Azərbaycanda fəaliyyət göstərən bəzi xarici media nümunələrinin fəaliyyətində ölkəmizə qarşı qərəzli mövqeni daim müşahidə etmişik. Əsasən də ABŞ dövlətinin büdcəsindən maliyyələşdirilən “Azadlıq”, “Amerikanın səsi” kimi radiostansiyaların fəaliyyətində belə hallara daha çox rast gəlinir.
Yəqin bu cür fəaliyyətin nəticəsidir ki, həmin radiaolara milli tezliklərimiz vasitəsilə yayılmağa qadağa qoyuldu. Buna baxmayaraq, onlar ölkəmizlə bağlı məsələlərin işıqlandırılması və həmin məlumatların sosial şəbəkələrdəki platformaları tərəfindən yayılması ilə əlaqədar məsələdə eyniadlı saytlarının imkanlarından geniş istifadə edirlər. Həmin saytlar həm də Azərbaycan dilində xəbərlər təqdim edirlər.
“Amerikanın səsi” radiosunun rəsmi saytında yayılan məlumatla tanış olanda qabağımıza maraqlı mənzərə çıxdı. Bunu bir müddətdir müşahidə edirik ki, oradan istənilən xəbəri açanda reklam baneri kimi ya Əli Kərimli, ya da Cəmil Həsənliyə aid material çıxır. Reklam elə yerləşdirilir ki, oxucu onu açmaqda maraqlı olur. Təbii ki, istənilən media qurumu deyə bilər ki, onun özünün reklam siyasəti var. Amma bu heç də maddi qazanc gətirə bilən bir sövdələşməyə oxşamır. Ortada siyasi maraqların üst-üstə düşdüyü məqam nəzərə çarpır. Məsələn, Cəmil Həsənliyə aid material may ayının 14-dən həmin banerdədir. Bu məsələdə hiss olunur ki, radio özünə aid olan özəl materialları banerə çıxarır. Maraqlıdır ki, həmin materialların içində Cəmil Həsənlinin səsləndirdiyi fikirlərdən daha çox oxuna biləcəyinin olduğu halda, niyə Milli Şura sədrinin reklam baneri bir həftədir oxucuların gözünə girməlidir? Radionun C.Həsənliyə bəslədiyi bu xüsusi simpatiyanın arxasında nə dura bilər?
Azər Həsrət: “Qanunla qadağan edilən fəaliyyətdir”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən media nümunələri balanslı informasiya təqdimatı ilə bağlı məsələdə uduzublar, “sinifdə qalıblar”: “Bilirsiniz ki, “Azadlq” və “Amerikanın səsi” radioları İkinci Dünya Müharibəsindən sonra yaradılıb. “Soyuq müharibə” dönəmində yaradılan həmin radioların əsas missiyası Şərqi Avropa və SSRİ-yə yönəlik təbliğatın aparılması idi. Belə profilli radioların tərəfsizliyindən danışmaq yersizdir. Çünki, konkret olaraq, hansısa dövlətin maraqlarına xidmət ediblər. Orada konkret şəxslərin və siyasi fiqurların reklam olunmasına gəldikdə isə, onların belə hüququ yoxdur. Onlar reklamdan gəlir əldə etmirlər. Onların özləri belə qaydaları müəyyən ediblər. Radikal mövqeli şəxslərin həmin saytlarda təmtəraqla reklam olunması ABŞ kimi ölkənin birbaşa Azərbaycanın daxilindəki siyasi proseslərə açıq şəkildə müdaxiləsindən xəbər verir. ABŞ bununla ölkənin iç siyasətində tərəf tutmuş olur. Bu isə ABŞ-la Azərbaycan arasındakı qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və bir-birinin hüquqlarına sayğı siyasətilə uzlaşmır, bununla ziddiyyət təşkil edir. Azərbaycan ABŞ daxilindəki siyasi proseslərə bu şəkildə müdaxilə etmirsə, bu balansı qorumağa rəsmi Vaşinqton da borcludur. Biz onların hansısa siyasi fiqurları ilə bağlı xüsusi reklam siyasəti aparmırıq. ABŞ-ın bu siyasəti Azərbaycan dövlətinin diqqətini cəlb etməli və bizim XİN bununla bağlı ABŞ-a müvafiq nota ilə müraciət etməlidir. Biz isə media nümayəndələri olaraq Azərbaycan Mətbuat Şurasının timsalında məhz bu radiolara media etikasının pozulması ilə bağlı fikirlərimizi göndərməliyik. Adamlar görür ki, bizdən səs çıxmır, ona görə də istədikləri kimi fəaliyyət göstərirlər. Bunun bir adı var: siyasi platformalarda yer alıb, hansısa siyasi rəqibə xaricdən açıq dəstək vermək. Bu da qanunla qadağan edilən fəaliyyətdir”.
Məhəmmədəli QƏRİBLİ