25/05/2019 19:44
728 x 90

Paşinyanın Brüsseldən Asiya dialoqu forumuna keçidi – “Şimal-Cənub” avtomagistralına Çini cəlb etmək daşa dirənib...

“Bunun üçün hazır logistik imkanların olduğu halda, niyə gedib Ermənistana maliyyə ayırmalıdır?”

img

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən tələsik Çinə yola düşüb. Erməni KİV-inin məlumatına görə, Paşinyanın Pekinə səfərinin məqsədi “Asiya sivilizasiyası dialoqu” adlı tədbirdə iştirakla bağlıdır. Əslində, dilənci vəziyyətinə düşmüş ölkə indi də Çindən özünə sərmayə cəlb etməyə çalışır. Təsadüfi deyil ki, bu xüsusda Paşinyan özlərinə aidiyyəti olmayan, lakin Çinin iştirak etdiyi proseslərdə yaxından maraqlı olduqlarını bəyan edir. Bu xüsusda “Bir kəmər, bir yol” layihəsinə maraq göstərdiklərini deyib.

Ancaq görünən budur ki, Ermənistan nisbətən blokadanı yarmaq üçün özünün ortaya atdığı  “Şimal-Cənub” avtomagistralı layihəsini reallaşdırmaqda maraqlıdır. Bir neçə ölkə ilə bu istiqamətdə işbirliyi qurmaq cəhdləri alınmayan Ermənistan indi də həmin işə Çini qoşmaq istəyir. Ermənistan KİV-i hətta belə məlumat yayır ki, guya Çin həmin layihəni maliyyələşdirməyə razılıq verib. Görünən budur ki, Paşinyan, nəyin bahasına olursa-olsun, Çini həmin layihəyə cəlb etmək istəyir. Hətta görüşdə az qala çinlilərlə ermənilərin eyni soykökə malik olduğuna dair fikirlər səsləndirib.

Ümumiyyətlə, Çinin İranın da yer alacağı “Şimal-Cənub” avtomobil yolunun tikintisinə maliyyə ayıracağını nə dərəcədə inandırıcı saymaq olar?

  • Elşən Mustafayev: “Çinin sözügedən layihəyə dəstək verəcəyi ilə bağlı yayılan xəbər ya erməni KİV-inin dezinformasiyasıdır, ya da...”

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistnaın “Şimal-Cənub” avtomobil yolu layihəsi uzun müddətdir qeyri-müəyyən vəziyyətdə qalıb: “Çünki heç kim üçün cəlbedici sayılmayan həmin layihəyə pul ayıran yoxdur. İran, Ermənistan, Gürcüstanı əhatə edəcək həmin layihə vasitəsilə Asiya ilə Avropanı birləşdirmək istəyirlər. Ermənistan uzun illərdir onu ərsəyə gətirməyə çalışsa da, ortada heç bir nəticə yoxdur. Onsuz da iqtisadi embarqo altında olan İranın belə yola ehtiyacı yoxdur. Gürcüstan tranzit ölkə kimi öz qazancını götürməkdə maraqlıdır. Yəni hazır layihəyə şərik olacaq. Ermənistan isə acından ölür. Məcburdurlar ki, kənardan kimisə tapsınlar. Paşinyan eşidib ki, Çin son vaxtlar Qafqaza investisiya yatırmaqda maraqlıdır. Buna görə də olmayan nəyi varsa, Çinə təklif edir. Ancaq fikir verdikdə məlum olur ki, Çin əsasən Qafqaz ölkəsi kimi Gürcüstan və Azərbaycanla daha yaxından iqtisadi əməkdaşlıqda maraqlıdır. Çox sürətli inkişaf etmiş və geniş iqtisadi potensiala malik olan Çinə mallarını dünya bazarına çıxarmaq lazımdır. Bunun üçün hazır logistik imkanların olduğu halda, niyə gedib Ermənistana maliyyə ayırmalıdır? Əgər geniş yükdaşıma  imkanlarına malik olan Bakı-Tiflis-Qars dəmir yolu layihəsi varsa, buna nə ehtiyac ola bilər? Bundan əlavə, İrandan çəkiləcək və daha böyük imkanlara malik “Şimal-Cənub” nəqliyyat dəhlizi ola-ola, niyə Ermənistanın heç bir perspektiv vəd etməyən layihəsinə pul ayırmaqda maraqlı olsunlar? Çin bilir ki, layihənin mənbəyi İrandan başlayacaq, bu yoldan istifadə ciddi problemlərə səbəb ola bilər. Hazırda ABŞ-ın təzyiqləri nəticəsində Çin İranla olan bir çox mühüm sahə üzrə əməkdaşlığa son qoyub. Bu baxımdan da Pekinin deyilən layihəyə ciddi maraq göstərəcəyi inandırıcı sayılmır. Çünki Ermənistan elə bir rentabelli ölkə deyil ki, ora qoyulan sərmayəni qaytara. Bu amil də Çini cəlb etməyəcək. Buna görə də Çinin sözügedən layihəyə dəstək verəcəyi ilə bağlı yayılan xəbər ya erməni KİV-inin dezinformasiyasıdır, ya da diplomatik görüşdə nəzakət xətrinə Çin tərəfindən səsləndirilən fikirdir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər