Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam oldu.
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də “Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan”, - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.
Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında da iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident və ailə üzvləri ərazidə ağac əkiblər.
Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə ümumilikdə 3250 ağac əkilib.