26/05/2019 06:15
728 x 90

İndi gəl “Twitter”in erməni əlində olmadığına inan - Qarabağın azərbaycanlı icmasının səsini boğmağın başqa nə adı ola bilər...

“Bu gün dünyanın hər bir yerində yaşayan azərbaycanlılar qurumun rəsmi “Twitter” səhifəsinin açılmasına nail olmaq üçün addımlar atmalıdırlar”

img

Məlum olduğu kimi “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı ermənilərin kütləvi şikayəti əsasında bağlanıb. Qurumdan bu barədə mətbuata daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı “Twitter” administrasiyası tərəfindən bağlanıb.

“Bununla bağlı tərəfimizdən “Twitter”ə rəsmi müraciət edilsə də, bu haqda icmaya hər hansı izahat verilməyib. Dünyanın tanınmış sosial şəbəkəsi tərəfindən icmanın rəsmi “Twitter” hesabının bloklanması ermənilərin Dağlıq Qarabağ azərbaycanlılarının haqq səsinə olan dözümsüzlüyünü göstərməklə yanaşı, “Twitter”in azad sözə və paylaşıma olan “münasibətinin” təzahürüdür.

“Twitter” əgər ermənilərin şikayətini qəbul edərək, 1 miliyondan çox soydaşımızın pozulmuş təbii hüquq və azadlıqlarını, o cümlədən, öz torpaqlarına geri dönmək və mülkiyyət hüquqlarını həyata keçirə bilməməsini görməzlikdən gəlirsə, müasir dünyada ikili standartların özünü bu şəkildə açıq büruzə verməsi yalnız təəssüf  hissi doğurur.

Yaxşı olardı ki, “Twitter” administrasiyası icmamızın rəsmi səhifəsini bağlamaq əvəzinə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşayışının yenidən bərpa edilməsinə çağırışlar edərdi" - deyə qurumun rəsmi bəyanatında bildirilir.

Qurumdan, həmçinin, bildirilib ki, icma sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icmanın @AzeCommunityNK hesabını dəstəkləməyə və icmanın rəsmi hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirməyə, “Twitter” administrasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırır: “Hesab edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin incisi olan Şuşanın işğal günündə bütün azərbaycanlılar erməni yalanlarına qarşı çıxış edərək birlikdə haqq səsimizi ucaltmaqdan çəkinməməliyik”.

  • Əli Orucov: “Ermənilər qurumun aktiv fəaliyyətindən qıcıqlandıqları üçün “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəsmi “Twitter” səhifəsinin bağlanmasına çalışıblar”

AMİP təmsilçisi, politoloq Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, hər kəs özünü Dağlıq Qarabağın azərbaycanlı icmasının bir üzvü hesab etməlidir və ermənilərin həyata keçirdikləri təxribatın aradan qaldırılmasına çalışmalıdır. Ermənilərin bizə qarşı düşmənçilik mövqelərini davam etdirdiyini deyən Ə.Orucovun sözlərinə görə, onlar bir toplum olaraq azərbaycanlılarla birgə yaşayışı istəmirlər. Son dövrlər “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın aktiv fəaliyyətinin, bu istiqamətdə bir sıra uğurlu addımlar atdığının şahidi olduğumuzu deyən Ə.Orucovun sözlərinə görə, bu da erməniləri ciddi narahat edir və onlar Azərbaycanın beynəlxalq ictimaiyyətə açılmasını istəmirlər. “Onlar istəmirlər ki, Azərbaycan beynəlxalq ictimaiyyətə açılsın və onların bütün çirkin niyyətlərini daha geniş şəkildə ifşa etsin. Ona görə də bizə qarşı təxribat törədirlər. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın “Twitter” səhifəsinin ermənilərin şikayəti əsasında qapadılmasını birmənalı olaraq pisləyirik. Əvvəllər “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın çox passiv mövqe tutduğunu görürdük. Hətta bu qurum tərəfindən hadisələrin düzgün qiymətləndirilməməsinin şahidi olurduq. Ancaq icmanın yeni rəhbərliyinin fəaliyyəti nəticəsində bu passivlik aradan qaldırıldı. İndi bu qurum aktiv fəaliyyət göstərir. Şübhəsiz ki, bu da erməniləri narahat edir. “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün müxtəlif səylər göstərir. Ermənilər qurumun aktiv fəaliyyətindən qıcıqlandıqları üçün onun rəsmi “Twitter” səhifəsinin bağlanmasına çalışıblar. Biz bunu qəbul etmirik və pisləyirik. Hesab edirəm ki, bu gün dünyanın hər bir yerində yaşayan azərbaycanlılar özlərini “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın bir üzvü saymalı və öz aktiv fəaliyyətləri ilə qurumun rəsmi “Twitter” səhifəsinin açılmasına nail olmaq üçün addımlar atmalıdırlar. Bu məsələdə hər birimizin səyi olmalıdır. Ermənilərin təxribatçı hərəkətlərinin qarşısını almaq üçün hərəkətə keçməliyik. Biz o addımları hansı yollarla atmağı düşünməliyik. Düzdür, son illər Azərbaycan təbliğat müharibəsində xeyli irəliləyiş əldə edib. Burada da xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Leyla Əliyevanın əməyini qiymətləndirmək lazımdır. Amma bu kifayət etmir. Biz gücümüzü daha çox bu istiqamətdə səfərbər etməliyik ki, istəyimizə nail ola bilək” - deyə Ə.Orucov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər