Yaxın Şərq gərginliyi bitmək bilmir. İllərdir davam edən İsrail-Fələstin qarşıdırması səngimir. Zaman-zaman tərəflər arasında gərginlik alovlanır. Zaman keçdikcə, vəziyyət daha da gərginləşir. Qanlı döyüşlərə səbəb olan İsrail-Fələstin münaqişəsi bir neçə gün öncə daha da alovlanıb.
Fələstin-İsrail münaqişəsinin yeni dalğasında, dörd gün ərzində baş verən toqquşmalarda 23 fələstinli və dörd israilli həlak olub. İsrail hərbi komandanlığının məlumatına görə, şənbə günündən bəri İsrail ərazisinə 600-dan çox raket atılıb. İsrail qüvvələri buna cavab olaraq 320 hədəfə zərbələr endiriblər. Son günlər tərəflər arasında yaşanan qarşıdurmaların miqyasının daha da genişlənə biləcəyi barədə fikirlər var.
O da məlumdur ki, Azərbaycanın iki tərəflə yaxşı münasibətləri var. Bu gün Azərbaycanla İsrail dövləti arasında ikitərəfli münasibətlər bütün sahələrdə yüksək səviyyədədir. O cümlədən, Azərbaycanın Fələstin Muxtariyyəti ilə də münasibətləri yaxşı səviyyədədir. Azərbaycan Fələstin Muxtariyyətinin bütün hüquqlarını beynəlxalq çərçivədə tanıyır. Müxtəlif vaxtlarda Fələstinə edilən humanitar yardımlarda yer alıb. Ən başlıcası isə Azərbaycanın iki tərəf arasında yaşanan münaqişədə hansısa marağı yoxdur. Bununla əlaqədər tərəflərin birinin maraqlarından çıxış etmir. Sözügedən parametrlərdən yanaşsaq, Azərbaycanın iki tərəf arasında sülh dialoqu üçün vasitəçi olması hansı effekti verə bilər?
Fikrət Sadıqov: “Gərək hər iki tərəf vasitəçiliklə bağlı bizə müraciət etsin”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, prinsipcə, Azərbaycanın vasitəçilik missiyası ilə çıxış etməsi müsbət effekt verə bilər: “Əvvəla İsrail-Fələstin münaqişəsi “soyuq müharibə” başlayandan yaranıb. Bu münaqişə kifayət qədər mürəkkəbdir. Bununla belə, Azərbaycan istər İsraillə, istərsə də Fələstinlə normal münasibətlərə malikdir. Biz İsraillə əməkdaşlıq edirik. İki ölkə arasında münasibətlər strateji partnyorluq səviyyəsindədir. Azərbaycan Fələstinin də maraqlarını nəzərə alır və heç vaxt bunu gizlətməyib. Nəinki gizlətməyib, hətta Türkiyədə Qüds şəhəri ilə bağlı konfrans keçiriləndə Azərbaycanın dövlət başçısı ora gedərək öz mövqeyini bildirdi. Biz, demək olar ki, sözügedən məsələ ilə bağlı Fələstinin yanında olduq. Ancaq bu heç də o demək deyil ki, biz İsraillə münasibətləri pozmağa hazırıq. Əlbəttə ki, biz İsraillə Fələstin arasında effektiv vasitəçi ola bilərik. O mənada vasitəçilik ki, tərəflər arasında atəşkəs elan olunsun, qan tökülməsin, insanlar xəsarət almasınlar. Ancaq İsrail-Fələstin münaqişəsi o qədər ciddi münaqişədir ki, bunu yatırtmaq çox çətin olacaq. Bizim xarici siyasətimiz milli maraqlara söykənən siyasətdir. Biz bu siyasətdən irəli gələn vəzifələri yerinə yetirərək nəyəsə nail ola bilərik. Tərəflər arasında gərginliyin aşağı salınmasına yardım edə bilərik. Ancaq burada bir şərt var. O da ondan ibarətdir ki, gərək hər iki tərəf vasitəçiliklə bağlı bizə müraciət etsin. Eyni zamanda, hər iki tərəf bizə etibar etməlidir və bunu bizdən xahiş etməlidir. O zaman biz peşəkarlıqla tərəflər arasında vasitəçilik edə bilərik”.
Vidadi ORDAHALLI