Məlumdur ki, dünyada öz aqressivlikləri və dava-dalaşları ilə ad çıxaran futbol fanatları sırasında ingilislər öndə gedir. Buna dünyada kimsə şübhə etmir. Hətta ingilislərin özləri bəzən bu “göstərici” ilə fəxr də edirlər. Maraqlıdır ki, mayın 29-da Bakıdakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı elə ən böyük səs-küyü də onların özləri qaldırıb.
Həmin tarixdə Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək. Özü də iki ingilis komandası -“Arsenal” və “Çelsi” arasında. Finalda yarışanların hər ikisinin ingilis klubları olması intriqaları daha da artırır. Nəticədə Bakıda keçiriləcək finala maraq olduqca böyükdür və gözlənir ki, minlərlə ingilis futbol fanatı da daxil olmaqla Avropadan çoxsaylı azarkeş bu futbol bayramını izləmək üçün Bakıya axışacaq. Ancaq təəssüflər olsun ki, elə məhz Böyük Britaniyanın rəsmi dairələri keçiriləcək bu idman tədbiri ilə bağlı Azərbaycanı ilk hədəfə alanlardan olublar. Onlar öz çılğın azarkeşlərini asayişi pozmamağa çağırmaq əvəzinə, Azərbaycanı qaralamaqla məşğul olurlar.
Britaniyalıların özləri də yaxşı bilirlər ki, kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar başqa ölkələrdə bir o qədər də arzuolunan qonaq deyillər. Buna baxmayaraq, Azərbaycan mayın 29-da asayişi, qonaqların və idmançıların təhlükəsizliyini ən yüksək səviyyədə təşkil etməyə hazırdır.
Bir az əvvəl qeyd etdik ki, ingilis futbol fanatları dünyanın ən çılğın azarkeşləri kimi tanınırlar. Bu onların getdikləri yerdən və ölkədən asılı olmayaraq belədir. Üstəlik, əgər komandaları qalib gəlibsə, artıq həmin gecə səhərə qədər asayiş keşikçilərinə yatmaq haramdır. Əyləncənin, içkinin dozasını o qədər qaçırırlar ki, rəqib komanda fanatlarına söz atmasalar, dava salmasalar, olmur sanki. Ancaq onlar Bakı təcrübəsini bir dəfə keçiblər və görüblər ki, bizim paytaxt xuliqanlıq üçün meydan sayıla bilməz. Hətta burada qalib gəldikləri matçda belə, ingilis fanatlar alkoqolu dava salmaq üçün yox, soyuq havadan qızışmaq üçün qəbul etmiş oldular. Söhbət “Çelsi”nin “Qarabağ”a qalib gəldiyi 4-0 hesabı ilə bitən oyundan gedir. Bəlkə də həmin azarkeşlər Londondan təyyarəyə minib Bakıya dava-dalaş salmaq, çılğınlıq etmək həvəsi ilə gəlmişdilər, ancaq, necə deyərlər, istəkləri ürəklərində qaldı.
Xırda bir araşdırma apardıqda məlum oldu ki, son illər ərzində ingilis futbol fanatları dünyanın müxtəlif ölkələrində misli görünməyən xuliqanlıq hərəkətləri edib, iğtişaşlar törədiblər. Çox yaxşı olardı ki, Britaniya XİN-i bizim kimi ev sahibi olan ölkəni qaralamaq əvəzinə, bir az da öz vətəndaşlarının “qəhrəmanlığı”ndan bəhs edərdi.
2006-cı ildə Dortmundda yerli “Borussiya” komandası ilə İngiltərənin “Tottenhem” klubu arasında keçirilən mövsümqabağı görüşdən sonra müxtəlif ölkələrdən olan 10 futbol azarkeşi saxlanıb. Alman və ingilis azarkeşləri şəhər barlarından birində qovğa salmış, nəticədə başından zədə alan ingilislərdən biri xəstəxanaya çatdırılıb. Dalaşmada təxminən 80 adam iştirak edib. Onlar toqquşma zamanı butulka, stul və skamyalardan istifadə ediblər. Xəstəxanaya düşən azarkeşdən savayı, qovğanın daha üç iştirakçısı zərər çəkib. Saxlanan 10 nəfərdən 7-si ingilis, 2-si alman, 1-i isə holland olub.
2016-cı ildə Fransada keçirilən Avropa çempionatına rus azarkeşlər ingilis azarkeşlərlə dalaşıblar. Toqquşmanın videosundan görünür ki, rusları dava salmağa ingilis fanatlar məcbur ediblər. Hər iki komandanın azarkeşləri Avropa çempionatının birinci turunda matçdan əvvəl Marseldə rastlaşıblar. İki ölkə azarkeşləri arasında baş verən toqquşmalarda bir ingilis öldürülüb.
Qeyd edək ki, İngiltərə-Rusiya arasında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb.
Elə həmin il İngiltərə Liqa Kubokunda "Mançester Yunayted"in əzəli rəqibi "Mançester Siti"ni məğlub etməsi Siti azarkeşlərini əsəbləşdirib. Onlar oturacaqları sökərək Yunayted tərəfə atıblar.
Son 6 oyunda uğursuz çıxış edən Qvardiolanın komandasına üsyan edən azarkeşlər "Old Trafford"un ayaqyolunu darmadağın ediblər.
Başqa bir fakt. AVRO-2016-ya evsahibliyi edən Fransada millilərinə dəstək verən ingilis və fransız azarkeşlər iğtişaşlar törədiblər. İngilis azarkeşlər Albaniya ilə matçdan qalib ayrılan fransız fanatlara qoşularaq qələbəni qeyd ediblər. Slovakiyanın Rusiyanı məğlub etdiyi matçın ardından küçələr savaş meydanına çevrilib. Polis fanat tərəfdarları dağıtmaqda çətinlik çəkib. 16 nəfərin yaralandığı, 36 fanatın saxlandığı iğtişaşın tödədicisi kimi ingilislər qeyd edilib.
2017-ci ildə Marsel polisi yerli sakinlərlə Britaniya futbol azarkeşləri arasında toqquşmanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Yerli KİV-in məlumatına əsasən, hadisə yerli vaxtla (Bakı vaxtilə saat 2.00) gecə yarısı baş verib. Davada iki yüzə yaxın azarkeş iştirak edib. Sonradan isə polislərin iki ingilisi həbs etdiyi məlum olub. Onlardan biri restoranlardan birinin işçisinə hücum edib, digəri isə "zor tətbiq etməklə iğtişaşlarda iştirakda" şübhəli bilinib. Dava nəticəsində iki britaniyalı fanat yaralar, dörd polis də xəsarət alıb.
2017-ci ildə isə ingilis fanatları rus jurnalist xanıma hücüm edib, ona xəsarət yetiriblər.
2018-ci ildə London "Arsenal"ının baş məşqçisi Unay Emeri futbol üzrə İngiltərə Premyer Liqasının XIX turunda "Brayton" komandası ilə oyun zamanı əsəblərini cilovlaya bilməyib.
Görüşün axırlarında ispaniyalı mütəxəssisin acığından zərbə endirdiyi su qabı tribunadakı azarkeşlərdən birinə dəyib. Bundan dərhal sonra 47 yaşlı mütəxəssis həmin fanata əl uzadaraq ondan üzr istəyib. Buna baxmayaraq, ingilis fanatlar iğtişaş törətməyə cəhd ediblər.
Bu hələ bizim ingilis fanatları ilə bağlı təqdim etdiyimiz qısa məlumatdır. Tarixin dərinliklərinə ekskurs etsək, daha biabırçı mənzərənin şahidi olarıq. Hətta ingilis klublarının azarkeşlərinə qırmızı vərəqənin göstərildiyinə kimi. Belə hallar da olub ki, ingilis fanatlarının xuliqanlığına görə onların klubları tam azarkeş dəstəyindən məhrum olunub, nəticədə baş stadionda oynamağa məcbur olublar. Hər halda, Britaniyanın rəsmi dairələri az da olsa bundan utanıb, Azərbaycan kimi stabil ölkəyə şər atmaqdan boyun qaçırmalıdırlar.
Məhəmmədəli QƏRİBLİ