26/05/2019 05:45
728 x 90

İraqda İranyönümlü “Haşdi Şabi” təşkilatı ABŞ əleyhinə 200 minlik ordunu hazır vəziyyətə gətirdi

img

ABŞ-ın Fars körfəzinə təyyarədaşıyan gəmi, nüvə raketi daşıyan bilən B-52 bombardman təyyarələrilə yanaşı 120 min əsgər göndərmək qərarından sonra bölgədə müharibə təhlükəsi getdikcə daha da artıb. Bununla yanaşı, ABŞ Suriya və İraqdakı İran dəstəkli hərbi qüvvələri də sıradan çıxarmağa çalışır. Belə görünür ki, son 30 ildə müharibə, işğal və terrordan əziyyət çəkən İraq ABŞ-İran münaqişəsində də əsas cəbhələrdən biri olacaq.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Suriyanın Deyrizor bölgəsində İran dəstəkli silahlıları daşıyan konvoyu bombalayıb. Bundan dərhal sonra da Başdaddakı vətəndaşlarını İraqı tərk etməyə çağırıb. İran isə İraqdakı "Haşdi Şabi" silahlı qruplaşmasına ABŞ hərbçilərinin olduğu yerlərə hücum üçün hazır olmaq təlimatı verib. Bütün bu hadisələr isə bölgədə vəziyyəti daha da gərginləşdirib.

Baş verənləri şərh edən iraqlı general Qalib Salih bunu "müharibə hazırlığı" kimi dəyərləndirib. General ABŞl-la İran arasında ilk qarşıdurmaların Suriya və İraqda yaşanacağını deyib.

"Haşdi Şabi" silahlı qruplaşmasının komandiri Rıdvan əl-Qanimi İraqda olan bütün ABŞ bazalarını vurmaq gücündə olduqlarını deyib. Başqa bir "Haşdi Şabi" generalı isə “müharibəyə hazır olun” təlimatı aldıqlarını deyib.

ABŞ-la müharibəyə hazır olduqlarını deyən "Haşdi Şabi" komandiri bunun üçün 130 min əsgərin hazır vəziyyətdə əmr gözlədiyini bildirib. “130 min əsgərimiz var. Bu say Suriya ilə birlikdə 200 min nəfərlik böyük bir güc deməkdir” – general deyib.

Suriya ordusundan ayrılaraq müxaliflərə qoşulan İmed Said isə ABŞ-ın əsas hədəfinin İrandan kənardakı güc mərkəzləri olacağını iddia edib. O, İraqda 9 hərbi bazası olan ABŞ-ın Suriyanın şimal və şərq bölgələrində 24 hərbi qərargah inşa etdiyini deyib. Said ABŞ-ın İrana qarşı Suriyada PKK-dan da istifadə edəcəyini iddia edib.

İranlı fəal Elyar Makuyi isə İranın Ahvaz, Kirmanşah, Təbriz və Kürdüstan bölgələrində 3 xüsusi təlim düşərgəsi qurduğunu, 20 mindən çox milisə təlim keçərək, İraq və Suriyaya göndərdiyini yazıb.

Bundan əvvəl ABŞ, fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün hökumət işçilərinə İraqı tərk etmək əmri verib. ABŞ-ın Bağdaddakı səfirliyinin yaydığı açıqlamada bunun həm səfirlik, həm də Ərbildəki konsulluq işçilərinə şamil edildiyi bildirilir. Səfirlik və konsulluqda normal viza xidmətləri də müvəqqəti dayandırılıb.

ABŞ dövlət katibi Mayk Pompeo isə İran dəstəkli silahlıların raketlərini İraqdakı ABŞ bazalarına yaxın bir yerdə yerləşdirdiyini bildirib. İraq rəsmilərinə səslənən Pompeo ABŞ bazalarını təhdid edən İrana bağlı qüvvələrin nəzarət altına alınmasına çağırıb.

ABŞ-ın ardından bəzi Avropa ölkələri də bənzər qərarlar qəbul edib. Almaniya Müdafiə Nazirliyi bölgədəki gərginliyin artmasına görə alman ordusunun İraqda təlim əməliyyatlarını dayandırdığını bəyan edib.

"Təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyinə dair bir işarə varmı" sualını cavablandıran Müdafiə Nazirliyinin mətbuat katibi Jens Flosdorf Qərbin İraqdakı maraqlarına qarşı təhlükələrin qaçılmaz olduğuna dair öz tərəfindən işarələrə malik olmadığını bəyan edib: "Bizdə belə bir məlumat yoxdur, konkret bir təhdid yoxdur. Orada vəziyyət ümumiyyətlə gərgin hesab olunur. Alman hədəflərinə qarşı konkret hücum xəbərdarlıqları yoxdur. Müttəfiqlərimiz və digər tərəfdaş ölkələrlə daim təmasdayıq".

Almaniyanın İraqın şimalındakı Taji şəhərində 60, kürdlərin olduğu bölgədə isə 100 əsgəri var.

Hollandiya da İraqda hərbi təlim əməliyyatlarını dayandırığını bildirib. Hollandiya hökuməti təlim əməliyyatlarının qeyri-spesifik təhlükə ilə əlaqədar olaraq dayandırıldığını bildirib.

Bu qərarlar ABŞ-ın son vaxtlar İraqa qonşu olan İran üzərində təzyiqləri artırdığı bir vaxtda yaşanır.

Bundan başqa, ABŞ Hərbi Komandanlığı (CENTCOM) İran dəstəkli qüvvələrdən gələ biləcək hücum kəşfiyyatına görə İraq və Suriyadakı mövqelərində təhlükəsizliyi ən yüksək səviyyəyə çatdırıb.

ABŞ-ın İraq, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistandakı konsulluqları da Amerika vətəndaşlarını “yüksək səviyyədə ayıqlıq” göstərməyə çağırıb.

Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədilə "USS Abraham Linkoln" təyyarə gəmisi ilə 4 nüvə tutumlu "B-52" bombardımançı təyyarəsini Fars körfəzinə göndərib.

Son xəbərlər