Türkiyə mətbuatı məlumat yayıb ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu parlament toxunulmazlığını itirə bilər. Həmçinin, o da qeyd olunur ki, Türkiyə parlamentində 25-dən çox deputatın toxunulmazlığı ləğv edilə bilər. Bununla bağlı Türkiyə Prezident Administrasiyası hüquqi məsələlər üzrə parlament komissiyasına müraciət edib.
Məlum olduğu kimi, Türkiyədə Yüksək Seçki Qurumu İstanbul bələdiyyə seçkisinin nəticələrini ləğv edib. Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. Bu arada Türkiyədə müəyyən dairələrdə belə söz-söhbətlər dolaşır ki, Yüksək Seçki Qurumu Binəli Yıldırım və Əkrəm İmamoğlunun növbəti seçkidə iştirakına məhdudiyyət qoyacaq. İddialara görə, bunun səbəbi onunla əlaqələndiriləcək ki, hər iki namizəd saxtakarlığa yol verib.
O da məlumdur ki, İmamoğlunun populyarlığı xeyli artıb. Ehtimal ki, növbti seçkidə o daha çox səs toplayacaq və böyük üstünlüklə qalib gələcək.
Bütün hallarda, Klıçdaroğlunun parlament toxunulmazlığı və Binəli Yıldırımla Əkrəm İmamoğlunun namizədlikləri ləğv edilərsə, bu, Türkiyədəki proseslərə necə təsir göstərəcək?
Məhərrəm Zülfüqarlı: “Millətin seçdiyi deputatın toxunulmazlığı...”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, belə addımlar atılarsa, bu, Türkiyədə ictimai-siyasi proseslərə mənfi təsir göstərəcək: “Türkiyə Müsəlman Şərqində demokratik bir dövlətdir. 2016-cı ilin 15 iyulunda FETÖ-nün çevriliş çəhdindən sonra ölkədə bəzi məsələlər nisbətən dəyişir. Ölkə parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçdi. Müəyyən ali məktəblərdən FETÖ-çülər təmizləndi. Belə addımlar dövlət təhlükəsizliyi baxımından qəbuledilən idi. Ancaq parlamentdə deputatların, ən başlıcası isə ana müxalifət liderinin toxunulmazlığını ləğv etmək istəyi demokratiyaya ziddir. Millətin seçdiyi deputatın toxunulmazlığı təmin edilməlidir. Millət vəkili cinayət törədirsə, o zaman buna getmək olar. Çünki bu bütün dünyada belədir. Yoxsa siyasi səbəblərə görə bu addımı atmaq demokratiyaya ziddir. İmamoğlunun namizədliyinin ləğv ediləcəyi ilə bağlı iddialar xoşagələn hal deyil. Çünki artıq dünya bildi ki, İmamoğlu bələdiyyə sədri seçildi. Sonra şikayətlər üzündən nəticələr ləğv edildi. O təkrar özünü sınamaq istəyirsə və qələbəsinə əmindirsə, bunun qarşısını hansısa formada almaq demokratiyaya ziddir. Sadalanan 2 məsələ ilə bağlı məhdudiyyət tətbiq edilərsə, bu, Türkiyənin ictimai-siyasi həyatında gərginliyə səbəb olacaq. Ölkədə gənclərin demokratiyaya inamına mənfi təsir edəcək. Ölkə üçün yaxşı olmayan hadisələrə səbəb ola bilər. Hakimiyyət daimi olmadığına görə, sabah ölkədə iqtidar dəyişsə, kimlərsə buna görə cavab verməli olacaq. Nəticədə buna görə ölkədə ziddiyyətlər dərinləşə bilər. Ona görə də bunlar arzuedilən deyil”.
Vidadi ORDAHALLI