Ermənistanın müdafiə naziri David Tonoyan son açıqlamasında bildirib ki, Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir.
Jurnalistlər David Tonoyandan Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib: “Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”.
Jurnalistlər nazirdən soruşublar: hamını hamıya dəyişdirmək olarmı? Tonoyan isə deyib: “Hazırda mən bu haqda danışa bilmərəm”.
Qeyd edək ki, Tonoyan həm də hər iki tərəfdə olan girovların sayı ilə də bağlı bir qədər müəmmalı danışıb. O, Ermənistanda olan girovlarla qondarma qurumdan olan girovları fərqli şəkildə təqdim etməyə çalışıb. Həmçinin, Azərbaycanda saxlanan əsirlərin də fərqli “ölkəni” təmsil etdikləri rəyini formalaşdırmağa uğursuz cəhd edib.
Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.
Qeyd edək ki, tərəflər arasında aparılan Vyana və Moskva görüşlərinin tələblərində də humanitar tədbirlərin görülməsi kimi girovlarla bağlı məsələ xüsusilə qoyulur. Həmçinin, bu yaxınlarda Rusiya XİN rəhbəri Lavrov da girovların Azərbaycanın dediyi şərtə uyğun dəyişdirilməsinin zəruriliyini ortaya qoydu. Ancaq hiss edilir ki, Tonoyan yenidən bu mövzudan yayınmaq yolunu tutur. Erməni nazirin bu cəhdini necə dəyərləndirmək olar?
Əhməd Şahidov: “İnanıram ki, yaxın vaxtlarda proses bizim istədiyimiz formada baş tutacaq”
Azərbaycanlı Əsir və Girovlarla Bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, Tonoyanın bu açıqlaması heç də onun Vyana və Moskva görüşündə əldə olunan nəticələrdən imtinası kimi dəyərləndirilə bilməz: “Mən burada bir qədər tərəddüd görürəm. Çünki bilirsiniz ki, Ermənistan cəmiyyəti hazırda ikiyə bölünmüş vəziyyətdədir. Oradakı gərginliyi nəzərə alan rəsmilər bəyanatlarında bir qədər pərdəli danışırlar. Əksinə, mən hesab edirəm ki, Lavrovun açıqlamasından sonra onlar prosesə hazırlıq görən təsirini bağışlayırlar. Son bir ay müddətində biz Ermənistanın mövqeyində bir qədər yenilik hiss edirik. Bu da onu deməyə əsas verir ki, Vyana və Moskva görüşlərinin, eləcə də Lavrovun bəyanatının Ermənistanın mövqeyinə təsiri olub. Lavrovun açıqlamasından hələ 10 gün keçib. Bu qısa müddətdir. Hesab edirəm ki, bu qədər ümidsiz olmağa dəyməz. Biz prosesin içində olan şəxslər kimi məsələdə heç də ümidsiz deyilik. Əksinə, hesab edirik ki, bu məsələdə Azərbaycanın iradəsi qalib gəlib. İnanıram ki, yaxın vaxtlarda proses bizim istədiyimiz formada baş tutacaq. Bilirsiniz niyə bir qədər uzun çəkir? Çünki qarşı tərəf də öz cəmiyyətini psixoloji cəhətdən hazırlamalıdır. Onlarda bu istiqamətdə vəziyyət daha həssasdır. Növbəti mərhələdə Ermənistan əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə razı olacaq. Ötən il onlar bu mövzuda danışmağa belə həvəsli deyildilər. Düşünürəm ki, yay aylarında Azərbaycanın təklifi üzrə əsir və girovların dəyişdirilməsi baş tutacaq. Çünki həmin əsir və girovların doğmaları Ermənistan rəhbərliyi qarşısında ciddi tələb qoyurlar. Ermənistanın bu addımı atmaqdan başqa çarəsi qalmayıb”.
Məhəmmədəli QƏRİBLİ