ABŞ-ın İran təhdidinə qarşı bölgəyə hərbi qüvvə toplaması və təyyarə gəmisi göndərməsinə sərt reaksiya verən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava qüvvələri komandiri Əmir Əli Hacızadə ABŞ gəmisini vurmaqla təhdid edib.
Baki-xeber.com xəbər verir ki, ABŞ-ın bölgədəki bazaları və İranın raket sisteminə toxunan Hacızadə ABŞ-I hədələyib.
“ABŞ bölgədə elə bir mövqedədir ki, hərəkət etsə vuracağıq. ABŞ-ın, üzərində 40-50 təyyarə və 6 min əsgər daşıyan təyyarə gəmisi əvvəllər bizim üçün təhdid sayılırdı, ancaq indi hədəfdən başqa bir şey deyil” – SEPAH komandiri deyib.
General ABŞ gəmilərinin Fars körfəzində, İran torpaqlarına yaxın məsafədə hərəkət etdiyini deyib: “Əlimizdəki raketlərlə 300 km uzaqdakı hədəfi vura bilirik. Artıq bu məsafəni 700 km qədər yüksəldə bilmişik”.
Qeyd edək ki, ABŞ İranla gərginliyi əsas gətirərək “USS Abraham Lincoln” təyyarə gəmisini, “USS Arlington” amfibiya döyüş gəmisini və Patriot havadan müdafiə sistemini Orta Şərqə göndərib.
Bundan başqa ABŞ bölgəyə nüvə başlığı daşıya bilən B-52 strateji bombardmançıları da göndərib. Dörd nüvə təyyarəsi Qətərdə yerləşdirilib.