“Əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirsə, xalq oranı inqilab ocağına çevirəcək”. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib. Onun fikrincə, mətbuatda bu barədə tez-tez yazırlar: “Mətbuatda tez-tez yazırlar ki, bəzi qüvvələr Qarabağı əksinqilab ocağına çevirmək istəyirlər. Qarabağa son səfərim haqda təəssüratları bölüşmək istəyirəm: əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirməyə cəhd edərsə, xalq oranı inqilab ocağına çevirəcək”.
Qeyd edək ki, mayın 8-də Paşinyan keçirdiyi uzun-uzadı mətbuat konfransında Qarabağın işğalına başçılıq edənləri - Ermənistanda 20 il hakimiyyətdə olan “Qarabağ klanı”nı kəskin tənqid edib. Onları anbardan taxıl oğurlayan siçovullar adlandırıb və bildirib ki, belələrinin Qarabağ məsələsini həll etmək haqqı yoxdur. Çünki orduda əsgərlər alt paltarı tapmayanda onlar özləri və ailələri milyonçulara çevrilmişdilər.
Bundan başqa, separatçı qurum təmsilçiləri Paşinyana məktub ünvanlayıb xahiş ediblər ki, həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Şuşada keçirilən tədbirlərdə iştirakına icazə versin. O isə buna sərt reaksiya verərək demişdi ki, bizim daxili işimizə qarışmayın. Bütün bunlar Paşinyanla Dağlıq Qarabağdakı separatçı qurum arasında olan ziddiyyətlərin əyani göstəricisidir. Düzdür, zatən, bu ziddiyyətlərin olması yeni deyil. Ancaq baş verənlər artıq bu ziddiyyətlərin açıq müstəviyə keçməsindən xəbər verir. Paşinyan məlum açıqlaması ilə bunu, bir növ, etiraf etdi. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
Fikrət Sadıqov: “Dağlıq Qarabağdakı separatçılarla Ermənistan rəhbərliyi arasında uçurum böyüyür”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistan Baş nazirinin məlum açıqlaması Paşinyanla Qarabağdakı separatçı qurum arasında uçurumun dərinləşməsindən xəbər verir: “Hiss olunur ki, Dağlıq Qarabağdakı separatçılarla Ermənistan rəhbərliyi arasında uçurum böyüyür. Bu da təsadüfi deyil. Ona görə ki, başda Paşinyan olmaqla indiki hakimiyyət “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırıb, onların bəzilərini həbs edib. Hələ də Köçəryanı həbsdə saxlayır. Bir ara Paşinyan öz reytinqini qaldırmaq üçün istədi ki, separatçıları danışıqlara qoşsun. Ancaq bu alınmadı. Çünki Azərbaycan buna imkan vermədi, beynəlxalq qurumlar bunu dəstəkləmədilər. Görünən odur ki, tərəflər arasında uçurum daha da böyüyür. Reallıq ondan ibarətdir ki, Paşinyanla Dağlıq Qarabağ separatçıları arasında qarşıdurma açıq müstəviyə keçmək üzrədir. Qarabağ separatçıları bir tərəfdən başa düşürlər ki, onlar İrəvandan asılıdırlar. Çünki onlar elə bir vəziyyətdədirlər ki, Ermənistanın yardımı olmasa duruş gətirə bilməzlər. Ancaq başqa bir tərəfdən, ziddiyyətlər o həddə gəlib çatıb ki, separatçılar Paşinyana qarşı nifrətlərini saxlaya bilmirlər. Çünki gah bəyanatlar verirlər, gah da Köçəryanın həbsdən azad olunması ilə bağlı çağırışlar edirlər. Hesab edirəm ki, bütün bunlar yaşanan qarşıdurmanın etirafıdır. Ən başlıcası isə, qarşıdurmalar artıq açıq müstəviyə keçir. Tərəflər arasında siyasi qarşıdurmanın bundan sonra daha da güclənəcəyi gözlənir. Bütün bunlar Ermənistandakı siyasi mənzərəyə də öz təsirini göstərəcək. Ona görə də qarşıdurma artacaq. Son vaxtlar Paşinyana yönəlik tənqidlərin artması bütün bunların təzahürüdür”.
Vidadi ORDAHALLI