Məlum olduğu kimi, Ermənistan məhkəməsi eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma “prezidentlərinin” müraciəti əsasında zaminə buraxıb. Bu prosedur əsasında Köçəryanın həbsdən çıxması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib. Erməni KİV-inin verdiyi məlumata görə, Köçəryanın həbsdən çıxmasını bayram edən tərəfdarları küçələrə çıxaraq yürüş ediblər. Polis onları müşayiət edib, amma yürüşə müdaxilə olunmayıb.
Paşinyan isə öz tərəfdarlarını məhkəmə binalarının önünə toplaşıb qərara etiraz etməyə çağırıb.
Bundan sonra Köçəryanın əleyhdarları küçələrə çıxıblar və onun yenidən həbs olunmasını tələb ediblər. Onlar hədələyiblər ki, əgər Baş Prokurorluq qərardan protest verməsə və Köçəryan yenidən həbs olunmasa, ölkə boyu itaətsizlik aksiyalarına başlayacaqlar.
İrəvanın Azadlıq meydanına toplaşan minə yaxın aksiyaçı oradan Baş Prokurorluğun qarşısına yürüş edib və yenidən meydana geri dönüb. Prokurorluq isə məhkəmənin Köçəryanı zaminə buraxmaq qərarından protest verəcəyini açıqlayıb. Prokuror Petros Petrosyan deyib ki, ittiham tərəfi həbs-qətimkan tədbirində israrlıdır, çünki Köçəryan azadlıqda istintaqın gedişinə təsir edə bilər. Köçəryanın vəkili Ayk Alumyan isə deyib ki, onun zaminə buraxılması qərarından protest verilməsi qanuni deyil və eks-prezident bütün məhkəmə prosesi ərzində azadlıqda qalacaq. Lakin o, prokurorun hakimiyyətin təzyiqi ilə qərardan protest verəcəyini gözləyir və hesab edir ki, məhkəmə bu protesti təmin etməməlidir.
Ermənistanda baş verən bu proses “Qarabağ klanı”nın Paşinyan üzərində qazandığı qələbə kimi qəbul edilə bilərmi?
Hatəm Cabbarlı: “Bako Saakyanın vaxtından əvvəl istefa verib Köçəryanın namizəd olma prosesi sürətləndirilə bilər”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bako Saakyanın və Arkadi Qukasyanın Robert Köçəryana zamin durması və onun girov pulu ödənilərək azadlığa buraxılması göstərir ki, Ermənistan ədliyyəsi Qarabağı özünün bir parçası kimi görüb, faktiki, qondarma rejimin “vətəndaşlarının” zaminliyini qəbul edir: “Bu, son 30 ildə ikinci analoji insidentdir. Birincidə isə 1998-ci ildə Ermənistan DİN-i Köçəryana son on ildə Ermənistanda yaşadığı haqqında arayış verərək prezident seçkilərində iştirak etməsi qarşısında ən böyük maneəni qaldırmışdı.
Ermənistan yeni təlatümlə üzbəüzdür. Gələn il qondarma rejimdə “prezident seçkiləri” var. Köçəryan həbs edilməzsə, böyük bir ehtimalla namizəd olacaq. Köçəryana siyasi təzyiqlər artarsa, Bako Saakyanın vaxtından əvvəl istefa verib Köçəryanın namizəd olma prosesi sürətləndirilə bilər.
Mətbuat yazır ki, onlarla adam İrəvan küçələrinə mitinqə çıxaraq Paşinyanı dəstəkləyir. Bu dəstək ötən ilin aprel və may aylarında olduğu kimi, ümumxalq hərəkatına çevrilə bilərmi, bu, ayrıca bir sualdır. Paşinyanın son birillik icraatlarından erməni xalqı məmnun deyil.
İlin sonuna qədər Ermənistan nehrə kimi çalxalanıb, yağı yağ, ayranı ayran olacaq”.
Hatəm Cabbarlının sözlərinə görə, bu birillik dönəmdə Nikol Paşinyan öz mövqelərini gücləndirməyə çalışsa da, buna nail ola bilməyib: “Baş verən hadisə bir daha sübut edir ki, Paşinyan hakimiyyətin digər qolları üzrə üstünlüyünü təmin edə bilməyib. Müdafiə və təhlükəsizlik qurumlarında da olan yüksək rütbəli zabitlər Paşinyanın hakimiyyətilə barışmaq istəmirlər. Nikol Paşinyanın prosesin qarşısını ala biləcək siyasi gücü yoxdur. Köçəryanın həbsdə saxlanması “Qarabağ klanı”nı olduqca narahat edən məsələlərdən biri idi. Paşinyan dəfələrlə Qarabağa səfər edib, oradakı mövqeyini gücləndirməyə çalışsa da, son hadisə göstərdi ki, o, belə dəstəkdən məhrumdur. Paşinyanın insanları meydana səsləməsi də effekt verən deyil. Erməni KİV-inin verdyi məlumata görə, onun çağırışına çox az adam reaksiya verib. Bununla sübut olunur ki, köhnə klan yavaş-yavaş təşəbbüsü ələ alır və Paşinyan üzərində ilk qələbəsini əldə etmiş oldu. Serj Sarkisyan, Robert Köçəryan, Bako Saakyan və Arkadi Qukasyanın bir cəbhədə birləşərək Paşinyana qarşı olmaları bəllidir. Bu mübarizənin vasitələrinin necə olacağı maraqlıdır. Bunu da yaxın günlərdə biz görəcəyik. Son bir ildə ciddi irəliləyişin olmadığını nəzərə alsaq, onda Paşinyanın xalq dəstəyini qazanacağı inandırıcı deyil”.
Məhəmmədəli QƏRİBLİ