı ilə razılaşmayıb. Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə məhkəmələrə girişin bağlanması ilə bağlı fövqəladə bəyanat verib. Dövlət başçısı insanları sakitləşməyə və konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin də şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu deyib.
Ermənistanın Ombudsman Aparatının rəhbəri Arman Tatoyan isə bildirib ki, respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə törətmək barədə Ermənistan Baş nazirinin çağırışı və ya bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir. Ombudsman N.Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: "Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda, hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar biri-birinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, biri-birini təhqir və təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”.
Qarışıqlıq zamanı Paşinyanla Böyük Kilikiya Evinin katolikosu I Aram arasında telefon danışığı olub. Paşinyan ölkədə baş verən son proseslərlə bağlı Aramı məlumatlandırıb. Bütün ermənilərin katolikosu II Qaregin də baş verən hadisələrlə bağlı məlumat yayıb. O, hər kəsi sakit olmağa və güc tətbiq etməməyə səsləyib.
Vəziyyət həttə o həddə çatıb ki, Paşinyanın rəhbəri olduğu “Mənim addımım” adlı deputat fraksiyasının üzvləri Bako Saakyanla görüşə təşəbbüs edib, sanki ona minnətçi düşüblər. Deputatların ardınca isə belə bir görüş təşəbbüsünü Paşinyanın özü irəli sürüb. Paşinyan Qarabağ separatçılarının rəhbəri B.Saakyanla görüşü zamanı ondan niyə Köçəryana zamin dayanmasının izahını tələb edib. Erməni KİV-i yazır ki, Paşinyanın izahat tələbinə Saakyan onların Qukasyanla davranışında heç bir siyasi məqsəd olmadığını və yalnız humanizm göstərdiklərini deməklə kifayətlənib. Baş verənləri Paşinyanın siyasi fiaskosunun başlanğıcı kimi qəbul etmək olarmı?
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, hiss olunur ki, Paşinyana qarşı ciddi müqavimət var: ”Təkcə keçmiş hakimiyyət tərəfindən deyil, hüquq-mühafizə orqanları da, məhkəmələr də Paşinyana qarşı mövqedə dayanıblar. Bunun nəticəsidir ki, Köçəryan, nisbi də olsa, azadlıqdadır. Bu, özlüyündə o deməkdir ki, Paşinyana müəyyən qüvvələr tərəfindən müqavimət göstərilir. Demək olmaz ki, bu etirazlar yaxın müddətdə Paşinyanın hakimiyyətdən getməsinə səbəb ola bilər. Lakin reallıq odur ki, Baş nazirin zəifləmə mərhələsi artıq başlayıb. Onun hakimiyyətdən getməsi prosesinin bəlkə də ilkin addımlarıdır. Əgər əlləri qana bulanmış insanı açıq şəkildə məhkəmə zalından azadlığa buraxırlarsa, deməli, onlara xaricdən dəstək də var. Bu həqiqətdir. Paşinyan da bunu gözəl başa düşür. Ona görə də inqilabın yeni mərhələsindən söhbət açır. Düşünürəm ki, Ermənistanda daxili siyasət müəyyən dərəcədə mürəkkəbləşə bilər”.
Digər politoloq Qabil Hüseynli isə hesab edir ki, hadisələrin hara doğru gedəcəyini söyləmək çətindir: “İndi etirazçılar Ali Məhkəməni mühasirəyə alıblar. Amma bunlar Paşinyanın elektorat bazasına daxil olan adamlardır. Onlar, sadəcə olaraq, Köçəryanın yenidən həbsə qaytarılmasını tələb edirlər. Aydındır ki, Köçəryan azadlığa buraxılıbsa, Sarkisyan da hadisələrə kənardan dəstək verirsə, bütün Qarabağ klanı ayaq üstədir və Ermənistanda ciddi qarşıdurma prosesi gedir. Bu proseslərə müqavimət göstərilməzsə, böyüyüb toqquşmalara gətirib çıxara bilər. Gələcək bundan daha rəngarəng hadisələrin meydana çıxacağına şəhadət verir”.
Məhəmmədəli QƏRİBLİ