Bu gün Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələrdən biri kimi tanınır. Bütün bunlar isə anti-Azərbaycan dairələri narahat edir. Postsovet ölkələri, habelə müstəqillik tarixi daha çox olan Avropanın bir sıra dövlətləri ilə müqayisədə Azərbaycanın əldə etdiyi uğurlar müəyyən bədxahları rahat buraxmır. Çünki Azərbaycanın qısa müddətdə bu uğurlara nail olmasını həzm edə bilmirlər. Ona görə də ölkəmizə qarşı yalan, şər, böhtan kampaniyaları təşkil edirlər. Onlar bu kimi tədbirlərdə “sapı özümüzdən olan baltalar”dan məharətlə istifadə edir və onlar vasitəsilə ölkəmizin imicinə zərbələr vurmağa çalışırlar.
O da məlumdur ki, bu günlərdə Azərbaycanla bağlı bir sıra həqiqətə uyğun olmayan fikirlər səsləndi. UEFA Avropa Liqasının 2019-cu il mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələri reallığı özündə əks etdirmirdi. Çünki Azərbaycanda təhlükəsizliyin necə yüksək səviyyədə təmin olunması danılmaz reallıqdır.
Bununla belə, mayın 13-14-də Brüsseldə "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans keçirildi. Azərbaycan da həmin konfransda iştirak etdi. Sözügedən tədbir gedən zamanı erməni mətbuatı belə bir yalan informasiya yaydı ki, guya Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımadığına görə Azərbaycan qurumla strateji tərəfdaşlıq sazişini imzalamayıb. Dərhal Azərbaycan tərəfi bunu təkzib etdi. Eyni zamanda, məlum oldu ki, Brüsseldə keçirilən tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması əvvəlcədən nəzərdə tutulmayıb. Bu sənəd üzərində hələ iş gedir.
Ən maraqlısı isə odur ki, yuxarıda sadalanan hər iki sözügedən məsələyə Azərbaycandakı radikal müxalifət hansısa formada reaksiya vermədi. Buna öz etirazını bildirmədi. Halbuki, bütün bunlar Azərbaycanın dövlət və milli maraqları ilə bağlı olan məsələlər idi. Ancaq radikal müxalifət bunun üzərindən sükutla keçdi və bunu görməzdən gəldi. O baxımdan, radikal müxalifətin bu cür antimilli mövqe sərgiləməsini ekspertlər necə dəyərləndirirlər?
Elçin Mirzəbəyli: “Bu günə qədər olubmu ki, radikal müxalifət təmsilçiləri və onların xaricdə olan tör-töküntüləri Ermənistan...”
Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, radikal müxalifət zaman-zaman antimilli mövqedən çıxış edib: “Son hadisələrə münasibətdə bunu bir daha sübut etdilər. O üzdən, həmin qüvvələrin son baş verənlərə heç bir reaksiya verməməsinə, bir növ, təəccüblənmədim. Onlar fəaliyyətdə olduğu ilk dövrlərdən Azərbaycana düşmən kəsilən qüvvələrə xidmət ediblər. Belə qüvvələrdən yararlanmağa çalışıblar.
2001-ci ildə Ki-Uest danışıqları ərəfəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mitinq keçirilməli idi. Əli Kərimli xarici səfirliklərdən birindən aldığı sifariş əsasında mitinqin təxirə salınmasına qərar verib. Bununla bağlı vaxtilə onun şöbə müdiri olan Qorxmaz Əsgərovun da yazısı var. Həmin yazıda onların Azərbaycana qarşı haqsızlıqları öz əksini tapıb. İndiyə qədər də bu siyasət davam edir. Bu günə qədər olubmu ki, radikal müxalifət təmsilçiləri və onların xaricdə olan tör-töküntüləri Ermənistan səfirliyi və yaxud da hansısa beynəlxalq qurum qarşısında ölkəmizin ərazi bütövlüyü ilə bağlı aksiya keçirsinlər? Təbii ki, belə bir hal olmayıb. Bu, Azərbaycanda kimsəyə sirr deyil. Çünki eyni mənbədən maliyyələşir bu insanlar. Bu baxımdan, radikal müxalifət təmsilçiləri Azərbaycan siyasətinin itirilmiş insanlarıdır. Dünyanın hər yerində dövlətçilik və milli maraqlarla bağlı məsələdə hansı mövqedə dayanmasından asılı olmayaraq, müxalifət partiyaları vahid bir mövqe ortaya qoyurlar. Ancaq təəssüflər olsun ki, Azərbaycanda radikal müxalifət barədə bunu demək olmur. Bu da onu deməyə əsas verir ki, həmin adamlar Azərbaycanda yaşasalar da, özlərini ölkə vətəndaşı kimi hiss etmirlər. Çünki onlar ayrı-ayrı qüvvələrin Azərbaycandakı nüfuz vəkilləridir. Ona görə də son baş verənləri radikal müxalifət görməzdən gəldi”.
Vidadi ORDAHALLI