Donald Tramp administrasiyasındakı "şahin" qrupu, İranın bölgədəki bəzi Amerika qüvvələrinə hücum hazırlığında olduğuna dair kəşfiyyat məlumatını şişirdərək bölgəyə təyyarə gəmisi və bomba hədəf qrupu göndərilməsinə nail olub.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Daily Beast” saytı məlumat yayıb.
Sayt, ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən, Milli təhlükəsizlik müşaviri Con Boltonun rəhbərlik etdiyi Ağ Evdəki "şahin" qrupun bəzi üzvlərinin, İranla bağlı bir kəşfiyyatı daha böyük bir təhdid kimi təqdim edərək, bölgəyə təyyarə gəmisi göndərilməsində əhəmiyyətli rol oynadıqlarını iddia edir.
Adı açıqlanmayan mənbə, sözügedən kəşfiyyatın doğru olduğunu, ancaq rəhbərliyin bu kəşfiyyata çox sərt reaksiya verərək bölgəyə təyyarə gəmisi göndərdiyini ifadə edib.
Başqa bir rəsmi şəxs isə, sözügedən kəşfiyyatda, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin, İraqdakı İrana bağlı silahlı qüvvələrə Amerika hərbçilərinə hücum etmək barədə təlimat verdiyinin bildirildiyini deyib.
Qeyd edək ki, ABŞ bir neçə gün əvvəl “USS Abraham Lincoln” təyyarə gəmisini və aviasiya zərbə qrupunu Orta Şərqə göndərib.