25/05/2019 19:59
728 x 90

Paşinyan Çin Prezidentinin "ətəyini buraxmır" - Azərbaycansız “Bir kəmər, bir yol”a qoşulmaq mümkündürmü…

“Ermənistanın “Bir kəmər, bir yol” layihəsində iştirak etməsinin hər hansı bir perspektivi yoxdur”

img

Ermənistanın Baş naziri Çinə etdiyi səfər çərçivəsində həmin ölkənin prezidenti ilə görüşüb. Görüşdə Ermənistan-Çin münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib. Bu müstəvidə Ermənistanın Baş naziri bildirib ki, ölkəsi Çinin üzvü olduğu layihələrdə yaxından iştirak etməkdə maraqlıdır.

Paşinyan deyib ki, ölkəsi xüsusilə də “Bir kəmər, bir yol” layihəsində yaxından iştirak etməyi planlaşdırır. Nə qədər maraqlı olsa da, erməni Baş nazir bu layihədə özlərinin dəmir yolu, avtomobil nəqliyyatı imkanları və digər kommunikasiya vasitələri ilə iştirakını nəzərdə tutduğunu deyib. Paşinyan, eyni zamanda, Ermənistanı dinamik şəkildə iqtisadi inkişaf edən ölkə kimi xarakterizə edib. Qeyd edilir ki, tərəflər bu istiqamətdə müzakirələri davam etdirməklə bağlı razılığa gəliblər.

Tamamilə blokada şəraitində olan ölkənin malik olduğu infrastruktur hər hansı layihədə iştiraka imkan vermir. Bu aydındır. Eyni zamanda, maraqlıdır, Azərbaycanın razılığı olmadan Ermənistan “Bir kəmər, bir yol” layihəsində necə iştirak edə bilər? Ümumiyyətlə, Azərbaycandan yan keçməklə həmin layihədə iştirak mümkündürmü?

  • Elşən Əliyev: “Nə qədər ki, işğala son qoymayıb, Ermənistan regiondakı bütün proseslərdən kənarda qalacaq”

İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Çin "Bir kəmər, bir yol” vasitəsilə Avrasiya və Afrika ölkələri, qədim İpək yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin və ticari-iqtisadi əməkdaşlığın inkişafını, malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasını təklif edir və bu layihənin inkişafında maraqlıdır: “Azərbaycan bu layihədə yaxından iştirak edir. Bunu şərtləndirən bir sıra amillər var. Onlardan birincisi əlverişli coğrafi mövqedə yerləşməyimizdir. İkincisi isə geniş logistik imkanlara sahib olmağımızdır. Yəni dəmir, dəniz, avtomobil yollarından tutmuş, ən müasir liman və portlaradək mövcud böyük və çevik nəqliyyat şəbəkəsi, yükdaşımanın təhlükəsiz marşrutu bizim “Bir kəmər, bir yol” üçün hazır imkanlara malik olduğumuzu şərtləndirir.

Pekində keçirilən ikinci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən ölkə başçıları sırasında İlham Əliyev də olub. Digər nüfuzlu qonaqların da iştirak etdiyi həmin toplantıda Ermənistanın Baş naziri gözə dəymədi.

Qeyd edək ki, 2017-ci ildə keçirilən ilk konfransda həmin dövrdə Ermənistanın dövlət başçısı  olan Serj Sarkisyan da iştirak etməmişdi. Ümumiyyətlə, S.Sarkisyan 2017-ci ildə keçirilən konfransda iştirak etməyən Avrasiya İttifaqının dövlət başçılarından yeganə prezident idi.

Ermənistan nə üçün Çinin təşəbbüsü ilə keçirilən konfranslarda iştirak etmir? Çünki həmin layihə ilə Ermənistanı heç nə bağlaya bilməz. Həmin konfransda müzakirə edilənlər Ermənistana aid olmayan məsələlərdir. Bir daha vurğulayım ki, “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsinə çevrilmək, prosesə dəstək vermək üçün kifayət qədər ciddi iqtisadi potensiala, həmçinin, böyük logistik mərkəzlərə malik olmalısan. Ermənistanın isə belə imkanları yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Ermənistan bölgədə həyata keçirilən bütün proseslərdən, layihələrdən kənarda qalıb. Əlbəttə, ölkəmizin bu istiqamətdə atdığı addımlar, faktiki olaraq, Ermənistanın bütün istiqamətlərdən yollarını bağlayıb. Azərbaycanın ərazisindən isə bir neçə nəqliyyat dəhlizi keçir və nəqliyyat dəhlizlərinin arasında əlaqə var. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi  mövqe imkan verir ki, Azərbaycnın ərazisi “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi fəaliyyət göstərsin”.

Ekspertin sözlərinə görə, Ermənistan son vaxtlar Azərbaycanın izi ilə hərəkət etməyə üstünlük verir: “Bizim uğurlarımızı qısqanan həmin ölkənin bizi təkrar etməsi mümkünsüzdür. Ermənistanın xüsusilə də “Bir kəmər, bir yol” layihəsində iştirak etməsinin hər hansı bir perspektivi yoxdur. Nə qədər ki, işğala son qoymayıb, Ermənistan regiondakı bütün proseslərdən kənarda qalacaq, hətta Çin kimi nəhəng bir dövlətin irəli sürdüyü beynəlxalq təşəbbüslərdə də iştirak etmək imkanı əldə edə bilməyəcək. Çünki Azərbaycanın beynəlxalq nüfuzu, eyni zamanda, Çinlə və “Bir kəmər, bir yol” layihəsində yer alan ölkələrlə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması Ermənistana bu imkanı tanımır. Azərbaycandan yan keçməklə isə bu prosesdə iştirak mümkünsüzdür. Onda gərək Çin iki mümkün yoldan birini seçsin. Təbii ki, Çin Azərbaycan kimi əvəzedilməz iqtisadi partnyoru nəyəsə dəyişən deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər