Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağdakı separatçı qurum və Ermənistan arasında düşmənçiliyi təşviq etməyə səy göstərən şəxslər var. Onun fikrincə, onların məqsədi keçmişdə yol verdikləri cinayəti ört-basdır etməkdən ibarətdir: “Bu korrupsiyadan daha çox Qarabağdakı ermənilərin ziyan çəkməsinə baxmayaraq, bəzi məmurlar korrupsiya əlaqələrini tətbiq etməklə Qarabağda Ermənistana və şəxsən mənə qarşı təbliğat aparma işini davam etdirirlər”.
Paşinyan qeyd edib ki, bütün bunları təhlil etməklə hələ parlament seçkilərində bəyan edib ki, xəyanətkar müharibənin təşviq edilməsi, hətta bəzi ərazilərin təhvil verilməsi və baş verənlərin məsuliyyətinin Ermənistan hakimiyyətinin üzərinə qoyulmasına aid uzunmüddətli məqsədlər gördüyünü deyib: “Mən bunu xəyanət hesab edirəm. Belə niyyətləri aradan qaldırmaq üçün bütün vasitələri həyata keçirəcəyəm”.
Bununla yanaşı, Paşinyan Ermənistanda baş verən bütün hadisələrin dərin və geridönməz olduğunu, bütün bunların müəllifinin ayrıca hansısa siyasi qüvvənin deyil, guya bütün erməni xalqının olduğunu qeyd edib.
O da məlumdur ki, Paşinyan hər zaman populist fikirlərlə gündəmdə qalmağa çalışır. Bununla özünü elə göstərmək istəyir ki, guya yalnız o, Ermənistanın üzləşdiyi problemləri həll edə bilər. Müxtəlif ağlagəlməz iddialar irəli sürür. Bu baxımdan onun bu iddiaları nə dərəcədə realdır?
Aydın Mirzəzadə: “Ermənistanın hazırkı hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçı qurum arasında yetərincə ziddiyyət var”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Paşinyanın məlum fikirləri sadəcə populizmdir: “Hesab edirəm ki, o, çətin vəziyyətdə olduğunu dərk edərək, sadəcə, populizmlə məşğuldur. O yaxşı bilir ki, torpaqlar işğal olunub və Azərbaycan heç bir zaman ərazi bütövlüyü məsələsində geri çəkilməyəcək. Sadəcə, bu məsələ ətrafında spekulyasiyalar edərək Ermənistan cəmiyyətinin diqqətini sosial məsələlərdən yayındırmaq istəyir. Onu hakimiyyətə Ermənistan cəmiyyətinin sosial problemlərini həll etmək üçün gətirdilər. Bir il keçib, amma ortada heç bir nəticə yoxdur. İş yerləri, əməkhaqqı artmır, iqtisadi vəziyyət yaxşılaşmır. Demoqrafik problemlər dərinləşməkdədir. Paşinyan isə yersiz polemikalarla gündəmə gəlir. Guya Qarabağla bağlı ona qarşı oyun qurulub. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə bunun icazəsini Ermənistandan, o cümlədən, Paşinyandan soruşmayacaq. Digər tərəfdən, Ermənistanın hazırkı hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçı qurum arasında yetərincə ziddiyyət var. Bunu kiminsə üstünə atmaq mənasızdır. Ümumilikdə, Ermənistanda siyasi qruplar arasında mübarizə Azərbaycanı maraqlandırmır. Azərbaycanı ancaq işğal altındakı torpaqların azad olunması maraqlandırır. Bu istiqamətdə də səylərini artırır”.
Vidadi ORDAHALLI