İşğalçı Ermənistanda mövcud vəziyyətin təhlili burada hakimiyyətlə cəmiyyət arasında yenidən ciddi uçurumun yaranmaqda olduğunu göstərir. Çünki baş nazir Nikol Paşinyan ötən bir il ərzində ölkədə müsbətə doğru hansısa yenilik etməyi bacarmayıb.
Bəzi ekspertlər isə bu qənaətdədir ki, yaranmış vəziyyətdə baş nazir diqqəti daxili narazılıqlardan yayındırmaq üçün, əvvəlki hakimiyyətlərin etdiyi kimi, əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Cəbhədə atəşkəs hallarının yenidən intensiv şəkildə pozulması, Paşinyanın yenə separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsinin vaciblyini vurğulaması məhz bundan qaynaqlanır. Amma real vəziyyət budur ki, bütün bunlar da Paşinyanı iflasdan xilas edə bilmir.
Məhz belə bir vaxtda Ermənistan Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib. "Jamanak" qəzeti yazır ki, sorğuda növbəti antirekord qeydə alınıb: “Sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi azalmaqda davam edir. Bu dəfə yeni antirekord qeydə alınıb. Belə ki, Paşinyanı rəyi soruşulanlardan yalnız 34 faiz dəstəkləyir”. Qəzet xatırladıb ki, cəmi üç ay əvvəl keçirilən rəy sorğusunda Paşinyanın reytinqi indikindən 30 faiz çox - 64-65% civarında olub. Paşinyanın reytinqi cəmiyyətin bütün təbəqələrində və yaş qrupları arasında azalır. Bunun ümdə səbəblərindən biri isə sosial-iqtisadi sahədə yaranan problemlərdir. Erməni mediası belə vəziyyətdə diqqəti ona yönəldir ki, Paşinyanın hakimiyyətdə olduğu bir əl ərzində, yəni 2018-ci ilin aprelindən indiyə qədər Ermənistanda unun qiyməti 6,2, çörəyinki isə 5,3 faiz artıb. Bu ölkədə mal əti, digər məhsulların da qiyməti əhəmiyyətli dərəcədə artıb. Rəsmi rəqəmləri şərh edən iqtisadçı Suren Parsyan isə bahalaşma prosesinin davam edəcəyini deyib: "Un və çörəyin qiymətlərinin artması bu sahədə inhisarçılığın güclənməsi ilə bağlıdır. Digər tərəfdən, bu ölkənin buğdaya olan tələbatı da idxal hesabına təmin edilir. Hazırda Ermənistanda böyük taxıl qıtlığının olduğu bildirilir". Parsyan qeyd edib ki, Ermənistan hökuməti kənd təsərrüfatının inkişafı ilə ciddi məşğul olmur: "Ölkədə bu sahədə həyata keçirilən layihələr də çox risqlidir. Kənd Təsərrüfatı Nazirliyinin optimallaşdırılması adı altında onun ləğv olunaraq İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi üzrə həyata keçirilən tədbirlər də öz mənfi təsirini göstərir".
Digər ekspert Albert Mikaelyan isə "worldandwe.com" portalında dərc etdiyi yazıda problemin kökünün daha dərində olduğunu vurğulayır: "Getdikcə daha da aydın olur ki, Ermənistanın “inqilabi” baş naziri və onun iqtisadi müşavirlərinin təklif etdiyi tədbirlər məhvedici neoliberal reseptlər çərçivəsindən qırağa çıxmır. Bu, Ermənistandan baxarkən özəlliklə açıq görünür. Bir yandan, “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş şəxslər hər tində ölkənin keçmiş rəhbərliyinin gətirdiyi böhran haqda bağırmaqdan usanmır, o biri yandan, bundan çıxmaq üçün neoliberalizm iqtisadi məktəbinin ən ənənəvi reseptlərini təklif edirlər. Bu isə Ermənistanda əndazəni aşaraq xalqın tamamilə əsaslı qəzəbini doğuran önəmli sosial təbəqələşməyə gətirib.
Nikol Paşinyan, sadəcə, neoliberal iqitsadi ilgək olan belə bir yanaşmada Ermənistanın onsuz da yoxsul əhalisinin ödəməli olacağı xeyli xarici borca girməli olacaq. Bunun son olacağı isə artıq heç bir şübhə doğurmur. Çünki hökumət təxirəsalınmaz tədbir kimi proporsional gəlir vergisinin tətbiqini təklif edib. Yəni vergi yükü həm pinəçi, həm də dollar milyoneri üçün eyni olacaq: hamısı indi 23 faiz vergi ödəyəcək. Düzdür, tariflər yeni sistem daxil ediləndən beş il sonra 20 %-dək düşməlidir. Amma bunun belə olacağı faktlıqdan uzaqdır. Və özəlliklə əsla fakt deyil ki, ən yoxsullar da, Nikol Paşinyan hökumətinin özü də bu “xoşbəxt” çağa qədər “yaşayacaqlar”.
Əlbəttə, Ermənistan “neoliberalları” neoliberalizmə də ötəri bələddir, ənənə kimi sosial müavinətləri azaltmağı təklif edirlər, özü də bu tədbir işsiz qalanlara da toxunacaq. Və əlbəttə, “dövlət qulluqçularının sayının ifratcasına azaldılmasının gərəkliliyi” haqda neoliberal mövqe dərhal səslənir. Hökumətin fikrincə, bütün bu coşğun fəaliyyətin nəticəsi “Ermənistan iqtisadiyyatının canlanması, korrupsiyanın kökünün kəsilməsi və Ermənistan əhalisinin yaşayışının ümumi yaxşılaşması” olmalıdır. Amma şəxsən mənə elə gəlir ki, hər şeydən göründüyü üzrə, xarici erməni diasporlarını sayca önəmli artım gözləyir, çünki hər erməni belə neoliberal axtarışlara tab gətirə və qatlaşa bilməz.
Mən ehtimal edirəm ki, indiki hökumətin şüurundakı ikiləşmə, sadəcə, göz qabağındadır. Onun beyninin bir yarısı görür ki, ölkənin iqtisadi durumu pisləşir və nə etməli olduğunu bilmir. İkinci yarısı isə qaçılmaz iqtisadi çöküşdən və növbəti dəfə aldadılan əhalinin qəzəbindən qorxaraq nə praktikaya, nə də idarəçilik təcrübəsinə malik olmadan okeanın o tayındakı görkəmli olmaqdan uzaq xarici iqtisadçıların reseptlərindən saman çöpü kimi yapışır və ermənilərin gözünə kül üfürməyə başlayır.
Nikol Paşinyan hökumətinin iqtisadi iqtidarsızlığı gec, ya tez, təkcə ölkə içində deyil, həm də xarici siyasət arenasında iflasa gətirməlidir. Və ilk təşvişli siqnal artıq səslənib: Paşinyan və Əliyev arasında 2019-cu il martın 29-da Vyanada baş tutan danışıqları Azərbaycanda qeyd-şərtsiz qələbə kimi qəbul ediblər. Azərbaycan parlamentində hesab edirlər ki, İlham Əliyev Nikol Paşinyanı hərfi mənada diz çökməyə vadar edərək, onu “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanla razılaşmağa məcbur edib”. Yada salım ki, Paşinyan Dağlıq Qarabağın özünü saziş tərəfi kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb etməyi bir nömrəli vəzifə kimi hər tində car çəkirdi. Amma, necə deyərlər, “türkü çox səslənmədi”… Və Ermənistan baş nazirinin növbəti səs-küylü vədi adicə gəvəzəlik çıxdı. Və indi Ermənistan vətəndaşlarının xeyli hissəsinin gözündəki “məxməri örtük” düşməyə başladıqca hakimiyyət daha pis yollara düşür ki, bu qurumlarda mümkün qədər çox qalsın. Və budur, 2018-ci ilin sentyabrında Paşinyanın “Mənim addımım” partiyasından İrəvan meri olmuş Ayk Marutyan şəhərdə avtobusla gəzməyə başlayıb. Ola bilsin bu, ucuz populizm baxımından düzgündür də, amma çox görməyə və oturmağa macal tapacaqmı? Görünür, Paşinyanı və tərəfdarlarını düşündürən başlıca məsələ gerçək iş deyil, sadəcə, piar və mümkün qədər uzun müddətə öz imiclərini saxlamaqdır".
Bütün bunlar isə yaxın tezlikdə Ermənistanda vəziyyətin daha gərgin mərhələyə qədəm qoyacağını deməyə əsas verir.
Tahir TAĞIYEV