18/07/2019 05:26
728 x 90

Obyektiv dünya qüvvələri Azərbaycanda 29 may finalının uğurla keçəcəyini bilir, qərəzliləri və düşmənləri qorxudan nədir...

“Müəyyən qüvvələr Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları həzm edə bilmirlər”

img

Məlum olduğu kimi, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bütün dünyanın diqqəti ölkəmizə yönələcək. Ancaq görünən odur ki, Azərbaycanın bu böyük idman yarışına evsahibliyi etməsi, ümumiyyətlə, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir. Odur ki, onlar ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar.

Biz bundan əvvəlki illərdə də belə hallarla üzləşmişik. 2015-ci ildə keçirilən Birinci Avropa Oyunları, 2017-cı ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana qarşı belə qərəzli kampaniyalar oldu. İstədilər ki, bu tədbirləri gözdən salsınlar. Ancaq Azərbaycan həmin tədbirlərə, o cümlədən, “Formula-1” yarışlarına çox uğurla evsahibliyi etdi. Lakin Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər. Beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Halbuki, bu yöndə deyilənlərin heç bir əsası yoxdur. Azərbaycan kifayət qədər beynəlxalq tədbirin, xüsusilə də idman yarışlarının keçirildiyi bir ölkədir. İndiyədək keçirilən beynəlxalq idman tədbirlərinin uğurlu alınması faktdır. Belə olan halda, müəyyən qüvvələr növbəti idman tədbirinə Azərbaycanın evsahibliyi etməsindən niyə narahatdırlar?

  • Məhərrəm Zülfüqarlı: “O üzdən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, müəyyən qüvvələr Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları həzm edə bilmirlər: “O üzdən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu qüvvələr sifarişlə işləyirlər. Azərbaycan bundan əvvəlki beynəlxalq idman oyunlarına çox uğurla evsahibliyi edib. Bunu onlar da yaxşı bilirlər. Biz artıq bu cür hallara öyrəşmişik. Ölkəmizin güclənən mövqeyi, uğurları dostlarımızı sevindirir, düşmənlərimizi isə xar edir. Düşmənlərimiz Azərbaycanın uğurlarından narahatdırlar. Gözügötürməyən qüvvələr ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman öz şəbəkələrini işə salaraq qərəzli kampaniya aparırlar. Ancaq əminəm ki, Azərbaycan bu dəfə də uğurla sözügedən finala evsahibliyi edəcək. Necə ki, bundan əvvəlki idman tədbirlərinə evsahibliyi edib. Əminəm ki, bizim aidiyyəti qurumlarımız, həmişə olduğu kimi, bu dəfə də öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gələcəklər. Bu yarış da yüksək səviyyədə keçiriləcək. Azərbaycan idman ölkəsidir. UEFA Avropa Liqasının final oyunu da ən yüksək səviyyədə keçiriləcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər