"Hayastan" ümumerməni fondunun Azərbaycanın işğal olunmuş Xocalı rayonunun Şuşakənd kəndində yeni uşaq bağçası tikib istifadəyə verməsi haqda xəbər təsdiqini tapıb. Məlum olub ki, 90 uşağın təhsil alacağı uşaq bağçasının tikintisinə maliyyə dəstəyini Türkiyədə yaşayan erməni əsilli Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu verib. Bağça sentyabr ayından fəaliyyətə başlayacaq.
Layihə haqqında məlumat verən türkiyəli iş adamı Qriqor Şəmşiroğlu bunları deyib: "Bu bizim Qarabağa 5-ci, ya da 6-cı səfərimizdir. Buna qədər Daşaltı kəndində uşaq bağçası və məktəb tikintisi həyata keçirmişik. Burada həyatın canlanması bizə güc verir. İndən belə də yeni layihələrin həyata keçməsinə dəstək olacağıq".
Hazırda Türkiyədə yaşayan ictimai fəal, mərhum Elçibəyin kürəkəni Aqil Səmədbəyli bununla bağlı Türkiyə Sənayeçilər və İş Adamları Birliyinin sədri Nihat Tanrıqulu ilə görüşüb və TUSİAD sədrinə məsələnin araşdırılması üçün müraciət edib.
Aqil Səmədbəyli görüşlə bağlı bildirib ki, Nihat Tanrıqulu məsələni araşdıracağını və adları hallanan erməni iş adamlarına xəbərdarlıq ediləcəyini bildirib. Bundan əlavə, Türkiyə qanunları çərçivəsində adları qeyd olunan iş adamlarının cəzalandırılması üçün müəyyən addımlar da atılacaq.
Türkiyədə yaşayan iş adamlarının bu tip hərəkətinə həmin ölkənin rəsmi dairələri hansı reaksiyanı verməlidirlər?
Xəzər Teyyublu: “Türkiyənin rəsmi qurumları hərəkətə keçib bu təxribatı törədən iş adamlarını cəzalandırmalıdır”
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür hərəkət yolverilməzdir: “Türkiyə dövlət səviyyəsində bizim mövqeyimizi dəstəkləyir. Amma Türkiyə əsilli erməni iş adamlarının bu addımı heç də ürəkaçan deyil. Bu cür addımlar iki qardaş ölkənin cəmiyyətləri arasındakı münasibətlərə mənfi təsir edir. Özü də Xocalı kimi bir yerə Türkiyə sərmayəsinin qoyulması yolverilməzdir. Bəli, həmin sərmayə erməni yox, türk sərmayəsidir. Çünki ermənilər o pulu Türkiyədə qazanıblar. Bunun bir adı var, rəzalət. Təcili şəkildə Türkiyənin rəsmi qurumları hərəkətə keçib bu təxribatı törədən iş adamalarını cəzalandırmalıdır. Bəli, bu, düşünülmüş təxribatdır. Xocalı burda təsadüfən seçilməyib. Bunun dərindən aydınlaşdırılması isə qardaş ölkənin üzərinə düşür”.
Elşən Mustafayev: “Bu, siyasi təxribatdır”
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, yaşananlar çox acınacaqlı bir mənzərədir: “Burada Türkiyənin prosesə müdaxiləsi mütləq lazımdır. Çünki söhbət hansısa iş adamının milli kimliyinə görə sıxışdırılmasından getmir ki, Türkiyəyə kimsə irad tuta bilsin. Bu, siyasi təxribatdır. Fikir verirsinizsə, ünvan kimi Xocalı seçilib. Bilirlər ki, bu, bütün Türk dünyasının həssas yeridir. Türkiyə həmin iş adamlarını mütləq cəzalandırmalıdır. Bu edilməsə, cəmiyyətlərimiz arasındakı etimad mühiti zədələnə bilər”.
Məhəmmədəli QƏRİBLİ